Elil

Əngəlləri aşdılar, cəmiyyətin stiqmasını yox – PROBLEM

Baxış sayı: 358

Beynəlxalq təsnifata görə əlillik, insanın həyat fəaliyyətinin səviyyəsini və sağlamlığının məhdudlaşmasını bildirən ümumi bir termindir. İnsan bədəninin və ya bədən strukturunun fəaliyyətində problem yaradan pozuntular müəyyən hərəkətlərin icrasını məhdudlaşdırır. Həyat fəaliyyətinin məhdudlaşması dedikdə, insanın bəzi hadisə və vəziyyətlərdə iştirakının məhdud olması anlaşılır. Sağlamlıq imkanları məhdud olan uşaqlar, öz həmyaşıdları ilə müqayisədə inkişaflarında geriqalma və ya hərəkət, qavrama kimi başqa funksiyaların pozulması aşkar olunan uşaqlardır. Onların daha çox sosiallaşmağa, ünsiyyətə ehtiyacı var.

Lakin ətrafımızda çox rastlaşmışıq, fiziki məhdudiyyətli adam görən kimi əksəriyyət qulağını çəkir, “Allah uzaq eləsin” deyir və üstəlik, onun bu davranışını o məhdudiyyətli insan görür. Halbuki fiziki qüsurlu insanların mərhəmətə yox, ilıq bir təbəssümə, sevgiyə, anlayışa ehtiyacı var. Bu cür neqativ münasibətlərə görə onlar evdən bayıra çıxmırlar. Çünki bayıra çıxan kimi onu barmaqla göstərirlər.

Bəzən cəmiyyət öz zövqünü başqalarının həyatından üstün tutur – biri bayırda əlil insan görmək istəmirsə, o əlil evə qapanmalı, həyatını 4 divar arasında keçirməli, bəzən intihar etməli olur. Niyə? Çünki onun doğulduğu cəmiyyət hələ ibtidai düşüncədən ayrılmayıb. İnsanlar bilmirlər ki, onların qınağı, stiqması üzündən bir yox, yüzlərlə fiziki qüsurlu insan ev həbsinə məhkum olur.

Digər bir problem də onların bayırda rahat hərəkətinin tənzimlənməməsidir ki, əlil arabaların keçidi üçün xüsusi panduslar çox azdır. Əgər fiziki qüsuru olan adam bir ticarət mərkəzinə, instituta, metroya, kitabxanaya girmək istəsə, bunu tək bacarmayacaq, çünki keçid üçün pandus qoyulmayıb. Səkilər işğal edilərək alver dükanlarına, avtomobilyuma məntəqələrinə çevrilib, piyadaların keçməsi üçün nəzərdə tutulan keçidlərə isə düşmək iki ayağı olan üçün də çətindir, o ki qaldı fiziki problemi olan insan ola.

Əslində, əlilliyi olan şəxslərin hüquqlarının qorunması ölkəmizdə aparılan sosial siyasətin əsas istiqamətlərindən biridir. Prezident İlham Əliyevin sosial müdafiə sahəsinə, həssas qruplara xüsusi diqqət və qayğısı əlilliyi olan şəxslərin də sosial təminatı, onların tibbi-sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində tədbirlərin ildən-ilə güclənməsinə imkan verib.

Azərbaycan 2006-cı ildə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” BMT-nin Konvensiyasına qoşulub və ölkəmizdə Konvensiyadan irəli gələn öhdəliklər uğurla yerinə yetirilir. 31 may 2018-ci ildə qəbul olunan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edir.

Beləliklə, ölkəmizdə fiziki imkanları məhdud uşaqların hüquqları “Uşaq hüquqları haqqında” Konvensiya, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu, “Əlillərin hüquqları haqqında” Konvensiya, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qorunur.

Bu sahədə qüvvədə olan qanunvericilik, əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri tənzimləyir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslər əlilliyə görə əmək pensiyası və ya aylıq sosial müavinətlə, eləcə də 18 yaşadək əlilliyi müəyyən edilmiş şəxslər aylıq müavinətlə təmin edilir. Müharibə ilə əlaqədar, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslər həmin pensiya və ya aylıq sosial müavinətlə yanaşı, Prezidentin aylıq təqaüdü ilə təmin olunurlar. Həmçinin, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə, onlara, həmçinin, əlilliyi müəyyən edilmiş uşaqlara qulluq edənlərə Prezidentin aylıq təqaüdü verilir.

Əlillərin həyatına normal davam edə bilməsi üçün dövlət tərəfindən reabilitasiya xidmətləri göstərilir. Reabilitasiya artıq itirilmiş funksiyaların bərpasıdır. ÜST-nin tərifinə görə, reabilitasiya – fərdin maksimal mümkün olan səviyyədə fəaliyyətə uyğunlaşdırılması üçün tibbi, sosial, təhsil və əmək tədbirlərinin kompleks şəkildə məqsədyönlü istifadəsidir. “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə, sosial reabilitasiya, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların həyat səviyyəsinin yaxşılaşdırılmasını, onlara cəmiyyətin həyatında iştirak etmək üçün digər vətəndaşlarla bərabər imkanlar yaradılmasını təmin edən tədbirlər sistemidir.

Hazırda ölkəmizdə Şağan Reabilitasiya Pansionatı, Mərdəkan Reabilitasiya Pansionatı, Bakı Reabilitasiya Mərkəzi,1 nömrəli Uşaq Reabilitasiya Mərkəzi, Respublika Reabilitasiya Mərkəzi, Qəbələ Uşaq Reabilitasiya Mərkəzi, Naftalan, Sumqayıt, Şəki, Şirvan, Xaçmaz, Lənkəran, Yevlax Reabilitasiya Mərkəzləri, 2 nömrəli Uşaq Reabilitasiya Mərkəzi, Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi fəaliyyət göstərir.

Əlilliyi olan şəxs və ya qanuni nümayəndəsi əlilliyi olan şəxsin yaşadığı ərazi üzrə tək şəxsiyyət vəsiqəsi ilə Tibbi Sosial Ekspertiza Kommisiyalarına müraciət edərək yataq fondunun doluluq vəziyyətinə əsasən reabilitasiya üçün istədiyi tarixə rezervasiya formalaşdırır. Bunun üçün yalnız əlilli olan şəxsin şəxsiyyət vəsiqəsi tələb olunur.

Əlilliyin aradan qaldırılmasına və ya kompensasiyasına yönəldilmiş tibbi, psixoloji, pedaqoji, idman, sosial-iqtisadi və digər tədbirlər sistemi vasitəsilə əlilliyi olan şəxslərin müstəqilliyinin, fiziki, əqli, məişət, sosial və peşə-əmək qabiliyyətinin tamamilə və ya qismən bərpası üçün reabilitasiya aparılır, həmçinin orqanizmin anadangəlmə, yaxud xəstəlik və ya zədə nəticəsində sonradan pozulmuş funksiyalarının bərpasına və kompensasiyasına yönəldilmiş tibbi tədbirlər sistemi kimi tibbi reabilitasiya aparılır. Reabilitasiya dəri üzərindən soyuq-isti tətbiqi, dərin qızdırıcılar, elektroterapiya, ultrasəs terapiya, laborator xidmətlər, stimulasiya müalicəsi, hidroterapiya, masaj, MBT kimi müxtəlif üsullarla tətbiq edilir.

Sosial-psixoloji reabilitasiya çərçivəsində göstərilən xidmətlər siyahısına psixoloji diaqnostika, psixoloji xidmətlər, konsultasiya, korreksiya, psixoterapiya, psixoloji treninq, qrup terapiyası, loqopedik müayinə və korreksiya, sosial-pedaqoji fəaliyyət, sosial-psixoloji maarifləndirmə və profilaktika, əmək terapiyası, erqoterapiya, mədəni-kütləvi tədbirlər daxildir.

Məlumat üçün qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2023-cü ilin yanvar-avqust ayları ərzində 34,1 min şəxsə əlillik təyin edilib. Onlardan 16,8 mininə ilkin, 17,3 mininə təkrar əlillik təyinatı aparılıb. Əlilliyin qiymətləndirilməsi elektron sistem vasitəsilə, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumat əsasında həyata keçirilir. Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir. Bu ilin 8 ayında agentliyin reabilitasiya mərkəzləri tərəfindən 49,1 min şəxsə reabilitasiya xidmətləri göstərilib.

 

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir