karantin

Əlvida ofis və ya mənə əlavə pul ödəyin, evdən işləyim

Baxış sayı: 762
Dünya dəyişir və çevik iş qrafiki, məsafədən iş bir çox ölkələrdə getdikcə populyarlaşır. Bu, son nəticədə həm  işəgötürən üçün, həm də tıxacda hər gün boş vaxtını itirən işçi üçün əlverişlidir.İşəgötürənlərimiz ümumiyyətlə, köhnə üsulla işləməyə üstünlük verirlər ki, işçi, hətta onun iştirakı heç də zəruri olmayan vaxtlarda belə, bütün günü işdə olsun. Amma getdikcə distant məşğulluq populyarlaşır.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nümayəndələrinin Amerika Ticarət Palatasının (AmCham Azərbaycan) üzvləri ilə bu yaxınlarda keçirilən görüşündə Palatanın bir sıra təkliflərinə, o cümlədən yaşayış yeri üzrə və distant iş üzrə, habelə əmək münasibətlərinin hüquqi tənzimlənməsinə dair təkliflərlə əlaqəli əmək funksiyalarının yerinə yetirilməsi ilə bağlı qanunvericiliyə dəyişikliklərə baxılıb. Əmək Məcəlləsinə dəyişikliklərlə bağlı yeni qanun layihəsində elektron, proqram təminatı, texniki vasitələr, telekommunikasiya vasitələri ilə “məsafədən iş”, işəgötürənin olduğu yerdən kənarda əmək funksiyalarının yerinə yetirilməsi nəzərdə tutulur.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov deyir ki, bunu həyata keçirmək üçün indi də işəgötürənlərə heç nə mane olmur, heç kim uzaqdan məşğulluğu qadağan etmir: “Niyə distant iş inkişaf etmiş ölkələrdə getdikcə populyarlaşır? Təbii ki, indi bu, həm də koronavirus pandemiyası ilə əlaqədardır, lakin ümumiyyətlə, işəgötürənin ofis, elektrik enerjisi və s. pullarına qənaət edir. Elə işlər var ki, onları uzaqdan görmək mümkün deyil, lakin bəzi hallarda məsafədən işləmək mümkündür. Məsələn, alimlər niyə hər gün işə gəlməlidirlər? Bu fəaliyyət uzaqdan da həyata keçirilə bilər”.

“Distant işə keçid işçi ilə işəgötürən arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Bir işçi öz avadanlıqlarından, alətlərindən istifadə edirsə, işəgötürən bunun ödənişini edə bilər. Yaxud işəgötürən məsafədən işləmək üçün vəsait ayıra bilər və onlara görə işçinin tam məsuliyyəti haqqında müqavilə bağlanacaq”, – deyə həmsöhbətimiz bildirir.

Bununla yanaşı, distant işin qanunvericiliklə tənzimlənməsinə hərtərəfli yanaşmaq lazımdır. Beləliklə, bir iş yerində işləyən işçi istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri haqqında qanunun mühafizəsi altına düşür. Bu prosesi distant iş zamanı necə tənzimləmək olar? Bu sual açıq qalır. İşəgötürən evdən işləyən birinin təhlükəsizliyini necə təmin edə bilər? Və, məsələn, distant iş üçün vaxta əsaslanan ödəniş necə həyata keçiriləcək? Ola bilsin ki, insan vaxtının bir hissəsini evdə yatıb, işləməyib. Bu baxımdan ofisdə işi tənzimləmək daha asandır.

Məmmədovun fikrincə, Əmək Məcəlləsinin bir neçə bəndinə dəyişiklik edilməsi problemi həll etməyəcək: “Daha çox yeni Əmək Məcəlləsinə ehtiyac var. Məsafədən işləməkdən əlavə, hazırda onun tərəfindən tənzimlənməyən digər iş növləri də var. Bizim 23 il əvvəl qəbul olunmuş Əmək Məcəlləmizdə indiki məsələlərin 80%-ə yaxını tənzimlənmir. 23 il ərzində əsaslı dəyişikliklər, iqtisadi islahatlar və s. baş verib. Bu məcəlləyə vaxtaşırı əlavə və dəyişikliklər edilir, lakin bu, kifayət deyil”.

“Xidmət-iş” Həmkarlar İttifaqı Federasiyasının vitse-prezidenti Cəmaləddin İsmayılov söyləyir ki, bəzi işəgötürənlər distant işin üstünlüklərinin olduğunu başa düşüblər: “İşləmək üçün yalnız kompüterə ehtiyacı olan şəxs evdən, kafedən və əslində istənilən yerdən işləyə bilər. Əvvəla, uzaqdan işləmək əlilliyi olan insanlar üçün əlverişlidir”.

“Amma müəssisənin fəaliyyətinə aid olan işlər var və burada məsafədən işləmək həmişə mümkün olmur. Çox vaxt nəyisə dəqiqləşdirməli, öyrənməlisən və bunu yerində etmək işçilərə və rəhbərliyə zəng etməkdən daha asandır. Hər şey işin xarakterindən asılıdır. Distant iş forması müəyyən dərəcədə insanı assossativ edə bilər, o, kollektivdən və kollektivdə sərbəst birləşmək hüququndan, həmkarlar ittifaqı yaratmaq hüququndan məhrum olur”, – deyə mütəxəssis vurğulayıb.

Əmək Məcəlləsinə dəyişikliklərdən danışsaq, İsmayılov hesab edir ki, məsələn, pandemiya zamanı işçilərin müəyyən faizi distant işə keçirilməlidir: “İşəgötürən məsafədən işləyən işçilərə elektrik enerjisi xərcləri kimi işlə bağlı xərclərə görə pul ödəməlidir”.

Müəllif: Elya Belskaya




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir