20 yanvar

20 Yanvar hadisələrinə bədii biganəlik

Baxış sayı: 1. 013

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrinin 32-ci ildönümüdür.   “Müzakirə”mizdə xalqımızın qəhrəmanlıq tarixindən keçən müddət ərzində hadisələrin ədəbiyyatda nə qədər yer alması, yazıçı və şairlərimizin mövzuya münasibətini öyrənməyə çalışdıq.

 

Tarixi romanın yazılmasına ehtiyac

20 Yanvar faciəsini ümummilli faciə adlandıran Azərbaycan Pedaqoji Universitetinin kafedra müdiri, filologiya elmləri doktoru, professor Buludxan Xəlilov bildirdi ki, azadlığa gedən yolumuzda millət öz hiss və duyğularını 20 Yanvar yolu ilə keçməklə ifadə edib: “Əlbəttə, istənilən hadisə ədəbiyyata bir mövzu kimi gəlir. Dünya yarandığı gündən hər bir hadisənin ədəbiyyatda izləri var. 20 Yanvar hadisəsi də bu cür hadisələrdəndir. Amma qaneedici səviyyədə deyil. Yadımdadır, hadisələr baş verəndən sonra Məmməd Aslanın «Ağla qərənfil, ağla» şeiri çap olundu. Eyni zamanda, Qabil, Bəxtiyar Vahabzadə şeirlər yazdılar. Ancaq  20 Yanvar faciəsini təfərrüatı ilə əks etdirən bədi əsər yaranmadı. Xüsusən, istərdim ki, bu mövzuda nəsr əsəri yaransın. Bu gün 20 Yanvar faciəsinə həsr olunan tarixi romanın yazılmasına ehtiyac var. Çünki 20 Yanvar bizdən tarix baxımından neçə illərdir ki, uzaqlaşıb. Artıq biz bir çox hadisələrlə qarşılaşmışıq. Eyni zamanda, 20 Yanvarın baş vermə səbəbləri aydınlaşıb. O hadisəni törədənlər, dəstək olanlar müəyyənləşib. Hadisə ilə bağlı Dövlət İstintaq Komissiyasının nəticələri haqqında artıq məlumatlar var. Bütün bunlar o deməkdir ki, artıq yazıçı üçün  mövzu çox aydındır. Yetər ki, bu mövzunu bütün təfərrüatı ilə tarixi bir mövzuya çevirib yazaq. Təəssüf ki, bu günə qədər 20 Yanvar mövzusu tarixi bir mövzu olaraq təfərrüatı ilə bir yazıçının romanına, povestinə çevrilməyib. Hansı ki, bu, yazılmalı faciədir».

B.Xəlilov hesab edir ki, əgər belə bir əsər yazılacaqsa, beynəlxalq dillərə tərcümə olunmalıdır. Bu yolla əsəri dünyaya çatdırmaq olar: “Hesab edirəm ki, Yazıçılar Birliyi bu mövzu ilə bağlı  müsabiqə elan etməlidir. Hətta, QHT-lər 20 Yanvar mövzusu ilə bağlı romanlar yazılması ilə bağlı müsabiqə elan etməlidirlər. Bu əsərlərə stimullaşdırıcı mükafatlar təyin edilməlidir. Həmin mükafatlar əsasında ayrı-ayrı yazıçılar müsabiqəyə müraciət edib bir il ərzində əsərləri yazsınlar. Münsiflər heyəti yaradılsın, həmin romanlar oxunsun, hətta ictimaiyyətin müzakirəsinə verilsin, disputlar keçirilsin. Televiziya və radioda yazılan romanlar barədə fikirlər söylənilsin. Ədəbiyyatşünasların, tənqidçilərin rəylərinə əsaslandırılsın. Kimin romanı layiqdirsə, ona ən yüksək mükafat verilsin. Beləliklə, 20 Yanvar faciəsi ədəbiyyatda öz əksini tapsın. Təəssüf ki, bu hadisə yazıçıların diqqətini cəlb etmir. 20 Yanvar hadisəsindən sonra bir neçə şeir yazıldı və hadisə diqqətdən yayındı. Mənə elə gəlir ki, bu, ən böyük mövzudur. Xüsusilə gənclik üçün. Orta məktəb şagirdləri, ali məktəb tələbələri 20 Yanvar şəhidlərini ziyarətə gedirlər. Onlar faciə ilə bağlı böyüklərdən müəyyən məlumatı alırlar. Yaxşı olar ki, onlar həmin məlumatları bədii əsərlərdən oxusunlar, dərin təfərrüatına varsınlar. Narahat oluram ki, müəyyən dövr gələcək, o yaşlı nəsil də dünyasını dəyişəcək. Gələcək nəsil faciənin təfərrüatına tam vara bilməyəcək. O hadisənin mahiyyətinə varmaq üçün məhz bu mövzuya həsr olunan bədii əsərlərin yazılmasına böyük ehtiyac var. Hesab edirəm ki, romanlar, povestlər, hekayələr, dram əsərləri yazılmalı və onların hər biri müsabiqə komissiyası tərəfindən qiymətləndirilməli və dünyanın aparıcı dillərinə tərcümə olunub yayımlanmalıdır. Təəssüf ki, biz təbliğat işini yalnız respublika səviyyəsində qururuq. Elə başa düşürük ki, bu hadisəni özümüz biliriksə, deməli, dünya da bilir. Axı, dünya bu hadisənin təfərrüatını bilmir. Bu hadisənin təfərrüatını bilmək üçün deyilən istiqamətdə iş görmək lazımdır və bu, bizim dünyaya təbliğatımızda mühüm rol oynayacaq. Xalqımızın tarixi taleyini, kimliyimizi üzə çıxaracaq». Ədəbiyyatşünas alimin fikrincə, bu mövzuda əsərlərin yazılması gec də olsa, məhz indi olmalıdır. O mənada ki,  bir azdan bu hadisələrin təfərrüatına varmaq gücündə olan yazıçılar, şairlər dünyalarını dəyişəcək: “Elə bir boşluq olacaq ki, gələcək nəsil o hadisələrin mahiyyətinə varıb bizim istədiyimiz səviyyədə romanlar, povestlər, hekayələr yaza bilməyəcək. Bizim hazırkı görkəmli şair və yazıçılarımız həm o hadisələrin içində olduqlarından, həm də tarixi təhlil etmək gücündə olduqlarından, o əsərləri yazmalıdırlar. Əks təqdirdə, biz bunu zamanın ixtiyarına versək, gələcək nəsil həmin əsərləri indiki nəslin yazacağı səviyyədə yaza bilməyəcək. Ona görə, belə hesab edirəm ki, 20 Yanvar faciəsinin ədəbiyyata gətirilməsi vacib hadisədir”.

B.Xəlilov hesab edir ki, bu mövzuda əsərlərin yazılması dövlətin ideologiyasına kömək edən məsələdir: “Bu, 20 Yanvar hadisələri ilə bağlı Azərbaycan xalqının qeyrətli oğullarının kişilik missiyasını üzə çıxaracaq, o dövrü xarakterizə edəcək. Bu dövr Azərbaycan dövlətinin tarixində çoxdönüşlü dövrdür. Biz tarixi təkcə tarix dərsliyindən öyrənmirik. Biz tarixi həm də tarixi romanlar və əsərlərdən öyrənirik. Bu mənada, bu mövzuda yazıçılarımız ciddi fikirləşməlidirlər».

 

Qarabağ mövzusunda əsərlər olsa da…

«Altun kitab» Nəşrlər Evinin direktoru Rafiq İsmayılovun sözlərinə görə, 20 Yanvar hadisələrinə demək olar ki, dərslikdə yer ayırırlar: “Bu hadisəni həm bədii, həm də elmi-kütləvi mətnlə veririk. Əgər kimsə bu hadisəni yaxşı analiz edib və sanballı tarixi faktlar ortaya qoyub belə bir mətni təşkilata təqdim etsə, biz onu məmnuniyyətlə çap edərik. Ancaq nəşriyyat öz qarşısına bu cür məqsədlər qoya bilmir. 20 Yanvar faciəsi ilə bağlı nəşriyyatın hər il planına bir kitab daxil etməsi  konyukturaya oxşayardı və mənə elə gəlir ki, bu, səmimi olmazdı”. Naşir bildirir ki, ötən illər ərzində də nəşr olunan kitablar sırasında Qarabağ mövzusunda əsərlərə rast gəlsə də, 20 Yanvar faciəsi ilə bağlı əsərlərin nəşri ilə rastlaşmayıb: «20 Yanvar faciəsi ilə bağlı nəşr olunan hər hansı kitabı xatırlamıram. Çox güman ki, belə əsər var, ancaq mənə rast gəlməyib».

 

Azərbaycan həqiqətini bədii şəkildə dünyaya çatdırmaq

Tənqidçi Əsəd Cahangir son illər 20 Yanvar faciəsi ilə bağlı yazılan hər hansı mükəmməl əsəri xatırlamır: «Əgər belə bir əsər yazılsaydı, təbii ki, mənə sual ünvanlananda adı dərhal yadıma düşərdi. Ancaq hadisə baş verən ərəfədə Məmməd Aslanın, Qabilin, Bəxtiyar Vahabzadənin yazılan və bədii cəhətdən yüksək keyfiyyətə malik, bu gün də öz əhəmiyyətini itirməyən əsərləri meydana gəldi. O cümlədən, bir sıra hekayələr yarandı.  Məsələn, Sabir Əhmədlinin «Yanvar hekayələri” silsiləsi bilavasitə bu faciəyə həsr olunmuşdu. Bu əsər ingilis dilinə çevrilərək, hətta ABŞ-da çap olundu. Mən gözləyirdim ki, sonralar bu mövzuda həcmcə daha böyük, bədii cəhətdən daha kamil əsərlər yaranacaq. Düzdür, istər publisistikada, istər nəsrdə müəyyən əsərlər yazıldı, ancaq buna baxmayaraq, bir oxucu olaraq mənim gözlədiyim əsərlər meydana çıxmadı. Mən hər hansı bir yazıçının bu mövzuda yazdığı əsərin önəmini azaltmıram, sadəcə, fikrim elədir ki, 20 Yanvar şəhidləri mövzusunda əsərlər yazılmalıdır. Bu barədə filmlər çəkilməli, dram əsərləri yazılmalıdır. Təəssüf ki, nə elə bir qeyri-adi ssenari, nə də elə bir qeyri-adi film meydana gəldi”. Tənqidçi hesab edir ki, bu mövzu Azərbaycan həqiqətini bədii şəkildə dünyaya çatdırmaq üçün lazımdır. Belə ki, heç bir siyasi görüşün, dəyirmi masa söhbətinin göstərmədiyi təsiri bədii mətn göstərə bilər: “Bədii mətnin şüura təsiretmə və yaddaşlarda qalma keyfiyyəti var. Ona görə də belə əsərlərin heç zaman yazılması gec deyil. Ola bilsin ki, biz, zamanla o tarixdən uzaqlaşdıqca, əksinə, ona daha da yaxınlaşacağıq. Bir sıra təfərrüat daha aydın olacaq. Bizim bədii təfəkkürümüz, ədəbiyyatımız bu işin öhdəsindən uğurla gələcək”.

 

Əlavə materiallar nə qədər çox olsa…

160 saylı Klassik Gimnaziyanın Ana dili və ədəbiyyat müəllimi İradə Əfəndiyevanın fikrincə, hazırda dərsliklərdə 20 Yanvar faciəsi ilə bağlı yer alan mövzular kifayətdir: «Bundan əvvəlki illərdə dərsliklərdə bu mövzuda material daha çox verilmişdi. Ancaq indiki mövzular da qənaətbəxºdir. Biz ºagirdlərə, həmçinin mövzu ilə bağlı ayrı-ayrı təqdimatlar veririk. Onlar 20 Yanvarla bağlı internet səhifələrindən, jurnal və qəzetlərdən oxuyub təqdimatlar hazırlayırlar. Əlbəttə, əlavə materiallar nə qədər çox olsa, bədii əsərlər nə qədər çox yazılsa, bu  da uşaqların boş vaxtlarında oxuması üçün müsbət nəticə verə bilər. Sadəcə, uşaqların bu materiallardan istifadə etmələri üçün vaxt məhdudiyyəti var. Hesab edirəm ki, müəllimlər dərs proseslərində bu mövzulara vaxt ayırmalı və uşaqları daha çox məlumatlandırmalıdırlar. Bu, böyüyən nəslin tariximizi daha yaxşı bilməsinə kömək edər».

 

Təranə Məhərrəmova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir