2

Sakaryada təhsil alan azərbaycanlı: “Söhbət o qədər böyüdü ki, bizə burdan çıxa bilməzsiniz dedilər” – “TƏLƏBƏ BİLETİ”

Baxış sayı: 3. 115

Dünyanın müxtəlif ölkələrində təhsil alan həmyerlilərimizi oxucularına təqdim edən “Gencaile.az” saytı bu dəfə nisbətən fərqli müsahiblə qarşınızdadır. “Tələbə bileti” rubrikası adətən təhsilini uzun müddət əcnəbi ölkədə davam etdirən azərbaycanlıları oxucularına təqdim edirdisə, bu dəfə  müsahibimiz  “Mövlanə” proqramının köməyi ilə Sakarya Universitetinin “İnşaat mühəndisliyi” fakultəsində bir smestr təhsil alan Aytən Nəzərovadır.

– “Mövlanə” proqramının sayəsində Sakarya Universitetində bir smestr təhsil almısınız. Həmin müddətdə iki ölkənin təhsil sistemi arasında hansı fərqləri müşahidə etdiniz?

–  Mənim fikrimcə,  çox fərq var. Düzdür, il boyu müəllimlər dersi mühazirə oxumaqla keçirdir. Amma həmin dərslərin ayda bir dəfə laboratoriyası olurdu ki, biz burada müşahidələr aparırdıq.  Tələbələr türk dili, tarix kimi dərsləri internetdən alırdılar. Yəni həftədə  iki dəfə internetdə dərs olurdu. Tələbələr həmin dərsin saatında dersi internet üzərindən  izleyirdiler. “Viza” imtahanı da elə internet üzerindən alınırdı. Amma “Final” imtahanı digər fənnlər kimi bir sinifdə olur. Ən böyük fərq isə tələbələrin smestr boyu hər ay bal almamasıdır. Onlar balı bir dəfə olan ev tapşırığından, laboratoriyadan və viza imtahanlarından alırdı. Bu isə ümumilikdə 50 bal deməkdir. Digər 50 bal isə final imtahanlarının payına düşürdü. Bizdə olduğu kimi, 51 bal keçid balı hesab olunmur. Belə ki, keçid balı tələbələrin ümumi vəziyyəti nəzərə alınaraq, ona uyğun keçid balının təyin olunması ilə müəyyənləşir. Bir fərq də o idi ki, orda suallar tələbələrə əvvəlcədən verilmir, ancaq mühazirələr olur və tələbələr imtahan zamanı il ərzində keçilən dərslərdən 5 suala cavab verməli olurlar. Türkiyədə bu baxımdan tələbələr əziyyət çəksə də, həm də tədris prosesi maraqlı olur. Məsələn, bu yaxınlarda qrup yoldaşımın dərs zamanı çəkdiyi fotolara baxdım və sözün yaxşı mənasında paxıllıq etdim. Tələbələr müəllimlə birlikdə dərs otağının tavanı hündürlüyündə körpü düzəltmişdilər. Çox gözəl idi. Tələbələrin onu necə həvəslə hazırladığı hətta şəkillərdən də görünürdü. Yadıma düşmüşkən, onu da deyim ki, Türkiyədə diqqətimi çəkən daha bir məsələ isə müəllimlərlə tələbələr arasında səmimiyyətin olması idi. Orda müəllimlər tələbələrə sərbəstlik verir, amma uşaqlar da bu sərbəstlikdən xoşagəlməz məqsədlər üçün istifadə etmirlər. Hamı dərsdə iştirak edir və müəllimi lazımi səviyyədə dinləyirlər. Düşünürəm ki, bu hal bizdə mümkün olmazdı.

– Maraqlıdır, Türkiyəyə yollanmazdan öncə hansı təəssüratlarınız var idi və gəldikdən sonra bu ölkə sizdə hansı fikirləri formalaşdırdı?

– Düzü, qrup yoldaşıma sənədlərimizi ilk olaraq Eskişehirə göndərmişdik. İnternetdə apardığımız araşdırmalardan sonra çox gözəl şəhər olduğunu bilirdik. Allaha dua edirdik ki, Eskişehir Universitetinə qəbul olaq. Amma bununla yanaşı, sənədlərimizi  Sakarya Universitetinə də göndərmişdik.  Amma açığı, düşünürdük ki, Sakaryadan müsbət cavab gəlsə də, qəbul etməyəcəyik, çünki Sakarya bizdə bir az kənd təəssüratı yaratmışdı. Sonra elə oldu ki, Eskişehir Universiteti heç bir tələbəni qəbul etmədi və biz də Sakaryaya yollanmaq qərarına gəldik. Bu o qədər də ürəyimizcə olmasa da, qrup yoldaşımla birlikdə başqa bir ölkədə təhsil alacağımız üçün sevinirdik də. Sakaryaya getdiyimiz ilk gün isə qarşılaşdığımız mənzərə çox gözəl oldu. Belə demək mümkünsə, gözlərimizə inana bilmirdik. Oranın çox gözəl təbiəti var. İndinin özündə də Sakarya üçün darıxıram.

-Türkiyədə təhsil alan azərbaycanlı gənclərin sayı dünyanın başqa ölkələri ilə müqayisədə çoxdur. Səbəb sadədir, qardaş ölkədir, dil, din, mədəniyyət, mentalitet eyni kökdəndir. Yəqin ki, bütün bu amillər sizin də işinizi asanlaşdırırdı. Amma yenə də ilk vaxtları çətinliklərsiz təsəvvür etmək olmaz. Bu haqda nə deyə bilərsiniz?

– Dediyim kimi, mən Türkiyəyə qrup yoldaşımla birgə getmişdim. Üstəlik ilk iki həftə ərzində ailəmiz də bizimlə idi. Onlar Azərbaycana qayıtdığı ilk gündən isə çətinliklərimiz  başladı. Artıq hər işin arxasınca özümüz getməli, özümüz həll etməli olurduq. Bəzən universitetdə elə problemlər olurdu ki, günlərcə onun həlli üçün çalışırdıq. Hansı ki, bəlkə də tanıdığımız kimsə olsaydı, bu problemləri bir saatın içində yoluna qoyardıq.  Düzdür, qardaş ölkə olduğundan dillə bağlı ciddi problemimiz olmurdu, amma məsələn, dərslərdə elə terminlər olurdu ki, ümumiyyətlə anlamırdıq, ancaq qrup yoldaşlarımızı tanıdıqca bu çətinliklər də aradan qalxdı. Türkiyəli qrup yoldaşlarımız bizə hər şeyi ən xırda detallarına qədər izah edir, dəstək olurdular. Ümumiyyətlə, türklər bu tip məsələlərdə çox yardımsevərdirlər. Onlar təkcə bizə yox, digər ölkələrdən olan tələbələrə də eyni dərəcədə həssaslıqla yanaşırdılar.

4

– Yəqin ki, Türkiyədə təhsil aldığınız müddətdə əcnəbi tələbələrlə də az vaxt keçirməmisiniz. Maraqlıdır, başqa ölkədən gələn tələbələr Azərbaycan haqqında nə dərəcədə məlumatlıdırlar?

–  Daha çox “Mövlanə” proqramı vasitəsi ilə Türkiyədə təhsil alan tələbələrlə vaxt keçirirdik. Azərbaycan haqqında çox işitdiklərini deyirdilər. Dediklərinə görə, Azərbaycanın necə ölkə olması onlar üçün həmişə maraqlı olub. Hətta indinin özündə də hər dəfə ölkəmizə gəlmək, Azərbaycanı gəzmək arzusunda olduqlarını deyirlər.

– Türklər, daha doğrusu, türk gənclər Qarabağ münaqişəsi haqda nə düşünür?

–  Hər dəfə Azərbaycandan bəhs edərkən Qarabağ problemini də diqqətə çatdırırdım, amma onu da deyim ki, buna o qədər də ehtiyac yox idi, çünki türklərin 80%-i bu münaqişə haqqında məlumatlıdırlar və ermənilərə nifrət edirlər.

– Qardaş ölkədə azərbaycanlı tələbələrlə digər ölkələrdən olan tələbələrə qarşı münasibətdə hansısa fərqlər diqqətinizi çəkdimi?

– Düzü, azərbaycanlılara qarşı münasibət çox yaxşı idi. Hətta azərbaycanlı olduğumuzu biləndə “hamımız türkük “deyir və ikiqat hörmət edirdilər.Təbii ki, bizə digər əcnəbilərlə müqayisədə daha çox hörmət etməyənlər də var idi, ancaq ümumilikdə dəstək olanlar  yetərincə idi. Onu da deyim ki, digər əcnəbilərə də münasibət çox yaxşı idi.

– Aylıq xərclər kəllə-çarxa çıxanda vəziyyətdən necə çıxırdınız? Yoxsa belə hallara qarşı hansısa respetiniz var idi?

Əslində, həmişə ehtiyat pul saxlamağa çalışırdım. Düzdür, bəzən “burs”ların gecikməsi problem yaradırdı. Üstəlik, Türkiyədə nəqliyyat xərcləri də bizdəkindən bahalıdır ki, bu da bəzən çətinlik törədirdi, amma yenə də maddi baxımdan çıxılmaz vəziyyət yaranmasına  imkan vermirdim.

– Təhsil aldığınız Sakarya heç də Türkiyənin ən dəbdəbəli həyat tərzi ilə seçilən şəhərlərindən sayılmır. Orda boş vaxtlarınızı necə keçirirdiniz?

– Düzdür, Sakarya  çox sadə bir şəhər idi. Gəzməli yerləri çox deyil, amma yuxarıda da dediyim kimi, çox gözəl təbiəti və havası var idi. Bu isə bizim üçün nəyə desəniz dəyərdi. Kəndləri də çox xoşagələn idi. Boş vaxtlarınızda əcnəbi dostlarımızla görüşür, alış-veriş mərkəzinə gedirdik. “Çark caddesi” deyilen bir yer vardı.Mağazaların, kafelerin olduğu bir küçə idi. Ora gederdik tez-tez. Çox sevirdim oranı.

3

Türkiyədə olduğunuz müddətdə yəqin elə hadisələr olub ki, indinin özündə də xatırlayanda gülməyə bilmirsiniz.

– Elə hadisələr çox olub. Sizə onlardan birini danışım. Biz Sakaryada ilk iki ay ərzində tələbə yataqxanasında qalıq, amma sonra bəzi problemlər üzündən qrup yoldaşımla və bizim kimi “Mövlanə” proqramı vasitəsi ilə Sakaryada təhsil alan digər azərbaycanlı qızla birlikdə ordan ayrılmağa qərar verdik. Tələbə yataqxanasının müdiri bizim ordan ayrılmağımızı  istəmirdi. Bizə qarşı münasibəti çox yaxşı idi. Biz özümüz də həm tələbə yataqxanasını, həm də oranın işçilərini çox sevirdik. Amma ordan ayrılmağa məcbur idik. Yataqxananın müdiri bir az israr etsə də, sonda bizimlə razılaşdı. Danışığımız belə olmuşdu ki, bir gün sonra bütün sənədlərimizi bizə verməliydilər. Bir gün sonnra sənədlərimizi almaq üçün yataqxanaya gələndə müdirin kiçik qardaşı bizim yataqxanadan ayrılmağımız üçün 5 ayın pulunu ödəməli olduğumuzu dedi. Əvvəlcə mənə elə gəldi ki, biz türk olmadığımız üçün belə edirlər, çünki daha öncə belə hal olmamışdı və yataqxanadan ayrılmaq istəyən hər hansı tələbə heç bir problem yaşamadan istəyinə çatırdı. Amma bizim üçün bu çətinlik yaradılmışdı. Hətta sonradan söhbət bir qədər də böyüdü. Hətta o həddə çatdı ki, bizə “bu yataqxanadan çıxa bilməzsiniz”  dedilər. Ağlaya-ağlaya otağımıza, ordan da universitetə getdik. Avtobusda gedəndə isə yol boyu əsəbimizdən gülürdük.Hətta kaş müdirə filan sözü deyərdik deyə öz-özümüzə danışırdıq.  Hamı bizə baxırdı. Sonda “Mövlanə” proqramının koordinatorunun köməyi ilə yataqxanadan ayrıldıq. Bu, o dönəm üçün bizi əsəbləşdirən əhvalat olsa da, indi gülərək xatırlayırıq.

– Sizcə, xaricdə təhsil almaq istəyində olanlar  universitet və ölkə seçərkən hansı xüsusiyyətlərə fikir verməlidirlər? Xaricdə təhsil almağa hazırlaşan gənclərimizə nə məsləhət görə bilərsiniz?

Əgər belə bir imkan varsa, mütləq xaricdə təhsil alsınlar. Bu insan həyatı üçün böyük təcrübə olur. Ən  əsas ixtisaslarını düşünsünlər. Məsələn,  mən inşaat mühəndisliyində oxuyuram və düşünürəm ki, Mühəndislik Türkiyədə kifayət qədər güclüdür. İxtisaslarının ən yüksək şəkildə tədris olunduğu ölkələrə, universitetlərə üz tutsunlar. Amma ölkə hüdudlarından kənara çıxanda tələbənin yaşayışı üçün münasib ölkə seçməyə çalışsınlar. Əks halda çox çətin olur. Bunu öz praktikamdan asanlıqla deyə bilərəm.

 

Söhbətləşdi: Tural Məmmədov

5

1




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir