Ürək-damar xəstəliklərindən özünü necə qorumaq olar?

Baxış sayı: 3. 146

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2014-cü ildə Azərbaycanda 55 648 nəfər dünyasını dəyişib.

Onlardan 33 453-ü qan dövranı sistemi xəstəliklərindən vəfat edib. Nəzərinizə çatdıraq ki, bu 50%-dən çoxdur. Beləliklə, bütün dünyada olduğu kimi, Azərbaycanda da ölümün əsas səbəbi ürək-damar sistemi xəstəlikləridir. Həkimlərin müşahidələrinə əsasən hal hazırda bu xəstəliklər xeyli “cavanlaşıb”. Bunun səbəbləri düzgün olmayan qidalanma, stress, pis vərdişlərdir.

Ürək-damar sistemi xəstəliklərdən özünü qorumaq üçün əslində çox sadə qaydalara əməl etmək lazımdır:

– Düzgün və tamdəyərli qidalanma insanın sağlamlığının əsasıdır. Bu həmçinin ürək-damar sistemi sağlamlığına aiddir. Qidalanmanızda çox yağlı, qızardılmış, duzlu, hisə verilmiş, fast-fud qidaların sayını məhdudlaşdırın. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, insan hər gün 400 qr meyvə-tərəvəz və giləmeyvə yeməlidir. Ürək üçün xeyirli qidalar: alma, banan, nar, boranı, ərik, üzüm, moruq, qoz-fındıq, avokado, dəniz balığı, meyvə quruları (ərik, kişmiş, qara qavalı).

– Fiziki aktivlik ürəyin sağlamlığı üçün çox vacibdir. Ürək əzələdir. Bütün digər əzələlər kimi, ürək də aktiv işləməlidir. Hərəkətsizlik bütün orqanizmdə (və həmçinin ürəkdə) durğunluğa səbəb olur ki, bunun nəticəsində insanın sağlamlığında müxtəlif pozulmalar yarana bilər. Ürək üçün ən xeyirli fizki aktivlik üzgüçülük, qaçış və uzaq məsafələrə yerimə sayılır.

– Siqaret çəkmək kimi pis vərdiş ürəyin sağlamlığına çox mənfi təsir edir. Siqaret tüstüsündə olan zəhərli maddələr ürəyin daim zəhərlənməsinə (intoksikasiya) səbəb olur. Bu səbəbdən ürəyini sağlam saxlamaq istəyən insan mütləq siqaret çəkməkdən imtina etməlidir. Ürək üçün “ziyansız” siqaret yoxdur!

– Spirtli içkilərin qəbulu da ürək üçün çox ziyanlıdır. Spirtli içkilərin tərkibində olan etanol çox güclü zəhərdir. Etanol ürək əzələsini daim zəhərləyir.

– Stress zamanı çoxlu miqdarda adrenalin hormonu ifraz olunur. Adrenalinin təsirindən insanda nəbz artır, damarlar sıxılır. Bunun nəticəsində ürək daha tez qocalmağa başlayır, ürəkdə pozulmalar yaranır. Ürəyin sağlamlığını qorumaq istəyən insan özünü stresdən, həyacanlamalardan qorumalıdır.

Fiziki aktivlik stresin ürəyə (və həmçinin bütün orqanizmə) olan təsirini azaldır. Bu səbəbdən stress vəziyyətlərə düşdükdə daha aktiv olun – idmanla məşğul olun, havada gəzin və s.

– Kifayət qədər yuxu və istirahət ürəyin sağlamlığı üçün çox vacibdir. Gün ərzində bir neçə dəfə uzanmaq və dincəlmək lazımdır. Bu ürək-damar sistemini işini yüngülləşdirir, orada yaranan gərginliyi azaldır.

– Hər il kardioloqun müayinəsindən keçmək lazımdır. Bu ürək-damar xəstəliklərinin  vaxtında aşkar olunması və müalicəyə başlanması üçün vacibdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir