ders

Abituriyentlər imtahana hazırlaşmaq üçün kimdən DƏSTƏK ALMALIDIR?

Baxış sayı: 1. 080

“Mart ayından dərslərin dayanması şagirdlərə təkcə bilik və bacarıqlara yiyələnmək baxımından problem yaratmadı. Eyni zamanda, onlarda psixoloji gərginlik problemini də ortaya çıxardı”. Bunu təhsil eksperti Kamran Əsədov deyir. Mütəxəssis bildirir ki, gündəlik dərsə, ardınca əlavə hazırlığa gedən uşaqlar artıq 4 aydan çoxdur ki, evə qapanıblar və pandemiya ilə əlaqədar olaraq, gərgin bir dövür yaşayırlar:

“Cəmiyyətdə virusla bağlı xəbərlərin yayılması onları daha da gərginləşdirir. Tam yetişkin insan olmadıqlarından baş verən hadisələr onlarda müəyyən qədər qorxu yaradır. Birinci problem imtahanların keçirilmə vaxtı ilə bağlıdır. Məlumdur ki, daim imtahanların keçirilmə vaxtında dəyişikliklər olur. Test tapşırıqlarının ağırlıq səviyyəsi ilə bağlı da cəmiyyətdə müəyyən narazılıqlar var. Birinci imtahanda təqdim olunan testlərin ağırlıq səviyyəsi ilə sonrakı imtahanlar arasında fərqlər var. Bu da abituriyentlərdə gərginlik yaradır. Digər tərəfdən imtahana daxil olarkən hərarətin ölçülməsi məsələsi, imtahana xüsusi maskalardan istifadə ilə daxil olunması kimi hallar şagirdlərin psixoloji probleminə gətirib çıxarır”.

Ekspert bildirir ki, sosial şəbəkələrdə, eyni zamanda bəzi mərkəzlərdə abituriyentlər üçün dəstək məqsədli fəaliyyətlər başlayıb. Bunun müsbət hal olduğunu deyən müsahibimiz, bu vəziyyətdən istifadə edib kommersiya marağı güdülməsinə də aydınlıq gətirib:

“Bəziləri bu haldan istifadə edərək, kommersiya marağı güdür. Müəyyən ödənişlər qarşılığında abituriyentlərə dəstək göstərilir. Onlar peşəkar kadr olmadığına görə, bir çox hallarda kommersiya maraqları üstün gəlir və abituriyentləri asılı hala salırlar. İxtisas seçimində və s . məsələlərdə belə, yanlış yönləndirmələr ola bilir. Xarici ölkələrdən, Azərbaycanın mental dəyərlərinə aid olmayan informasiyalar, psixoloji proqramları təqdim edirlər. Bu hallar bəzən abituriyentlərə yanlış yol göstərə bilər. Abituriyentlər ancaq Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi vəsaitlərdən, hazırladığı portaldan, Youtube kanalına yüklədiyi informasiyalardan istifadə etsə, yaxşı olar. Təhsil Nazirliyinin dərsliklərindən istifadə etməklə imtahana hazırlaşa bilərlər. Nazirliyin hazırladığı “Abituriyentlər üçün dərs vaxtı” verlişindən yararlana bilərlər.

Psixoloji gərginliklə bağlı isə peşəkar mütəxəssislərdən yardım ala bilərlər. Təhsil Nazirliyi psixoloji gərginlik yaşayan abituriyentlər üçün də unikal bir addım atıb. 146-2 nömrəsinə zəng etməklə psixoloji dəstək ala bilərlər. Düşünürəm ki, bu gərgin dövürdə hər kəs, kommersiya marağı güdmədən abituriyentlərə dəstək olmalıdır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir