qumru E

Ad və soyad necə dəyişdirilir? – “VƏKİL BÜROSU”

Baxış sayı: 1. 648

Adın və yaxud soyadın dəyişdirilməsi səbəbləri müxtəlif ola bilər. Məsələn, şəxs öz adını bəyənməyə bilər, hətta məktəbdə ona başqa adla çağırmağı dostlarından və yaxud müəllimlərindən xahiş edə bilər. Digər misal, şəxs öz baba, ulu baba soyadını və yaxud adını götürmək niyyətində ola bilər. Belə olan halda, şəxs müvafiq prosedurlardan mütləq şəkildə keçməlidir.

 

Adın, ata adının və soyadın dəyişdirilməsi hansı qaydada həyata keçirilir?

Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Həmçinin qeyd etmək lazımdır ki, ərizə verən şəxsin istəyi ilə ata adı onu tərbiyə etmiş şəxsin razılığı ilə həmin şəxsin adı ilə dəyişdirilə bilər. Bu hallar bəzi məsələlərdə istisna təşkil edir. Belə ki, ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizə (1 nömrəli əlavə) vətəndaşın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə, xarici ölkədə daimi və ya il ərzində 182 gündən artıq müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşı tərəfindən isə konsulluğa verilir və bunun üçün dövlət rüsumu ödənilir. Xarici dövlətlərdə doğulmuş Azərbaycan Respublikası vətəndaşının adının, ata adının və soyadının dəyişdirilməsi haqqında ərizəsinə onun doğumu haqqında və nikahdadırsa nikah haqqında akt qeydləri xarici ölkələrin səlahiyyətli orqanlarından konsulluq vasitəsilə və ya digər rəsmi yolla qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən əldə edildikdən sonra baxılır. Adın və soyadın dəyişdirilməsi adı çəkilən orqanlar tərəfindən imtina verilə bilər, və bu halda, imtinanın alınmasında 30 gün ərzində şəxs müvafiq məhkəməyə müraciət edərək öz hüquqlarını müdafiə etməyə haqlıdır.

 

Bəs valideynlərin adı və soyadı dəyişdikdə, bu hal uşağın sənədlərində necə öz əksini tapır?

Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. Valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir.

 

Soyadın sonluğunun dəyişdirilməsi hansı qaydada həyata keçirilir?

“Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir. 18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir.  Lakin hər iki valideynin soyadının sonluğu dəyişdirildikdə, 18 yaşına çatmayanların soyadlarının sonluğu da dəyişdirilir. Bir məsələ qeyd etmək vacibdir ki, 10 yaşına çatmış uşağın soyadının sonluğu yalnız onun razılığı ilə dəyişdirilir və uşaq razı olmadıqda, müvafiq icra hakimiyyəti orqanı ərizəyə imtina verir. Soyadın sonluğuna dəyişiklik edilməsi ilə əlaqədar müvafiq akt qeydlərində bu barədə qeyd edilir və yeni şəhadətnamələr verilir. Soyadın sonluğuna dəyişiklik edilməsi haqqında ərizə vətəndaşın yaşayış yeri və ya müvafiq aktın olduğu yer üzrə qeydiyyat şöbəsinə və ya konsulluğa verilir. Müvafiq akt qeydləri (ərizə verən şəxsin doğumu, nikahı, övladlarının doğumu və sair) ərizəni qəbul etmiş qeydiyyat şöbəsində və ya konsulluqda olduqda, soyadın sonluğuna dəyişiklik orada edilir və əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə, ərizə verən şəxsə yeni şəhadətnamələr verilir. Qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir. Soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir.

 

Bəs adın ümumiyyətlə olmaması, hansı problemlərə gətirib çıxara bilər?

Adın mövcud olmaması, şəxsin bir fərd kimi cəmiyyətdə özünü təqdim etmək imkanından məhrum edilməsinə gətirib çıxarır. Bu hala, çox təəssüflər olsun ki indiki dövrdə ucqar kəndlərdə də rast gəlmək olur.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin adı addan, ata adından və soyaddan ibarətdir. Doğulandan hər bir şəxsin şəxsiyyətə sahib olmaq hüququ vardır. Fərdin kimliyi onun cəmiyyətdə mövcudluğunun iddia olunmasıdır. Şəxsiyyət şəxs adı, soyadı, doğum tarixi, cinsi və milli mənsubiyyətini əhatə edir. Bu detallar vasitəsi ilə şəxs öz statusuna (qadın, kişi, uşaq, əlil, qaçqın və s.) xüsusi hüquq və vəzifələri tutacaq.Bu, həm də onların fərdiliyini və onları həmyaşıdlarından nə ilə fərqləndiklərini tanımaq məsələsidir. Anadan olduğu gündən hər bir şəxsin ad və soyad hüququ vardır. Valideynlər məsul vəzifəli şəxslər tərəfindən yeni doğulmuş uşağın adını, soyadını və doğum tarixini bəyan etməyə borcludurlar. Bu doğumu qeyd etməklə Dövlət uşağın mövcudluğunu rəsmiləşdirir və onların statusunu qanunun gözündə rəsmiləşdirir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.2-ci maddəsinə əsasən fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. Həm məktəbəhazırlıq, həm də birinci sinfə qəbul eyni portal üzərindən həyata keçirilir və hər iki proses zamanı şəxsiyyət vəsiqəsi lazımdır. Məktəbəhazırlıq zamanı şəxsiyyət vəsiqəsindən istifadə finləşmə prosesini tamamlamaq üçün faydalıdır. Digər tərəfdən, əgər uşaq məktəbəhazırlığa doğum şəhadətnaməsi, birinci sinfə isə şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçərsə, o zaman bir uşağın adı iki fərqli sənəddə çıxacaq. Bu da identiklik problemi yarada bilər.  Sənəd olmayanda, təhsil də olmur. Bəzi ailələrin məsuliyyətsizliyi, eləcə də evdə doğuş halları bəzən uşaqların sənəd ala bilməməsinə gətirib çıxardır. Belə olan halda, uşaq məktəb yaşınadək sənəd almayanda, onların məktəbə qəbul olunmasında da problemlər yaşanır. Bu hal valideyn tərəfindən laqeyidliklə qarşılandığı üçün, sonradan, yəni illər sonra uşağı məktəbə yazdırmaq istəsə də, təhsil müəssisəsi uşağın yaşının çox olmasını əsas gətirərək onu məktəbə qəbul etmir. Həmin nüanslar yuxarıda sadalanan amillərlə yanaşı, valideynlərin təhsil səviyyəsinin, dünyagörüşünün aşağı olması səbəbindən də baş verir.

Adın, ata adının, soyadın dəyişdirilməsinə dair sənədlər, o cümlədən qeydiyyat orqanının rəyi qeydiyyat şöbəsində və ya konsulluqda 75 il müddətində saxlanılır.

 

Vəkillər Kollegiyasının üzvü, vəkil Qumru Eyvazova




1 şərh “Ad və soyad necə dəyişdirilir? – “VƏKİL BÜROSU”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir