kollec_imtahan_mekteb1abarker_1

Ailə dəyərləri məktəbdə ayrıca fənn kimi tədris edilməlidirmi?

Baxış sayı: 139

Ailə dəyərlərinin öyrənilməsi mövzusu Rusiyada sosial tədqiqatlarla bağlı yeni dərsliklərdə yer alacaq. Bu barədə ölkənin təhsil naziri Sergey Kravtsov Dövlət Dumasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitəsinin iclasında məlumat verib. “Bundan əvvəlki sosial araşdırmalar dərsliklərində ailə tərbiyəsi müəyyən qədər yer alıb. Yeni modul isə sırf ailə dəyərlərinə həsr olunacaq”.

Rusiya Federasiyasının uşaq hüquqları üzrə müvəkkili Anna Kuznetsova da ailə dəyərlərinin tədrisinin yaxın gələcəkdə məktəb, lisey və gimnaziyaların təhsil proqramlarına modul kimi daxil edilə biləcəyini söyləyib. Onun sözlərinə görə, bu, ailələrin vəziyyətinin hərtərəfli yaxşılaşdırılması üçün əhəmiyyətli olacaq.

Qeyd edək ki, ailə dəyərləri, reproduktiv sağlamlıq və ailə planlaşdırılması ilə bağlı mövzuların ümumi təhsil üzrə müvafiq dərsliklərə daxil edilməsi keçən il Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nda da əks olunub. Əsas məqsəd ölkədə məişət zorakılığının qarşısının alınması üzrə tədbirlərin beynəlxalq standartlara uyğunlaşdırılması, ailələrin möhkəmləndirilməsi naminə onların vaxtında və hərtərəfli yardımla təmin edilməsi, məişət zorakılığı ilə mübarizə sahəsində normativ hüquqi aktlarda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi və səmərəliliyinin artırılmasından ibarət olan sənədin icrası təhsil və səhiyyə nazirliklərinə tapşırılıb.

Dərsliklərin məzmununda bu istiqamətdə dəyişikliyin ola biləcəyi təhsil ekspertləri tərəfindən birmənalı qarşılanır. Sadəcə, bu istiqamətdə irəliyə doğru addım hiss olunmur. Məsələn, “Azərbaycanda təhsilin məzmununda kifayət qədər dəyərlərə, ailə dəyərlərinə yer ayrılmasına baxmayaraq, hazırda strateji sənəd olan dövlət standartları sənədində artıq bu, daha geniş yer tutacaq və növbəti mərhələdə bu sənəd əsasında proqramlar yenilənəcək və yeni dərsliklər hazırlanacaq” deyə qeyd edilsə də, əməli bir addım atılmayıb.

Ekspertlər hesab edir ki, daha çox ailə dəyərləri, ailə bərabərliyinə söykənmək, uşaqların insan kimi, şəxsiyyət, humanist bir vətəndaş kimi yetişdirilməsi üçün məktəblərin üzərinə böyük vəzifə düşür. Bu baxımdan, dərsliklərdə milli-mənəvi dəyələrə söykənən mövzu və mətnlərə daha çox diqqətin yetirilməsi vacibdir.

Bağa baxarsan…

Təhsil eksperti Kamran Əsədovun fikrincə, gələcəyimizin savadlı kadrlarının yetişdirilməsində mühüm faktor rolunu oynayan məsələ ailə – məktəb əməkdaşlığıdır: “Heç şübhəsiz ki, valideynlər uşaqların təhsilində müəllimlərin birbaşa tərəfdaşı kimi çıxış etməlidirlər. Və təbii haldır ki, ilkin olaraq öz ailəsi tərəfindən üzərində xüsusi diqqət və nəzarət görən şagird, ən azından bu öhdəliyi hiss edir və onu doğrultmaq üçün təhsilində uğur qazanmağa çalışar. Təəssüf ki, valideynlər bəzən bütün məsuliyyəti məktəb üzərinə atmaqla özlərini “sığortalanmış” hiss edirlər. Nəticədə genetik və ya fərdi istedad kimi istisna halları çıxmaqla, bu cür diqqət və nəzarətdən kənar qalan şagirdlərin təhsilində geriləmə müşahidə olunur. Necə deyərlər, “bağa baxarsan bağ olar, baxmazsan dağ”. Ekspert aparılan beynəlxalq araşdırmalara əsasən qeyd edir ki, şagirdin təhsilində əldə etdiyi uğur ailənin təhsilə verdiyi önəmlə əlaqəlidir. Belə ki, ailənin məktəbə və şagirdə göstərdiyi diqqət gələcək uğura zəmin yaradır: “Şagirdin ehtiyaclarını müəyyənləşdirmək və buna uyğun düzgün təhsil proqramı seçmək üçün ailənin məktəblə sıx əlaqəsi vacibdir. Bir təhsil tədqiqatçısı olaraq məktəblərdə müəllim, şagird və valideynlər arasında araşdırma apararaq, kimin ” öz bağına necə baxması” ilə maraqlandım. Nəticələrə keçməzdən öncə dünya ölkələri üzrə mövcud valideyn-məktəb münasibətlərinə nəzər salmaq istəyirəm. Amerika Birləşmiş Ştatlarında məktəb-valideyn və cəmiyyət münasibətləri mühüm amillərdən hesab olunur. Bu məqsədlə ölkədə valideyn-məktəb dərnəkləri yaradılıb. Həmin dərnəklər isə milli valideyn-müəllim dərnəkləri konfederasiyasına tabedir. Dərnəklərin fəaliyyətinin əsas məqsədi təhsilin keyfiyyətinin yüksəldilməsidir. ABŞ-da şagirdlərə pedaqoji rəhbər təyin edilməsi üçün valideynlərə xüsusi təhsil verilir. Bu isə özlüyündə “yalnız savadlı valideynlər bilikli rəhbəri seçə bilərlər” anlamı daşıyır. Həmçinin, şagirdlərin sağlam yetişdirilməsi üçün ailə dərnəkləri də fəaliyyət göstərir. Qonşu və qardaş ölkə olan Türkiyədə valideyn-müəllim əlaqələrinə xüsusi əhəmiyyət verilir. Bunun üçün ildə iki dəfə valideyn-müəllim görüşü təşkil edilir, bu görüşlərdə şagirdlər iştirak edə bilməz. Görüş öncədən müəyyənləşən vaxtda və məktəbdəki sinif otaqlarının birində baş tutur. Hər valideyn övladının müəllimləri ilə 2, yaxud 3 dəqiqə müddətində təkbətək söhbət edir. Digər valideynlər də həmin söhbət zamanı sinifdə ola bilərlər. Görüş zamanı şagirdlə bağlı fikir mübadiləsi aparılır. Bununla yanaşı, ayda bir dəfə də olmaqla müəllim-şagirdin fərdi, ayda 2 dəfə isə şagird-valideyn-müəllimin üştərəfli görüşü təşkil edilir. 10 ildən çoxdur bu sahədə apardığım araşdırmalarım əsasında deyə bilərəm ki, şagirdin təhsilində əldə etdiyi uğur ailənin təhsilə verdiyi önəmlə əlaqəlidir. Şagirdin ehtiyaclarını müəyyənləşdirmək və buna uyğun düzgün təhsil proqramı seçmək üçün ailənin məktəblə sıx əlaqəsi vacibdir”.

K.Əsədov hesab edir ki, şagirdlərə ailə dəyərini aşılamaq üçün ayrıca fənnin tədrisinə ehtiyac var: “Düzdür, “Həyat bilgisi” fənində zəruri informasiyalar verilir, amma bu, yetərli deyil. Son illər ailədaxili baş verən ağır hadisələr, orta məktəblərdə bu mövzuya daha çox müraciət etməyi zəruri edir. Araşdırmalara əsasən deyə bilərəm ki, daha çox aşağı sinif şagirdlərinin valideynlərinin, bu sahədə fəal olduqları, yuxarı siniflərə doğru isə şagirdlərə qarşı ailə tərəfindən diqqətin azaldığı bildirilir. Həmin mərhələdə bu iş daha çox müəllimlər tərəfindən həyata keçirilir. Yəni valideyn maraqlandı-maraqlanmadı, davamiyyət, dərsə hazırlıq və bu kimi məsələlərlə bağlı məlumatları daha çox müəllimlər telefon vasitəsi ilə olsa belə, onlara çatdırmağa çalışır, onları öz övladları ilə maraqlanmağa sövq edirlər. Valideynlərinin məktəblə mütəmadi əlaqə qurduğunu və onların təlim-tədrisi və bütün psixoloji davranışları (bura daxildir, aqressivliyi, əxlaqi davranışları, ictimai işlərdə fəallığı, utancaqlığı, müəllimlə rəftar qaydaları, sinif yoldaşları ilə münasibətləri və.s. ) ilə yaxından maraqlandığını söyləyən şagirdlərə də rast gəldik. Hətta şagirdlərin dediyinə görə, dərs prosesini izləyən valideynlər də var. Bəzilərinin ailəsində isə, ata-ananın vaxtı olmadığı təqdirdə, bu missiyanı evin böyük qardaşı, yaxud dayı, nənə kimi yaxın qohumlar öz üzərinə götürür. Ona görə də orta məktəblərə xüsusi olaraq ailə mövzularına yer vermək lazımdır ki, şagirdlərdə bu dəyərlər və anlayışlar formalaşsın”.

Modul kimi də olsa…

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Məktəbəqədər təhsilin pedaqogikası kafedrasının müəllimi Xalidə Həmidovanın sözlərinə görə, məktəb dərsliklərində olmasa da, Pedaqoji Universitetdə ailədə milli tərbiyə dəyərləri, müəssisələrdə ailə işinin təşkili qismində ayrı-ayrı fənlər var və pedaqoqlara ayrıca kimi keçirilir: “Universitetdə müəllifi Akif Abbasov olan “Ailə pedaqogikası” fənnimiz var. Bu dərslik pedaqoqlar yetişdirərkən istifadə olunur. Hesab edirəm ki, bu fənlərin tədrisi çox vacibdir. Biz çalışırıq ki, Pedaqoji Universitetdə müəllim yetişdirərkən bu fənlər tədris olunsun və müəllimlər tədris zamanı ailə dəyərlərinə, milli dəyərlərə üstünlük versinlər. Ancaq onların tədris zamanı bu məsələdən necə istifadə etmələrinə nəzarət edə bilmirik”. X.Həmidova məktəblərdə bu mövzuların keçirilməsi ilə bağlı sıxıntıların olduğunu bildirir: “Məktəblərdə bununla bağlı sıxıntılarımız var. Əvvəllər “İnsan və cəmiyyət” dərsləri keçirilirdi. Ailə dəyərləri, ailə münasibətləri və s. həmin fənn çərçivəsində öyrədilirdi. Bildiyim qədər hazırda bu fənn yoxdur, amma yenidən tədrisə daxil edilməsi yaxşı olardı. Bundan əlavə, “Ailə” kitabı vardı ki, o da ayrıca bir fənn kimi keçirilirdi. İndi bu fənn də yoxdur”. X.Həmidovanın sözlərinə görə, məktəbəqədər tədris müəssisələrində ətraf aləmlə tanışlıq məşğələlərində – nitqin inkişafı, bədii ədəbiyyat dərslərində ailə bağları, ailənin mənəvi dəyərləri, ailə üzvlərinin tanıdılması, il boyu sosial-emosional dəyərlər-ünsiyyət və ünsiyyət bacarıqları ilə bağlı bir neçə məşğələ keçirilir: “Yuxarı siniflərdə də bu cür tendensiyaların davam etməsi yaxşı olar. Ayrıca bir fənn kimi geniş vüsət tapmasa da, modul kimi dərsliklərə daxil edilməsi müsbət nəticə verər. Yoxsa, həqiqətən də milli-mənəvi dəyərlər, adət-ənənələr unudula bilər. Bizim çox gözəl adət-ənənələrimiz var. Bunların qorunub saxlanması üçün belə bir fənnin mövcudluğu vacibdir. Bu mövzular uşaqlara sosial dəyərlər, sosial mənəvi inkişaf kimi tədris olunsa, onların sosiallaşması, ailə və ailə dəyərləri, milli dəyərlər, dünyadakı adət və ənənələr öyrədilsə, Azərbaycandakı dəyərlərlə dünyadakı dəyərlər müqayisəli şəkildə göstərilsə yaxşı olar. Bunların vacib olduğunu uşaqlara anlatmaq lazımdır”.

 

Təranə Məhərrəmova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir