usaq ve ish

Ailə və karyera: İkisi bir arada mümkündürmü?

Baxış sayı: 2. 412

İndiki dövrdə qadınların böyük əksəriyyəti ya ailə büdcəsinə kömək etmək, həyat standartlarını yüksəltmək, ya da peşə sevgisi, cəmiyyətdə yer qazanmaq kimi bir sıra səbəblərdən işləmək məcburiyyətində qalıb. Uzun müddətli işləmək yolunu seçənləri uğurlu karyera qurmaq düşündürür. İş xanımlarını ən çox düşündürən sual isə budur ki, ailəyə və karyeraya eyni zamanı ayırmaq mümkündürmü?

Psixoloq Raman Nisanov bildirir ki, dövrümüzdə insanların seçim qarşısında qaldıqları məsələlərdən biri də ailə və karyeradır. Bir vaxtlar çalışan kişilərin sayı qadınlara nisbətən daha çox olduğundan adətən onlar karyeraya üstünlük verirdilərsə, hazırda dünyada, o cümlədən ölkəmizdə çalışan qadınların sayı da getdikcə artdığından bu tendensiya dəyişib: “Kişilərin bir çoxu belə düşünür ki, yalnız onlar karyera sahibi ola bilərlər. Eyni zamanda qadınların karyera sahibi olmalarını, onlardan daha üstün bir mövqedə olmaları kimi səciyyələndirirlər. Bu gün qadınlarımız öz karyeralarını qurmaqla, həm də ailələrinə iqtisadi cəhətdən kömək etmiş olurlar”.

Psixoloqun sözlərinə görə, bütün çalışan qadınların ortaq problemi evləri ilə iş yerləri arasında seçim etməkdir: “İlk olaraq vəziyyəti idarə edə biləcəklərini düşünən qadınlar daha sonra bu gərginlikdən yorulur, eyni zamanda ailədən kənarda qaldıqları üçün özlərini günahkar hiss edirlər. Bəzən qadınlar bunun üçün evdə köməkçidən istifadə etsələr də, onlar qadının istədiyi şəraiti yaratmırlar və bu, işləri daha da qəlizləşdirir. Beləliklə, ailə və karyera seçimində əsas çətinlik adətən qadınların üzərinə düşür”.

R.Nisanov qeyd edir ki, qədimdə xanımların işi daha çətin olduğundan onlar həm ailəyə, həm də karyeraya eyni vaxtı ayıra bilməzdilər. Həm evdar, həm də iş həyatının ikisi bir arada mümkün deyildi: “Müasir zamanda hər şey – ilk öncə texnologiya inkişaf etdiyindən qadının ev işləri ilə məşğul olması daha da yüngülləşib. Artıq bir çox iş əl ilə deyil, məhz texnologiyanın köməyi ilə yerinə yetirilir. Lakin buna baxmayaraq elə işlər vardır ki, sadəcə olaraq diqqət tələb edir. Bu da yalnız qadının öhdəsinədir. Bəs karyera? Hal-hazırda hər bir qadın mükəmməl karyerası olsun deyə çalışır və bunu arzu edir. Statistika göstərir ki, gənc xanımlar ailə qurmaqdan çox gələcəyi üçün mükəmməl karyera arzulamaqdadır və bunun üçün can atır. Mükəmməl karyeraya sahib olan qadın mükəmməl ailəyə sahib ola bilərmi? Əgər qadın zamanının çox hissəsini ailəsinə deyil, iş həyatına həsr edirsə, o zaman necə onun mükəmməl ailəsi ola bilər?”

Psixoloqun sözlərinə görə, statistika göstərir ki, artıq kişilər üçün karyera bir o qədər də mühüm əhəmiyyət kəsb etmir, nəinki qadınlar üçün: “Qadın bu arzusunu reallaşdıra bildiyi zaman yalnız iş həyatını düşünür, yeni planlar, yeni iş əməliyyatları, yeni struktur – bütün fikir və düşüncələr yalnız işlə bağlıdır. Bəs ailə? Bu zaman o, ailə üçün vacib və mütləq olanları düşünə bilərmi? Uşaqların tərbiyəsi, dərs, ev işləri və s. Sübuta yetirilib ki, mükəmməl ailəyə sahib qadınların mükəmməl karyerası ola bilməz, bu, faktdır. İkisi birində mümkün deyildir, çünki fikir, düşüncə, ideya yalnız bir istiqamətə yönəldilməlidir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir