zorakiliq

Ailədaxili faciələrə necə “dur!” deyək?

Baxış sayı: 198

Son zamanlar ailədaxili cinayət hallarının sayı kəskin artıb. Demək olar ki, hər gün bir ailə cinayəti barədə xəbərlər oxuyur və ya bunu ətrafımızdan görürük.

Dəfələrlə mətbuatda bu mövzuda yazılsa da, maarifəndirmə işləri aparılsa da, ailədaxili kriminal hadisələrinin sayı azalmır, əksinə, artan tendensiya ilə davam edir. Təəssüflə qeyd etməliyik ki, artıq azyaşlı uşaqlar da bu cür ailə cinayətlərinin qurbanına çevrilir.

Bəs, durmadan artan ailə faciələrinə necə “dur!” deyə bilərik?

Sosioloq Əhməd Qəşəmoğlu bildirdi ki, kişiləri unudub yalnız qadınlara qarşı zorakılıq var demək, ocağa yağ tökmək olardı: “Çox təəssüf ki, bu kimi cinayət hallarının qarşısını almaq üçün addımlar atılmır. Fikir versəniz görərsiniz ki, biz son vaxtlar dağıdıcı modellərə belə imkan vermişik ki, ölkədə geniş yayılsın. Bu dağıdıcı modellərdən biri qadınlara qarşı zorakılıq məsələsidir. Azərbaycanda son vaxtlar əsas məsələ qadınlara qarşı zorakılıq, qadınların döyülməsi və sairədir. Bu da dünya ictimaiyyəti arasında eybəcər bir mənzərə yaradır. Sanki Azərbaycanda kişilər vəhşidir, qadınlar da hüquqlarını bilmir. Buna görə də onlara qarşı zorakılıq artıb. Bu aldadıcı mənzərədir. Azərbaycanda bu faktlar ailədə gərginlik olduğunu göstərir. Ailəni diqqət mərkəzində saxlamaq, kişiləri yaddan çıxarıb yalnız qadınlara qarşı zorakılıq var, demək bu məsələdə ocağa yağ tökmək kimi bir şeydir. Düşünmək lazımdır ki, bıçaq qalxıb bir qadının sinəsinə girənə qədər o qadın kişiyə psixoloji olaraq neçə dəfə zərbə vurub. Bu qadınların, kişilərin yox, xalqın faciəsidir. Mühit elədir ki, ailəmizdə gərginlik indiyə qədər olmadığı bir səviyyəyə gəlib. Ona görə də ortaya ciddi məsələni ortaya qoymalı, ailə üçün neyləmək lazımdır onu düşünməliyik. Məşhur insanları aldadıb qadın hüquqlarının qorunması haqda mübarizə apardırlar. 14 təşkilatın iştirakı ilə belə bir layihə həyata keçirilir. Bu, sosioloji baxımdan gülüncdür. Çünki bu məsələ birtərəfli deyil, ailənin problemidir. Ona görə də bu gün çox ciddi mütəxəssislərlə ciddi elmi əsaslarla fəaliyyət proqramı hazırlanmalıdır. Orada nəzərdə tutulmalıdır ki, kompleks olaraq ailə üçün hansı işləri görmək lazımdır. Psixoloji zərbə altında qalan kişilər bu ölkənin vətəndaşı deyil?! Belə gülünc şey olmaz. Dəfələrlə bu haqda danışsam da, təəssüf ki, uyğun strukturların heç biri reaksiya vermir. Kimə deyirsən ki, gəlin bu problemin elmi əsaslarla həllini tapaq, təəccüblə baxırlar ki, mən ağılda adam neynir elmi. Elmi əsas deyəndə sanki bu camaata qıcıq verir”.

ehmed qesemoglu

Sosioloq Azərbaycanda bu işlə məşğul olacaq elmi mərkəzlərin olmadığını bildirdi: “Bütün dünyada bu məsələlər elmi əsaslarla elmi tədqiqat institutları, elmi mərkəzlər tərəfindən işlənilir. Azərbaycanda isə bu işlərlə məşğul olan elmi mərkəz yoxdur. Əgər belə mərkəzlər varsa, onların ciddi fəaliyyət proqramları hardadır? Mən bu qədər danışıram, niyə bir dəfə maraqlanmırlar ki, siz nə demək istəyirsiz? Bu mərkəzlər ekspertlərlə işləməlidir. Ölkədə bu sahədə mütəxəssislər var. Bu mütəxəssisləri toplamaq, ciddi fəaliyyət proqramı hazırlamaq lazımdır. Bu fəaliyyət proqramında da aydın olacaq ki, qanunvericilikdə hansı dəyişiklikləri etmək lazmdır, ailələrdə bu gərginliyi yaradan hansı səbəblərdir, bunları aradan qaldırmaq üçün nə etmək lazımdır. Bu gün ailəni dağıdan əsas səbəb ailədə maddi dəyərlərin mənəvi dəyərləri üstələməsidir. Mən bir ekspert kimi deyirəm ki, bu sahədə işlər görmək mümkündür. Ancaq uyğun strukturlar bunu etmək istəmir”.

Vefa Residova

 

Psixoloq Vəfa Rəşidova da deyir ki, son zamanlarda ailədaxili cinayət hallarının sayı kəskin şəkildə artıb: “Bu, cəmiyyətimiz üçün xoşa gəlməyən bir haldır. İnsanın birini, həm də ailə üzvlərindən birini qətlə yetirməsi üçün ya ruhi xəstə, ya kontrol edilə bilməyən sinir xəstəsi, ya doğuşdan psixiatrik problemli, ya da sonradan qazanılmış bir psixi problemli olması lazımdır. Hər bir insan əsəbi ola, stress, gərginlik keçirə bilər. Amma bu, çox ciddi və dərin bir problemdirsə və insan özünü kontrol edə bilmirsə və buna baxmayaraq müalicə almırsa, sonda bu kimi cinayət hadisələrinin baş verməsi qaçılmazdır. Bir insan durduğu yerdə baş kəsmir, kimisə öldürmür. İnsan bir gün, bir ay nifrət etdiyi insana pislik edə bilməz. Bu, illərin məsələsi olduğu üçün bu həddə gəlib çatır. Elə insan da olur ki, bir insana qarşı o qədər aqressiv, nifrət dolu olur ki, beynində hər gün o insanı öldürmək barədə düşünür. Sonda da bunu reallaşdırır. Belə insanlar ciddi psixi problem yaşayan insanlardır. Ailədə bir insanın qətlə yetirilməsinə səbəb olan bir an var ki, məhz o an qərar verir ki, artıq onu öldürməlidir. O anlar aşağılanma, təhdid, ailədə ayrı-seçkilik, hər səhvini insanın üzünə vurmaq, uşaqlarının yanında ataya ya anaya qarşı hörmətsizlik bu kimi cinayət halları ilə nəticələnə bilər”.

Psixoloq bu kimi cinayət hallarının qarşısını insanları maarifləndirməklə almağın mümkünsüz olduğunu dedi: “Biz insanları maarifləndirəndə elə başa düşürlər ki, sanki özümüzü reklam edirik ki, yanımıza gəlsinlər və biz də onlardan pul qazanaq. Bu, əsla belə deyil. Mütəxəssisin məqsədi xalqının bu gününə, gələcəyinə can yandırmaqdır. Biz müxtəlif yazılarla insanları maarifləndirməyə çalışırıq. Birini öldürən, başını kəsən bir şəxs, çox təəssüf ki, hər hansı məqalə oxumur, o başqa bir mühitdə, aləmdə olur. Bu cür davranış sərgiləyən insanların çoxu dünyagörüşü olmayan, bunu artırmayan, dar çərçivədə düşünən insanlardır. O şəxs maariflənmiş insan olsaydı, adam öldürməz, problemlərini duyub müalicə alardı. Elə insanlardan bir qəzet və ya kitab oxuduğunu soruşsaq, bizə güləcək insanlardır, evdə anasını, övladını, həyat yoldaşını öldürən insanlardır”.

 

Günel MANAFLI




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir