esger

Ailə dəyərlərimizdə əsgər yolasalma-qarşılama – TƏHLİL

Baxış sayı: 469

Minilliklər boyu formalaşan və zənginləşən ailə dəyərlərimizdə əsgərlik məsələsi xüsusi yer tutur. Oğul böyütmək, onu düzgün tərbiyə etmək, vətənpərvər yetişdirmək, sağlam şəkildə həddi-buluğa çatdırmaq əsrlərdir ki, hər bir ailənin əsas vəzifələrindən birinə çevrilmişdir. Çünki hər bir ailə oğlunun hərb vaxtı-əsgərlik zamanı çatanda bir cavabdehlik daşıyır. Bu cavabdehlik ondan ibarətdir ki, oğlunu əsgəri xidmətə layiq şəkildə böyüdə, sağlamlığını, fiziki gücünü qoruya bilmisənmi? Bəli, beləliklə də evlərimizdə bineyi-qədimdən oğul böyütmək, həm də necə böyütmək ailənin diqqətdə saxlayacağı məsələlərdən biri olub. Ata və analarımız fikirləşiblər ki, gün gələcək, oğlumuz əsgərliyə gedəcək. Onu elə böyüdək, qayğısına elə qalaq ki, kişilik məktəbindən keçə bilsin. Bu, ailənin qarşıda bir sınaq imtahanından keçməsi qədər məsuliyyətli olub. Odur ki, əsgərlik ailə dəyərlərimizdə özünəməxsus bir yer alıb və oğullarımızın əsgəri xidmətə yola salınma və qarşılanması kimi mərasimlərin adət-ənənələrimizin bir qolu kimi formalaşmasına səbəb olub.

 

Əsgərlik: sağ get, salamat qayıt

Zaman-zaman əsgəri xidmət illəri fərqli olub. Sovet imperiyasının tərkibində olduğumuz vaxtlar 70 il oğullarımız Rusiyanın müxtəlif bölgələrində iki illik əsgəri xidmət keçirdilər. 1990-cı illərdə sovet imperiyası dağılandan sonra müstəqillik qazansaq da, lakin hələ ordumuz təkmilləşmədiyi və ölkədə Birinci Vətən Müharibəsi getdiyindən oğullarımız 4-5 il, bəzən artıq əsgəri xidmət keçməli olurdular. Lakin daha sonralar, ölkəmizdə iqtisadi tənəzzül aradan qaldırıldıqdan, inkişafa qədəm qoyulduqdan, bunun da nəticəsində milli ordumuz təkmilləşdikdən sonra əsgəri xidmət haqqında qaydalar qəbul olundu və ali təhsil alan oğlanlar üçün bir, almayanlar üçün bir il yarımlıq əsgəri xidmət dövrü müəyyən edildi.

Bütün dövrlərdə isə Azərbaycan ailəsində əsgər yolasalma və qarşılama eyni qaydalar ilə həyata keçirilib. Elə ki, oğullarımız böyüyüb əsgərlik yaşına çatdı, əsgəri xidmət üçün çağırış vərəqəsi aldı, artıq ailə öz övladını əsgəri xidmətə yola salmağa hazırlaşır. Bu xəbər tez bir zamanda qonşular, dostlar, qohum-əqrəba arasında yayılır və onlar hamısı bir nəfər kimi əsgər yola salan ailənin qonağı olurlar. Yadımdadır, əvvəllər kəndlərimizdə atalar oğulları əsgər gedəndə heyvan kəsər, üç gün qonaqlıq verərdi. Kəndlərdəki bütün evlərdən bir-iki nümayəndə həmin yolasalma mərasimində iştirak edər, əsgərə gedən oğlanın cibinə pul qoyar, görüşüb yola salar, analarımız isə əsgəri aparan maşının arxasınca su atar, “ay bala, sağ get, salamat qayıt”,-deyərdi. Əsgər yolasalma mərasimlərini çalğı-rəqs, demək-gülmək daha da şənlikli edərdi.

Bu, artıq illərdir ki, ənənə halını almışdır. Bu gün də oğullar əsgər gedəndə kimin imkanı nəyə çatırsa, süfrə açar, yaxınlar, qohumlar, dostlar bu süfrədə ətrafında birlikdə çörək kəsər, deyə-gülə oğullarımızı əsgəri xidmətə yola salarlar.

Əsgər yolasalma mərasimləri ilə qarşılaşanda həmişə belə bir qənaətə gəlirik ki, həqiqətən də gör, Vətəni, torpağı qorumaq necə vacib və məsuliyyətli bir işdirsə, biz bunu əsrlərdir ki, toy-bayramla, dəyərli adətlərimizlə həyata keçirmişik və həmin adətləri olduğu kimi də yaşadıb dövrümüzə gətirib çıxarmışıq. Bütün bunlar xalqımızın hər işdə birliyi, həmrəyliyi ilə yanaşı, həm də vətənpərvərliyinin göstəricisi, torpaq sevgisinin nümayişidir.

Əsgər qarşılama mərasimləri təntənəsi ilə heç də əsgər yolasalma mərasimlərindən geri qalmır. Hələ deyərdim ki, bu mərasim daha şənlikli, daha təntənəli olur. Belə ki, biri var, övladın evdən 1-2 illik ayrıla, bir də var, o ayrılığın sonu ola və övladın evə qayıda. Bax bu məqam özü əsgər qarşılama mərasimini daha təntənəli edir.

Bütün qohum-əqrəba, qonşular, dostlar əsgər evinə yollanır, ailəyə gözaydınlığı verir. Yenə də süfrələr açılır, min bir nemət düzülür və ailə öz övladının kişilik məktəbindən keçməsini bayram edir. Bütün yaxınlar da bu sevincə şərik olduqlarını bildirmək üçün gəlirlər.

Əsgər yola salmadan fərqli olaraq qarşılama mərasiminə gələnlərin hamısı şirinliklə, əsgərə pal-paltar hədiyyələri ilə gəlirlər. Sanki düşünülür ki, artıq 1-2 ildir, o, evdə deyil, həm də bu dövrdə dəyişilib, necə deyərlər, kişiləşib, evdəki paltarlar əyninə olmayacaq. Odur ki, yaxınlar əsgərdən gələn oğlana hədiyyələr də gətirirlər.

Beləliklə bir neçə gün davam edən əsgər qarşılama mərasimi başa çatır. Gələn əsgərlərin yerinə gedənlər eynilə yola salınır, zamanı gələndə isə eynilə qarşılanır. Beləliklə bir adət-ənənəyə çevrilən əsgər yolasalma və qarşılama xalqımızın əsrlərə söykənən fərdi xüsusiyyətləri fonunda bənzərsiz bir ailə dəyərinə çevrilmişdir ki, bu kimi dəyərlərə heç də bütün xalq və millətlərdə rast gəlinmir. Bu, xalqımızın özünəməxsus xüsusiyyətlərindən biridir.

 

İlk sual: kişilik məktəbindən keçibmi?

Əsgərliyə getməyi, kişilik məktəbindən keçməyi xalq olaraq o qədər vacib hesab etmişik ki, zaman-zaman elçiliklərdə oğlan atasına verilən ilk sual belə olub: oğlunuz əsgərliyə gedibmi? Ailələrimizdəki tərbiyə fonunda o da formalaşıb ki, qızlarımız oğlanların əsgəri xidmət keçməsinə, kişilik məktəbini bitirən oğlanlarla ailə qurmağa üstünlük verirlər. Çünki zaman-zaman şüurumuzda oğlanların əsgəri xidmətinin vacibliyi kök atıb. Onlar yalnız bu vəzifəni yerinə yetirdikdən sonra kişiləşir, həyatın, ailənin qədrini bilir, böyüyür, möhkəmlənir kimi fikirlər şüur altımızda özünəməxsus yer alıb. Odur ki, hər bir azərbaycanlı qız kişilik məktəbindən keçən oğlana daha çox sayğı bəsləyir.

Düzdür, müəyyən səbəblərdən əsgəri xidmətə getməyənlər olur. Bu, müstəsna haldır, həm də o demək deyil ki, onlar digər oğlanlardan geri qalırlar. Lakin əsgərlik, sözün həqiqi mənasında, kişilik məktəbidir. Necə ki, qızlar öz analarının məktəbini keçirlər, mətbəx, ev-eşik işlərini mənimsəyir, sonra özlərini ailə qurmağa hazır hesab edirlər, oğlanlarda isə bu məktəb əsgəri xidmətdir. Bu mənada valideynlər də çalşmalıdır ki, bu məktəbdən keçməsinə maneçilik yaranmasın deyə övladlarını sağlam böyütsünlər. Sağlam böyüyən, fiziki problemi vaxtında aradan qaldırılan uşaq, yeniyetmə oğlan gənclik çağında əsgəri xidmətdən keçmək üçün heç bir problemlə üzləşməz.

Bəli, bu da bir faktdır ki, əsgəri xidməti başa vurub qayıdan gənclər onları yola saldığımız vaxtdakı gənclər olmurlar. Hər bir ailədə ata-analar, bası-qardaşlar təsdiq edir ki, onların xasiyyətlərində gedişi ilə gəlişləri arasındakı fərq o qədər böyük olur ki, adam sanki gözlərinə inanmır. Belə isə bu kişilik məktəbindən keçməyə hər kəs cəhd göstərməlidir. Həm o mənadakı ki, möhkəmlənsin, dözümlülüyü artsın, kişiləşsin, həm də o mənada da kişilik məktəbindən keçənlərə cəmiyyətimizdə verilən üstünlüyü o da qazana bilsin.

 

Hərbi qulluq, əsgəri xidmət qürurdur

Hər birimiz övladımız əsgəri xidmətdə olanda xüsusi bir qürur hissi ilə yaşayırıq. Düşünürük ki, onlar Vətəni, torpağı qoruyurlar, bu gün ölkədə sərbəst, azad şəkildə gəzib-dolaşan hər kəs onların hesabına belə təhlükəsizdir. Bu səbəbdən də insanın ürəyi qürurla döyünür. Hələ 2020-ci ildə 44 günlük Vətən müharibəsində keçirdiyimiz hisslər daha qürurverici idi. Bizim övladlarımız torpaqlarımızı işğaldan azad etməyə, oğullarımız 30 il erməni tapdağı altında olan yurdlarımızı yağıdan təmizləməyə, Qarabağı anasına qovuşdurmağa yollanmışdılar. Qürur duyurduq ki, biz nə qədər vətənpərvər oğullar tərbiyə etmişik.

Könüllü olaraq cəbhəyə gedən oğulları, dəstə-dəstə səfərbərlik məntəqələrinə müraciətini görərkən onlarla fəxr edirdik. Ali Baş Komandanın bir əmri ilə bütün Azərbaycan övladlarının cəbhəyə yollanmaq arzusunda olduqlarını gördükcə, həqiqətən qürur duyurduq.

Ata-analar isə onların cəbhədə hər gün bir qələbəsini qürurla izləyir, torpaqlarımız alındıqca, üçrəngli bayrağımız ona 30 il həsrət qalan yurd yerlərimizdə dalğalandıqca sevincimizin həddi-hüdudu olmurdu.

Müharibə minlərlə oğlumuzu Vətəni qorumağa səslədi. Onlar da böyük şövqlə cəbhəyə yollandılar. Lakin sonda müharibə minlərlə övladımızı şəhid etdi, minlərlə övladımızı qazi kimi evlərimizə yola saldı, eləcə də minlərlə övladımız sağ-salamat qayıtdı. Biz isə şəhidimizlə də, qazimizlə də, sağ-salamat qayıdan övladlarımızla da qürur duyduq. Çünki onların hər biri torpaqlarımızın geri alınması, ərazi bütövlüyümüzün bərpası üçün yollanmışdı. Ölümü gözlərinin qarşısına almış, canlarından keçmişdilər. Xalqımızın torpaqla bağlı dəyərlərini ona qaytarmaq üçün, namus və şərəfimizi xilas etmək üçün yollanmışdılar.

Bax, kişilik məktəbindən keçmək budur. Bu məktəb torpağın, Vətənin ana-bacılarımız qədər qorunmasını öyrədir. Onların hər birinin eyni dərəcədə qorunmasını, bunun isə yalnız kişilərə məxsus olmasını diktə edir.

 

Müharibələr bizə şəhid qarşılamağı öyrətdi

Həm birinci, həm də ikinci Vətən müharibələri bizə həm igid, həm şəhid qarşılamağı öyrətdi. Əsgəri xidmətə, hərbi vəzifəsini yerinə yetirməyə yolladığımız igid, qəhrəman övladlarımızı sağ-salamat gəlməsi münasibətilə həmişəki kimi toy-bayramla qarşılamağı öyrətdi. Bizə şəhid qarşılamağı da öyrətdi həyat və onun özünəməxsus qanunlarını…

Üçrəngli bayrağımıza bükülən şəhid qarşılamağı öyrəndik. Öyrəndik ki, bu, böyük bir qürurdur. Şəhidlik zirvəsinə yüksəlməyin hər kəsə nəsib olmadığını öyrəndik. Bütün xalqlara itirdikləri torpaqları geri almağın müyəssər olmadığını öyrəndik.

Torpaqlarımızın yenidən anasına-Azərbaycana qayıtması ilə bağlı taleyimizə yazılan yazını sevinclə bağrımıza basdıq. Bu yazı şəhid balalarımız idi. Onların torpaq-şərəf yolunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmaları idi.

Atalar-analar, bacı-qardaşlar, dostlar, övladlar, həyat yoldaşları şəhid qarşıladılar. Atalar məğrur dayandı, heç əyilmədi. Ürəyi bala nisgili ilə qovrulan analarımızdan övladlarının tabutu qarşısında qol qaldırıb oynayanlar da oldu, bayatı, şeir qoşanlar da oldu. “Toyun mübarək, ay bala”,- deyənlər də oldu. Tabutu bağrına basıb oğlunun yanına uzanmaq istəyənlər də oldu. Bəy xonçası düzəldib məzarların üstünü bəzəyən analarımız da oldu. Bütün bunlar duyğulu ana ürəyindən gələr hislərdir. Onların nə yaşadıqlarını ana olanlar gözəl anlayırlar. Ürəyində min bir arzu biçib-tikən, lakin sonda bu arzuları yarımçıq əyninə geyinənlər anlayır o anaları. Onlar şəhid analarıdır. Balaları kimi özləri də ucalarda, hər birimizdən yüksəklərdə olan analardır. Çünki onlar bizim üçün doğmuşlar o övladları. Bizim torpaqlarımız, Vətənimiz, ərazi bütövlüyümüz, şərəf və namusumuz üçün doğmuşlar.

Doqquz ay bətnlərində, illərlə əllərində, qoyunlarında, duyğularında böyütmüşdülər onları. Məhz buna görə də şəhid balalarını qarşılayanda dil açırdılar. Dünənədək səsini eşitmədiyimiz analar dil açıb şeir söyləyirdi, toylarda utandığından qolunu qaldırmayan analar kişi-qadın bilmədən balasının tabutu qarşısında qol qaldırıb rəqs edirdi. Dünənədək yaşmağı ağzında olan analar övladının üşüdüyünü hiss edirdi sanki, baş örtüyünü çıxarıb onun tabutu üzərinə sərirdi…

Budur, biz şəhid qarşılamağı da öyrəndik. Lakin Zəfər bütün hisslərdən ucada dayandığı üçün bu gün şəhidlərimizi də, qazilərimizi də, başımızdakı qara yaylıqları da, atalarımızın üzünə əbədilik çökən oğul itkisi ifadəsini də yalnız qürurla əvəzləşdirmişik. Şəhidimiz, qazimiz, qırılan ürəklərimiz, gözü yolda gəlinlərimiz, şəkillərlə təsəlli tapan körpələrimiz, nişan üzüyü barmağında əbədi xatirəyə çevrilən qızlarımız, saçının bir tərəfini qara, bir tərəfini ağ hörüb övlad böyüdən analarımız olsa da, Zəfərimiz var. Bu Zəfər torpağımızın-namusumuzun, şərəfimizin, iffətimizin Zəfəridir.

Biz əsgərimizi toy-bayramla yola salıb, tor-bayramla da qarşılayacağıq. Əgər bir gün şəhid qarşılamalı olsaq, yenə də qürurumuz bütün hisslərimizi üstələyəcək. Çünki oğullarımızı kişilik məktəbinə göndərdikcə, onları qoruyucu olaraq hər zaman sərhədlərimizin toxunulmazlığında, ərazimizin bütövlüyündə görürük. Bu toxunulmazlıq və bütövlüyü təmin etmək onların vəzifəsidir. Odur ki, qoy oğullarımız əsgərliyə-kişilik məktəbinə sağ gedib, salamat qayıtsınlar…

 

Mətanət Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir