aile

Ailədə sayğı hüququ üstələyərsə… ARAŞDIRMA

Baxış sayı: 474

Ailə dedikdə ilk ağıla gələn kişi və qadınlar olur. Ailədə ilkin vəzifələri ata və ana olan kişi və qadın. Bu vəzifələr təbii ki, uşaq dünyaya gələndən sonra yaranır. Elə ailədə uşaq doğulandan sonra onlarla yeni vəzifə də meydana gəlir. Lakin biz bəzən bu vəzifələrin nədən ibarət olduğunu anlayır, anladığımıza görə də öhdəsindən gəlməyə çalışırıq. Bəzən isə vəzifələrimizin nədən ibarət olduğunu dərk etmədiyimizə görə müəyyən problemlərlə qarşılaşırıq.

Tək uşaqlarla bağlı yox, kişi və qadını bir ortama gətirən ailədə onlarla hüquq və vəzifələr vardır ki, bunlar qarşılıqlı şəkildə qorunur, həyata keçirilir və yaxud da əksinə… Belə isə bu yazımızda ailələrimizdən, kişi-qadın hüquq və vəzifələrindən söhbət açaq.

 

Qarşılıqlı hörmət, sayğı ailənin təməl daşıdır

Hələ ailədə vəzifələr formalaşmazdan əvvəl qadın və kişinin bir-birilərinə hörmət və sayğısı ailənin təməl daşıdır. Yəni evliliyin ilk günündən ailədə münasibətlər necə qurularsa, sonrakı dövrdə də o cür davam edəcəkdir. Bu, “Ailə” adlı kitabın ilk səhifəsidir. O səhifəyə ilk gündən hansı dəsti-xətlə yazmağa başlayarsansa, sonadək o dəsti-xətlə də davam edəcəkdir.

Ailədə hörmət və sayğı nədir? Ailə yeni qurulub. Yeni ailə ya özünə məxsus mənzildə, ya da oğlanın atasının evində yaşayır. Yəni bu, əvvəlcədən-yəni toydan əvvəl məlum olduğundan həm kişi, həm də qadın hər iki hala hazır olmalıdır.

Yeni qurulan ailələrin ayrı yaşaması daha məsləhətdir. Düzdür, bizdə tarixən ailə ailə içərisində yaşayıb. Və belə bir təsəvvür formalaşıb ki, bir oğlun varsa, onu ayırmaq olmaz, el səni qınayar. Əgər iki-üç oğlun varsa, o birilər evlənənə kimi bu ailə səninlə bilikdə yaşamalıdır.

Qədim adət-ənənələrimizə, ailə dəyərlərimizə böyük sayğı ilə yanaşırıq, bu, hər birimizin də borcudur. Ona görə ki, bu dəyərləri biz yalnız öz övladlarımıza verməklə yaşada bilərik. Lakin ailə dəyərlərimiz tək ailə içərisində ailənin yaşaması deyil. Minlərlə dəyərlərimiz var ki, onlar necə ki, bu günədək yaşadılıb, bundan sonra da yaşadılacaq.

Lakin ailə içərisində ailənin yaşamasına bu günün prizmasından baxdıqda, həqiqətən çətinliklərin yarana biləcəyi də gözlər önünə gəlir. Məsələn, yeni qurulan ailənin qadınının bu ailəyə uyğunlaşması, bu evin qayda-qanununu bilməsi üçün zamana ehtiyac var təbii ki. Bu baxımdan da həm qayınana, həm də gəlin səbirli olmalıdır ki, o zaman gəlib keçsin və hər şey öz qaydasına düşsün. Lakin bəzən qarşılaşdığımız hadisələr bunların əksini göstərir. İki-üç aylıq gəlinlər qayınana tərəfindən məzəmmət edilməyə başlanılır. Qayınana gəlinə səhər yuxudan gec oyandığını, yoldaşını onun işə yola saldığını, bir əşyanın yerinin bura deyil, ora olduğunu dəfələrlə söyləməklə münasibətlərin pozulmasının təməlini qoyur.

Hər bir qadının eyni xarakterdə olmadığını nəzərə alsaq, təbii ki, buna qarşılığın da oxşar olmadığını asanlıqla demək olar. Bəli, qayınananın iradlarını bir qadın bir cür, digəri isə başqa cür qəbul edir. Bu, ya elə ilk aylardan münasibətlərin pozulması ilə, ya da səbir edib hər şeyin qaydasına düşməsini gözləməklə nəticələnir. Təbii ki, bu münasibətlər ər-arvad münasibətlərinə də təsir edir və onlar arasında ilk aylardan söz-söhbətin yaranmasına şərait yaradır. Belə olanda kişi tərəfindən qadının vəzifələri sadalanmağa başlayır.

 

Müəyyən edilən vəzifələr

Bəli, belə olanda kişi qadın üçün vəzifələr müəyyən etməyə başlayır: sən bu evin gəlinisən, səhər hamıdan əvvəl oyanmalısan, süfrəni hazırlamalısan, hamını işə yola salmalısan, sonra yır-yığışla məşğul olmalısan, evin bütün iş-gücünü sən görməlisən, anam illərdir ki, bizim qayğımızı çəkir, ta yaşlaşıb, qoy dincəlsin.

Bunun qarşısını kim almalıdır? Əlbəttə, biz valideynlər. Gəlin daha çox qayınanası ilə təmasda olduğu üçün ilkin münasibətlərin qorunmasına, səhv vəzifələrin qoyulmamasına da o cavabdehdir. Qayınana evdə öz vəzifələrini normal şəkildə həyata keçirirsə, həyat yoldaşı ilə hüquq və vəzifələrini düzgün idarə edə bilirlərsə, deməli, bu, yeni qurulan ailə üçün də nümunə olacaqdır. Yoxsa qayınana vaxtilə öz qayınanası tərəfindən sıxışdırılıbsa, el içində deyildiyi kimi, qul kimi işlədilibsə, gözünün yaşı qurumayıbsa, hüququ, vəzifəsi bilinməyibsə, o da bu gün bunun acığını öz gəlinindən çıxırsa, bu, əsla düzgün deyil və yeni ailənin təməl daşını laxladacağına şübhə yoxdur. Əksinə, qayınana öz qayınanasından fərqli olarsa, gəlinini öz qızı kimi qəbul edərsə, özünün vəzifəsinin nə olduğunu, gəlinin vəzifəsinin nə olduğunu bilərsə, söz-söhbətin yaranmamasına çalışarsa, səbirli olarsa, bunun yeni ailəyə də müsbət təsiri böyük olar.

Ən yaxşı hal isə odur ki, qayınana gəlini ilə qarşılıqlı anlaşa bilsin. Yəni gəlinin bacarmadığı işi, səhv hərəkətini onu acılamaqla yox, qarşısına əyləşdirib səmimi söhbətlə başa salsın. Belə olan halda bütün münasibətlər ilk gündəki kimi sayğılı olacaq və belə də davam edəcək.

Çox təəssüf ki, əsrlər, illər gəlin-qayınana münasibətlərini əsla tənzimləyə bilmir. Zaman bir məsələnin qarşısında hələ də acizdir ki, qayınana-gəlin münasibətlərində hansı tərəf haqlı, hansı tərəf haqsızdır. Bu, illərin gündəm mövzusu olsa da, gəlinlə qayınana arasındakı 25-30 yaş fərqi haqlı tərəfin kim olduğunu özü söyləyir. Əlavə izaha ehtiyac yoxdur.

Beləliklə də vəzifələrin səhv təyin olunması ailədə ilkin münasibətlərin pozulmasına, ər-arvad arasında soyuqluğun yaranmasına səbəb olur. Həmin ailə sonralar ata evindən ayrılıb müstəqil yaşamağa başlasa da, münasibətlər bərpa oluna bilmir, çünki təməl artıq silkələnmişdir.

 

Müstəqil yaşayan ailələr

Belə də olur ki, ailə evliliyin ilk günündən sərbəst yaşamağa başlayır. Bu halda da qadın və kişi vəzifələrinin nədən ibarət olduğunu yaxşı bilməlidir. Yoxsa münasibətlər tamamilə pozular. Məsələn, qadın bir gün ərzində hara gedəcəyi, haradan gələcəyi barədə həyat yoldaşına məlumat verməlidir. Bu, böyük etikadır ki, həyatı bir yerdə paylaşmağa qərar verən iki nəfərin bir-birilərinin hara olması haqqında məlumatları olur. Bəzi gənclərimiz var ki, bunu qətiyyən qəbul etmək istəmir, icazə kimi başa düşürlər. Lakin bu, icazə deyil, sadəcə məlumat xarakterlidir. Eynilə də kişi, o, əgər işdən sonra dostu ilə və yaxud işlə bağlı görüşü olacaqsa, bu barədə həyat yoldaşına xəbər verməlidir. Bu, onun vəzifəsidir, çünki ailəlidir, evdə gözləyən var və onun hüququdur ki, həyat yoldaşının harada olduğunu bilsin.

Elə ki, uşaq dünyaya gəlir, bundan sonra isə ailədə yeni vəzifələr müəyyənləşir. Yəni uşaq ortaq bir anlamda olduğu üçün sözsüz ki, vəzifələr də ortaq olmalıdır. Yoxsa kişi bütün gün uşağa baxmasını, gəzintiyə çıxarılmasını, üstəlik də evin digər işlərinin də öhdəsindən gəlməsini qadının vəzifəsi hesab edirsə, bu, tamamilə yanlışdır və qadının hüquqlarına qarşı sayğısızlıqdır. Kişi “uşağın səsini kəs, mən gecəni yatmasam, sabah necə işə gedərəm” deyirsə, həyat yoldaşına qarşı böyük hörmətsizlik edir. Onsuz da ərinin işə gedəcəyini düşünən hər bir qadın gecələr uşağı sakitləşdirməyə can atır.

Uşaq qarşılıqlı şəkildə, köməkliklə böyüdülməlidir. İlk aylarda uşaq təbii ki, ailənin normal yaşayışını pozacaq. Gecə yuxusuzluğu da olacaq, gündüz narahatlığı da. Lakin bunların hər birinin öhdəsindən gəlinməsi qadının vəzifəsi olaraq qəbul edilərsə və ona heç bir köməklik göstərilməzsə, bu, doğru olmaz.

Müstəqil yaşayan ailələr uşaqlar dünyaya gələnədək iki nəfərdən ibarət olduqlarına görə burada hüquq və vəzifələr daha aydın şəkildə görünür. Bu hüquq və vəzifələrə əvvəldən hansı sayğı ilə yanaşılarsa, sonrakı dövrdə də o cür davam edəcəyinə şübhə yoxdur. Uşaqlar doğulandan sonra isə ailədə kimin hansı vəzifəyə malik olması sayğı ilə də davam olunur.

Bir sözlə, evdə məişət tullantısını atmaqdan tutmuş, uşaqları bağçaya, məktəbə aparıb-gətirməyədək, evin bazarlığınadək hər biri qarşılıqlı anlaşma şəklində görülməlidir.

 

Hörmət ailənin təməl daşıdır

Bəzən düşünürük ki, ailələr nə üçün dağılır. İnanın ki, dağılan ailələrin əksəriyyəti sayğısızlıq səbəbindən dağılır. Sayğısızlıq bəzən o həddə çatır ki, insan buna dözə bilmir. Məsələn, qayınananın “gəlin mənim süpürgəmdir, haraya qoysan, orada da dayanmalıdır”, “gəlin məndən icazəsiz ata evinə gedə bilməz” və yaxud “gəlin olan yerdə mən nə üçün yemək hazırlamalı, qab yumalı, süfrə açmalıyam” kimi iddialar sayğısızlıq deyil, bəs nədir? Dünənədək bütün işlərini özü görən, qızına qab yudurtmayan qayınana necə olur ki, gəlin gələndən sonra bunlardan imtina edir?

Və yaxud da müstəqil yaşayan ailələrdə ər işdən gəlir ki, arvadı evdə yoxdur. Bu ər arvadını harada axtarmalıdır, maraqlı deyilmi? Arvad gedib atası evinə, rəfiqəsi ilə görüşməyə çıxıb, evdən xeyli aralıda yerləşən mağazaya gedib, bu barədə ərinə məlumat verməyib. Ər belə olan təqdirdə onu harada axtarmalıdır? Axtarması necə, doğrudurmu? Və yaxud uşağı baxçaya, məktəbə aparmaq-gətirməyi ər-arvad bir-birilərinin üstünə atırlar. Ər deyir bu, mənim vəzifəm deyil, arvad deyir ki, bəs mənim necə, vəzifəmdir? Ər də bunun qarşılığında deyir ki, doğmusan, aparmalısan da, gətirməlisən də. Bax burada ən birinci gözə görünən sayğıdır. O sayğı ki, artıq yavaş-yavaş tükənməyə başlayır. Tükəndikcə isə bir evin təməl daşı zədələnməyə başlayır. Beləliklə üst-üstə gələn bu kimi problemlər həmin təməl daşını zədələyə-zədələyə bir gün tamamilə yıxılmasına səbəb olur. Ailə dağılır, hər kəs bir tərəfə üz tutur, uşaqlar travma alır, bir gələcək məhv edilir.

Lakin olmaz ki, kişi və qadın qarşılıqlı sayğı ilə evin bütün işlərinin öhdəsindən gəlsinlər? Təbii ki, olar. Lakin insanın içindəki “mən”lər buna imkan verərsə…

Kişi qadının, qadın isə kişinin iş rejimini, vaxtını düzgün hesablaya bilərsə, bir-birilərinə hansı işlərdə kömək edə biləcəklərini də planlaşdıra bilərlər. Beləliklə də sənin vəzifəndir, mənim vəzifəmdir sözlərini də işlətməyə lüzum qalmaz, qarşılıqlı anlaşma və əsasən də sayğı şəraitində həyat sakit və mehribanlıqla ötər.

 

Sayğı hüququ üstələyir

Hər bir ailədə həm kişinin, həm də qadının özünəməxsus hüquq və vəzifələri vardır. Vəzifələr ayrı-ayrı olsa da, hüquq bərabərdir. Lakin hüquq bərabərliyi var deyə, biz ailə dəyərlərimizdən, adət-ənənələrimizdən vaz keçə bilmərik. Bəli, qadın və kişi hüquqları bərabərdir, lakin azərbaycanlı ailəsində hörmət və sayğı deyilən anlayışlar da var ki, əsrlərlə hüququn yerini onlar almışlar. Elə bir formada almışlar ki, hüquq yada belə düşməmişdir.

El ailələrimiz olub ki, onlar bütün şəhərə, kəndə nümunə olublar. Belə ailələrdə heç vaxt hüquq, vəzifə söhbəti getməyib. Yeri gələndə kişi samovar salıb, çay dəmləyib, bütün ailəni çaya dəvət edib. Yeri gələndə evin birgünlük yeməyini hazırlamağı boynuna çəkib. Evdə qonaq çox olanda əlinə məcməyi götürüb kişi qonaqlara qulluq edib. Yeri gələndə axşamçağı evə vedrələrlə su daşıyıq. Uşağı yatırdıb. Ev işlərində yoldaşına köməklik göstərib.

İllər öncə, yadımdadır, kəndə gedəndə babamın nənəmə hər dəfə çörək bişirərkən köməkliyini heç vaxt unutmuram. Baş qarışardı təndirdə, bir də görərdik ki, baba çay dəmləyib, çaydan-çaynik, bir məcməyi stəkan-nəlbəki əlində gəlir. Gətirib qapıdan verib gedərdi. Nənəm südü sağardı, babam vedrəni götürüb zirzəmiyə aparardı.

Nənəm də kişiyə məxsus işlərdə babama kömək edərdi. Babam yer belləyəndə belin birini də nənəm götürərdi. Onunla bərabər ləklər düzəldər, şitil, toxum əkərdi. Odun doğrayardılar, mişarın bir tərəfindən babam, bir tərəfindən nənəm tutardı. Bütün bu söylədiklərim nənə və babamın simasında minlərlə azərbaycanlı ailəsinə aiddir. Qadınlarımız həmişə ot biçini zamanı kişilərə kömək üçün onlarla birlikdə çölə gediblər. Deməyiblər ki, yox, bu, mənim vəzifəm deyil. Kişilər də onları zorla aparmayıblar. Qadınların hüquqlarına hörmətlə yanaşıblar.

Bizim ailə dəyərlərimizdə hər zaman sayğı hüququ üstələyib. Məhz buna görə də gözəl ailə dəyərlərimiz formalaşa bilib. Buna görə də ən uzunömürlü ailələr Azərbaycanda mövcuddur. Bütün bunlara görə də ailələrimiz özlərinə “gümüş toy”, “qızıl toy”, “brilyant toy” edirlər. Deməli, gözəl ailələrimiz və ailə dəyərlərimiz var. Deməli, aramızda vəzifə bölgüsü yoxdur. Hüquq seçkiliyi yoxdur. Biz hər işdə bərabərik, həmrəyik. Elə həmrəy, vətənpərvər övladlarımız da bu dəyərli ailələrin tərbiyəsi nəticəsində çoxluq təşkil edir. Bunu 44 günlük Vətən müharibəsində gördük. Gördük ki, övladlarımız necə vətənpərvər, necə həmrəydirlər. Elə bu dəyərlərlə də Zəfər qazandıq. Düşməni torpaqlarımızdan qovduq, ərazi bütövlüyümüzü bərpa etdik. Bu Zəfər həm də ailələrimizdəki tərbiyənin Zəfəri idi. Çünki sayğı olan yerdə ağsaqqal var. Ağsaqqal olan yerdə doğru yol, doğru seçim var.

 

Mətanət Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir