“Ailə dramı”nın fəsadları

Baxış sayı: 1. 491

Uşağın sağlam inkişaf etməsi və şəxsiyyət kimi formalaşması üçün ailədə nizamlı bir həyat forması olmalıdır. Ailədə vilideynlər arasında mütəmadi olaraq baş verən mübahisələr uşaqlara mənfi təsir edir.

Uşaq sevgini, səmimiyyəti, hirsi və əsəbiliyi ailə içində ana və atasından nümunə alaraq öyrənir. Bu səbəbdən uşağın yaşadığı məkanda valideynlər tərəfindən hansı duyğular və davranışlar daha çox sərgilənirsə, uşaq bunları görür və təqlid edərək şəxsiyyətini formalaşdırır. Davamlı hirsli olan və daim bir-birinə qışqıran ata-anayla birlikdə böyüyən bir uşağa ailə hirsli olmamağı, hər hadisəyə sakitliklə baxmağı öyrədə bilməz. Ailə mübahisələri mümkün olduqca uşağın olmadığı məkanda etməli, belə mübahisələr davamlı hala gətirilməməlidir. Uşaq valideynlərini mübahisə edən görməməlidir.

Uşaq psixoloqu Xatirə Əliyevanın dediyinə görə, ailədə daim mübahisə görən uşaqlar ata-ananın ayrılacağı və ortada qalacağı narahatlığını yaşayır. Uşaq hər zaman ailə içində sevginin azalmadığını anlamalıdır. “Bəzi evlər var ki, hər mübahisənin sonu qarşılıqlı ağır təhqirlərə, tərəflərin bir-birini vurmasına gətirib çıxarır. Belə evlərdə uşaqların ruhi sağlamlığı pozulur. Tez-tez ana-atasının mübahisəsinə şahid olan uşaqlarda özünə inam hissi formalaşmır”. Ümumiyyətlə, valideynlər arasında olan mübahisələr körpəlikdən başlayaraq, yetkinliyə qədər hər yaşda uşağa təsir edər. Ancaq fərqli yaş qruplarının reaksiyaları da fərqlidir. Uşaqlar valideynləri arasında olan qışqırıq və söyüşlərə reaksiya olaraq, çox zaman otağı tərk edir, qulaqlarını bağlayıb ağlayır, bəziləri mübahisə zamanı araya girir, ata-anasını sakitləşdirməyə çalışır.

Ata-ana mübahisələri uşaqda dərin izlər buraxır. Valideynlər uşaqlarının mübahisələrdən mənfi təsirləndiyini bildikləri halda mübahisəni davam etdirir, mübahisədən öncə guya uşaqlarını uzaq tutmaq üçün onları öz otaqlarına göndərirlər. Ana və atalarının hirsli, kədərli hallarına şahid olan uşaq üçün bu vəziyyət olduqca sarsıdıcıdır. Ev içərisində mübahisəyə şahid olmayan uşaqların insanlara güvənmə, başqasını sevmə və özbaşına iş görə bilmə kimi bacarıqları istənilən səviyyədə inkişaf etdiyi halda, mübahisənin əskik olmadığı bir evdə böyüyən uşaqlarda görülən problemlər həddən artıq çox olur. Belə ki, məktəbdə müvəffəqiyyətsizlik, qiymətlərin zəifləməsi, məktəb daxilində uyğunsuz mübahisələr ailəiçi mübahisələrə şahid olan uşaqlarda özünü daha çox büruzə edir.

Həmsöhbətimizin sözlərinə görə, ailədaxili mübahisələrə şahid olan uşaqlarda yuxu pozuntuları başlayır, onlar çox zaman ata-ana yanında yatmağa meyl edirlər. Ailədə davam edən mübahisələr uşaqda narahatlıq, qayğı və depressiyaya da yol aça bilər. Bütün bu problemlərlə yanaşı uşağın gələcək həyatı da ata-ana mübahisələri nəticəsində formalaşır. Belə ki, ailə daxilində davamlı mübahisə və zorakılığa şahid olan uşaqlar yetkinlik yaşlarında bəzi şəxsiyyət pozuntuları ilə qarşılaşırlar. Bu cür uşaqlarda təcavüzkar və hirsli davranışlar, evdən qaçma, yalan danışma, ata-anadan qopma, ailə fərdləri arasındakı bağların azalması kimi problemlər müahidə edilir. “Belə uşaqlar evlənmək haqqında düşünmürlər. Evləndikləri zaman isə uğursuz evlilikləri olur. Valideynlər övladlarının uğurlu gələcəyini görmək istəyirlərsə, ilk növbədə uşağın qarşısında dalaşmamalı, mübahisə etməməlidirlər”.

X.Əliyeva bildirir ki, ailə içində meydana gələn mübahisələr zamanı ana-atanın idarəsini itirməməsi və uşağı dəhşətə salacaq hərəkətlərdən uzaq dayanması lazımdır. Xüsusilə atanın anaya qarşı fiziki zorakılıq tətbiq etməməsi böyük əhəmiyyət daşıyır. Mübahisə zamanı uşağa “hakimlik” rolu verilməməlidir. Ana və ya ata uşağı onun tərəfində olmağa çağırmamalıdır. “Qarşıdurmalarda “boşanma-ayrılma-tərk etmə” kimi ifadələrlə yanaşı “öldürmə-intihar etmə” kimi təhdidlər də istifadə edilməməlidir. Ana və ata qarşıdurma zamanı bir-birlərinə olan hirsini uşaqlara əks etdirməməli, onları danlamamlıdır”.

Əgər uşaq ana ilə atanın mübahisəsinə şahid olmuşsa, qarşıdurma uşağın yanında bitməlidir. Çünki ana ilə ata arasındakı qarşıdurmanın sonlanması uşağı sakitləşdirmiş olacaq.

Uşaq sevgini, səmimiyyəti ailədən öyrənir. Uşağın gələcəyinin uğurlu olması üçün valideynlər məsuliyyət daşıyır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir