Qumru Eyvazova

Aliment hansı gəlirlərdən tutulur? – “VƏKİL BÜROSU”

Baxış sayı: 969

Məhkəmə qətnaməsi əsasında qət edilmiş alimentin valideynin hansı gəlirindən tutulub tuutlmaması məsələsi çox vaxt hər kəsdə sual yaradır. Təbii ki, bunun cavabı qüvvədə olan qanunvericiliklə tənzimlənir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən aliment ödənişi iki formada mümkündür- sabit pul məbləğində və ya qazancının (digər gəlirlərinə) müəyyən bir hissəsindən ödənilməsi yolu ilə. Qeyd etmək yerinə düşər ki, aliment onu ödəyən şəxsə çatası qazancın (gəlirin) məbləğindən vergilər tutulduqdan sonra alınır.

Yuxarıda da qeyd etdiyimiz kimi, alimentin toplandığı əsas gəlir mənbəyi əməkhaqqıdır. Onun ölçüsünün müəyyən edilməsi dəyişkən olduğundan, adətən məhkəmə qətnaməsində uşaqların sayına nisbətdə qərar verilir. Yəni, məsələn 1 uşağa görə əmək haqqının 4/1 hissəsi, 2 uşağa əmək haqqqının 3/1 hissəsi, 3 və daha çox uşağa görə isə əmək haqqının yarısı. Lakin iş yerində əmək haqqının artırılması və ya azalması məsələsi olduğundan, dəqiq məbləğ müəyyən edilmir, və cavabdehdən onun aldığı aylıq məbləğin yuxarıda göstərilən nisbətləri çərçivəsində alınır. Bu da,yalnız İcra şöbəsinin Dövlət Məşğulluq Agentliyinə göndərdiyi sorğuya cavab olaraq müəyyən edilən məbləğdən tutulur. Lakin, qeyd etmək yerinə düşər ki, bu məbləğ dövlət tərəfindən müəyyən edilmiş minimum məbləğdən, yəni 1 uşağa görəv 193 manatdan aşağı ola bilməz.

Aliment ödəyicisinin kredit təşkilatlarında yerləşdirilən əmanətlərdən faiz şəklində gəliri varsa, bu da aliment məbləği təyin edilərkən nəzərə alınacaqdır. Məcburi yığılması halında, bank, aldığı icra sənədi əsasında müstəqil olaraq pul köçürə bilər. Lakin, bu əmanətlər barədə iddiaçının məlumatı varsa, bu məlumatı məhkəməyə təqdim etməli və alimentin həmin əmanət faizlərinə yönəldilməsini xahiş etməlidir.

Məhkəmə icraatı zamanı aliment ödəyicisindən digər daimi gəlir mənbələri müəyyən edildikdə, aylıq ödənişin məbləği təyin edilərkən bunlar da nəzərə alınır. Beləliklə, bu cür mənbələr kimi hər hansı bir əmlakın (evlərin, mənzillərin) icarəsi, sahibkarlıq fəaliyyəti, dividentlər tez-tez göstərilir.

Aliment ödəyicisinin daimi gəliri yoxdursa, məhkəmə qanunsuz gəliri nəzərə ala bilər. Məsələn, bəzi vətəndaşlar mülki qanunvericilik müqavilələri əsasında işləyirlər, əməkhaqqı almırlar, ancaq vaxtaşırı böyük miqyaslı mükafat alırlar. Bu vəziyyətdə məhkəmə alimenti müəyyən bir miqdarda təyin edə bilər və valideyn müstəqil olaraq öz gəlirlərini tənzimləyəcək və bu vəsaitin uşağın saxlanması üçün aylıq köçürülməsini təmin edəcəkdir. Bu da təbidir ki, tərəflər arasında qarşılıqlı razılıq əsasında həyata keçirilir, belə ki, qeyd etdiyimiz kimi, cavabdehin bu gəlirin olması barədə nə iddiaçının, nə də məhkəmənin məlumatı olmur. Bunun üçün də, cavabdeh yalnız özü razılıq verə bilər ki, o aylıq olaraq, dövlət tərəfindən müəyyən edilmiş minimum məbləği deyil, ondan yuxarı məbləi vermək iqtidarındadır və hər ay bu məbləği ödəyəcəkdir.

Həmçinin, bir valideyn tərəfindən alınan digər müavinətlər, o cümlədən təqaüdlər və digər dövlət müavinətləri, bir valideynin daimi gəliri kimi nəzərə alına bilər. Alındıqlarını və məbləğini təyin etmək çətin deyil, buna görə bu məbləğlər aliment ödəyicisinin aylıq gəliri hesablanarkən nəzərə alınacaqdır.

Bəs gəlir dedikdə hansı növ gəlirlər başa düşülür? Aşağıda sadalanan gəlir növlərindən alimentin tutulması həyata keçirilə bilər:

* Əmək müqaviləsi (kontraktı) üzrə işləyən işçilərə (əvəzçilik də daxil edilməklə) ödənilə bilən əmək haqqından, o cümlədən:

  • pul və ya natura ilə ödənilən tarif (vəzifə) maaşlarından, vaxtamuzd və işəmuzd qiymətlər və əməyin ödənilməsinin digər sistemləri üzrə əmək haqlarından;
  • pul və ya natura ilə əməkhaqqına olan bütün növ əlavələrdən;
  • pul və natura ilə verilən mükafatlardan;
  • iş vaxtından artıq vaxtda görülən işə görə, habelə istirahət, səsvermə və iş günü hesab edilməyən bayram günlərində, eləcə də ümumxalq hüzn günündə görülən işə görə pul və ya natura ilə verilən əmək haqqından;
  • işçinin təqsiri olmadan zay (yararsız) sayılan məhsulun istehsalına, boşdayanmaya, hasilat normalarını yerinə yetirmədiyinə, soyuq və isti havalar şəraitində fasilələrə və işin dayandırılmasına görə ödəmələrdən;
  • müvəqqəti əvəzetməyə görə ödəmədən;
  • qanunvericiliklə işçilərin iş yerlərinin və orta əməkhaqqının saxlanıldığı, əvvəlki əmək haqqı ilə yeni iş yerindəki əməkhaqqı arasındakı fərq ödənildiyi və əvvəlki vəzifəsi (peşəsi) üzrə əmək haqqı saxlanıldığı hallarda ödənilən haqdan;
  • qanunvericiliklə məzuniyyət dövründə saxlanılan orta əməkhaqqından, habelə əmək müqaviləsinin ləğvi ilə əlaqədar işçiyə istifadə edilməmiş əmək məzuniyyətinə görə pul və ya natura ilə ödənilən pul əvəzindən;
  • xidmət illərinə görə işçiyə pul və ya natura ilə verilən birdəfəlik mükafatlardan;
  • il ərzində işin yekunlarına görə işçiyə pul və ya natura ilə verilən mükafatdan;
  • əmək müqaviləsinə xitam verilərkən ödənilən işdənçıxarma müavinətindən və işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün ödənilən orta əməkhaqqından;
  • qəzet, jurnal, nəşriyyat, radio və televiziya, informasiya agentliklərinin ştatlarında olan ədəbi işçilərə ədəbiyyat qonorarı fondlarından verilən qonorarlardan, daimi xarakter daşıyan müəlliflik artist qonorarlarından və quruluş haqqından.

aliment

Yuxarıda sadalanan əməkhaqqı üzrə alınan gəlirlərdən savayı, qanunvericilik “Digər gəlir” ifadəsini də özündə ehtiva edir. Bəs digər gəlir dedikdə nə başa düşülür?

Qanunvericiliklə müəyyənləşdirilmiş digər gəlirlər dedikdə, yəni

  1. məcburi dövlət sosial sığorta ödəmələrinə aid edilən müavinətlərdən və sosial müavinətlərdən (dəfn üçün müavinət istisna olmaqla);
  2. istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri ilə əlaqədar əmək qabiliyyətini itirmiş şəxslərə dəymiş zərərə görə ödənilən ödənclərdən;
  3. faktiki alınan pensiyadan;
  4. ali və orta ixtisas məktəblərində və kurslarda oxuyan müddətdə alınan təqaüdlərdən;
  5. aliment ödəyənin həyətyanı sahəsindən və yardımçı təsərrüfatından əldə etdiyi gəlirdəki payından;
  6. işsizlikdən sığorta ödənişindən;
  7. Fiziki şəxsin sahibkarlıq fəaliyyətindən, habelə ailə kəndli təsərrüfatından əldə etdiyi xalis gəlirdən;
  8. Mülki-hüquqi müqavilələr üzrə işlərin yerinə yetirilməsinə görə ödəmələrdən.
  9. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərin qazancından aliment tutularkən bu qazancdan gəlir vergisinin, məcburi dövlət sosial sığorta haqqı və digər məcburi ödənişlərin tutulması Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 99-cu maddəsində müəyyən edilmiş qaydada həyata keçirilir.
  10. Hərbi qulluqçulardan, həmçinin hüquq-mühafizə orqanlarının sıravi və komanda heyətindən olan şəxslərdən aliment vəzifə maaşından, hərbi rütbəyə görə verilən maaşdan, habelə vəzifə maaşına olan əlavələrdən və daimi xarakter daşıyan digər ödənclərdən tutulur.
  11. Müddətli xidmət hərbi qulluqçularından aliment ümumi əsaslarla tutulur.
  12. Yazıçılardan, bəstəkarlardan, rəssamlardan və digər yaradıcı işçilərdən aliment müəlliflik qonorarı məbləğlərindən, vəkillərdən vəkil qurumlarında və qanunvericiliklə müəyyən edilmiş digər qaydada işinə görə bütün növ qazanclarından tutulur.

 

Vəkillər Kollegiyasının üzvü, vəkil Qumru Eyvazova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir