magaza

Alınan malların geri qaytarılmaması nə dərəcədə düzdür?

Baxış sayı: 1. 115
“Alınan mallar geri qaytarılmır”. Bu cür elanlara mağazaların əksəriyyətində rast gəlirik. Bir çox mağazada isə bildirirlər ki, alınan məhsul qaytarılmasa da, yalnız dəyişdirilə bilər. Mağaza sahibləri və satıcılar belə xəbərdarlıqlarla özlərini haqlı hesab edirlər. Malın qaytarılması və ya dəyişdirilməsi ilə bağlı mübahisə yaranarkən, “biz xəbərdarlıq” etmişik deyərək, müştərini borclu çıxarırlar. Bəs qanun nə deyir?
 
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanununun 15-ci maddəsində alınan malın geri qaytarılması nəzərdə tutulub. Alıcı aldığı malı başqa ölçülü, formalı və ya quruluşlu oxşar malla dəyişdirə bilər. Qanuna əsasən ərzaq məhsullarının da istifadə olunmadığı və vaxtı keçmədiyi təqdirdə qaytarılması, ya da dəyişdirilməsi mümkündür. Lakin vətəndaşlar bununla bağlı müəyyən problemlərlə üzləşdiklərini iddia edirlər.
“Azad İsehlakçılar Birliyinin” (AİB)sədri Eyyub Hüseynov təəssüf hissi ilə bildirir ki, ölkəmizdə istehlakçıların hüquqularının müdafiə siyasəti yartımaz bir haldadır.
Onun sözlərinə görə, 1997-ci ildə AİB yarandıqdan sonra istehlakçı hüquqlarını qoruyan əlahiddə dövlət orqanının yaradılması baş verdi:
 
“Dövlət ictimai birliyimizin səsini eşitdi və İqtisadiyyat Nazirliyi yanında istehlakçıların hüquqularının müdafiəsi xidməti yaradıldı. İstehlakçı hüquqları haqqında qanunda göstərilir ki, ərzaq malları yararlılıq müddətindən dəyişdirilə və ya qaytarıla bilər. Lakin Nazirlər Kabinetinin dəyişdirilməyən və geri qaytarılmayan mallar siyahısında qeyd olunur ki, ərzaq məhsulları marketdən çıxarıldıqdan sonra dəyişdirilə və ya qaytarıla bilməz. Bu, məntiqsizdir. Belə çıxır ki, alıcı mağazanın içində qazan asıb yağı qaynatmalıdır ki, görsün yağdan pis qoxu gəlir, yoxsa yox? Dəfələrlə təkiflər vermişik ki, bu cür hallar qanundan götürülsün”.
E.Hüseynov bildirir ki, ölkəmizdə alınan hər hansı bir məhsulun qaytarılması və ya dəyişdirilməsi ilə bağlı xaotik durum var:
“Qızıl qaytarılmayan mallar siyahısındadır. Alandan sonra nə dəyişdirilə, nə də qaytarıla bilər. Lakin kitab qaytarılan mallar siyahısındadır. Bu, qeyri-məntiqi və qanuni, qızıl isə nə məntiqi, nə də qanunidir. Bir sıra ticarət şəbəkələri istehlakçı hüquqlarına çox diqqətlə yanaşır və bütün hallarda malın yararlılıq müddəti keçmədiyi halda malı dəyişdirir və ya qaytarırır. O cümlədən apteklərdə də belə hallar baş verir. Yəni aptekdəki mallar da dəyişdirilən və qaytarılan mallar siyahısındadır. Lakin ərzaq malları ilə bağlı paradoksal mövqe var. Düşünürəm ki, bütün hallarda ərzaq malları da istehlakçı tələbatını ödəmirsə, dəyişdirilə və qaytarıla bilər. Birmənalı şəkildə vaxtı keçmiş ərzaq məhsulunun satışı qadağan olunub. Ona görə də istehlakçı görsə ki, vaxtı keçmiş ərzaq məhsulunu alıb, onu qaytara və ya dəyişdirə bilər. Vətəndaşlara tövsiyə edirəm ki, bu barədə “1003” qaynar xətti ilə əlaqə saxlayıb Qida Təhlükəsizliyi Agentliyinə xəbər versinlər”.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir