1512458644_1

Amerikalı professor: “Dərslərimdə Qarabağ münaqişəsi barədə müzakirələr aparıram”

Baxış sayı: 371
Amerikalı folklorşünas alim, Cənubi Karolina ştatındakı Kostal Karolina Universitetinin (Coastal Carolina University) professoru Anna Oldfield Azərbaycan aşıq sənətini tədqiq edib. Bu tədqiqat işi 2005-2008-ci illəri əhatə edib. Ancaq onun ölkəmizlə əlaqələri, bağlılığı bu gün də davam edir. Amerikalı tədqiqatçı ilə söhbətləşdik.
– Xanım Anna Oldfield, Azərbaycanla ilk tanışlığınızı necə xatırlayırsınız? Ölkəmizə maraq haradan qaynaqlanıb?
– Azərbaycana marağım Viskonsin-Medison Universitetində Türk folklorunu öyrənən zaman yaranmağa başlayıb. İnana bilmirdim ki,  burada “Koroğlu” və “Aşıq Qərib” dastanını aşıq kimi ifa edə biləcək sənətkarlar var.  Bu, nadir sənət olduğundan , bu haqda çox məlumat toplamaq istəyirdim. Lermontovun əsərlərindən Qafqaz dağlarının  gözəlliyi haqqında çox oxumuşdum və bu dağları görmək arzusunda idim. İlk dəfə Azərbaycana gələndə Bakının gözəlliyi və insanların səmimiliyi məni heyran etdi.  Bundan sonra isə dağları ziyarətə də getdim.
– Bakıya ilk gəlişinizdən keçən vaxt ərzində paytaxtımız necə dəyişib?
Mən ilk dəfə Bakıya 2004-cü ildə gəlmişdim. O vaxtdan etibarən Bakıda yeni binalar inşa olunub və çox müasir nəqliyyat vasitələri xəttə buraxılıb.
– Yaşadığınız ştatda Azərbaycanı nə qədər tanıyırlar?
– Mən  namizədlik dissertasiyasını müdafiə etmək üçün Viskonsində yaşayarkən  Universitetimizdə Dünya Musiqi Festivalı keçirilirdi və o vaxt Azərbaycanlı ifaçılarla tanış olmaq Medison sakinlərinə nəsib olmuşdu. Bunun sayəsində Azərbaycan haqqında  bir az məlumatlanmışdılar. Vaşinqton, Nyu-York, Los-Anceles kimi böyük şəhərlərdə isə insanlar  Azərbaycan haqqında daha çox eşidiblər. Yaşadığım  və işlədiyim Cənubi Karolina ştatında isə insanların Azərbaycan haqqında mənim dərslərimdə verilən informasiyadan başqa detallı məlumatları yoxdur.
– “Azərbaycanın qadın aşıqları: adət-ənənələr və onların transformasiyası” mövzusunda dissertasiya müdafiə edibsiniz. Bu araşdırma üçün nə qədər vaxt sərf etdiniz? Başlıca olaraq, hansı mənbələrə müraciət etdiniz?
– Azərbaycan qadın aşıqları haqqında araşdırmalarım bir neçə il davam etdi, tədqiqatıma sıfırdan başlamışdım. Aşıqlar və ya qadın aşıqları haqqında heç bir məlumatım yox idi və Amerikada bu haqda informasiya mənbəyi tapmaq qeyri-mümkün idi.  Xoşbəxtlikdən Azərbaycana gələ bildim, Azərbaycan dilini öyrəndim və folklorşünaslarla, aşıqlarla birlikdə mövzunu tədqiq etdim.  Aşıqlar haqqında çox şey öyrəndim, onların kitablarını və səs yazılarını topladım, aşıqlarla müsahibələr apardım. Alimlər belə fikirləşirlər ki, qadınlar epik janrı ifa edə bilməzlər,  yəqin qadın aşıq janrı SSRİ-də yaranıb . Mənim tədqiqatım sübut etdi ki, Azərbaycanda qadın aşıqlar 100 il bundan öncə, SSRİ-dən əvvəl də var idi.
– Azərbaycan aşıq sənətinin aparıcı məktəblərindən olan Qarabağ aşıq məktəbinin formalaşdığı ərazinin böyük bir hissəsi 25 ildən artıqdır ki, Ermənistan tərəfindən işğal altında saxlanılır, bu ərazilərdəki bütün infrastruktur, eləcə də milli-mədəni abidələr, aşıq sənəti ilə bağlı olan bütün abidələr darmadağın edilib. Sizin araşdırmalarda bu fakt öz əksini tapırmı?
– Mən aşıqlar haqqında yazanda və ya aşıq sənətini tədris edəndə, Qarabağın işğalı və aşıq sənətinin diyarı olan Göyçə və Kəlbəcər kimi bölgələrdən Azərbaycanlıların qovulmasını da müzakirə edirəm. Aşıqlar diyarı olan bu bölgələr müharibə nəticəsində darmadağın edilmiş və aşıq sənətinə böyük ziyan vurulmuşdur.  Aşıq sənətinin ifaçıları və dinləyiciləri əsasən məcburi köçkünlərdir və indi aşıqların mövzusu itirdiyi doğma diyarlarından bəhs edir. Bütün bunları dərslərimdə müzakirə edirəm.
– Yəqin tədqiqat zamanı klassikləri araşdırmaqla yanaşı, müasirlərlə də görüşmüsünüz.
– Mən həm klassik ədəbiyyat nümunələrini (məsələn, “Leyli və Məcnun”) və eləcə də müasir  ədəbiyyat nümunələrini (məsələn, “Əli və Nino”) tədris və tədqiq edirəm. Bəli, bunlar bir-biri ilə əlaqədardır.
– Vətəninizdə bu araşdırmanızı necə qarşıladılar?
– İnsanlar çox maraqlanırlar, çünki onların Azərbaycan haqqında məlumatları yoxdur. Çox zaman bunun dəqiq yerini tapmaq belə çətin olur, çünki bu sahədə çalışanların sayı azdır. Əsasən Azərbaycan tarixi və siyasəti tədqiq edilir.
– Səhv etmirəmsə, Azərbaycan folklorunun ABŞ universitetlərində tədris edilməsi və Koustal Karolina Universitetində Azərbaycan guşəsinin yaradılması ideyalarını irəli sürmüşdünüz. Bu ideyalar hansı miqyasda gerçəkləşdi?
– Mən artıq Azərbaycan folklorunu (“Kitabi Dədə Qorqud”, Aşıq sənəti) ABŞ-ın Kostal Karolina Universitetində  tədris edirəm. Lakin ABŞ-da tədris etmək üçün çox sayda əsərlərin tərcümələrinə ehtiyacımız var.  Belə bir proyekt üzərində birgə işləmək yaxşı olardı.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir