valideyn

“Analıq məktəbi” övladımız haqqında bilməli olduğumuz vacib məlumatlar

Baxış sayı: 577

Qədim müdriklər hesab edirdilər ki, dünyada 3 böyük sirr var: məhəbbət, ölüm və doğuluş. Sonuncusu, yəni doğuluş – Yer üzünün ən böyük sirli aləmidir. Allahın ən mükəmməl sənət əsəri də məhz insanın doğuluşu hesab olunur və anaya verilən ən müqəddəs vəzifədir.

Psixoloqların fikrincə, analıq hissi, onun yaratdığı xoşbəxtlik qarışıq həm də məsuliyyət hamiləliyin ilk dönəmlərindən başlanır. Qadının hamiləliyi onu təkcə zahiri deyil, eyni zamanda daxili, özəlliklə də psixoloji dəyişikliklə müşayiət edir. Hamiləliyin ilk günlərində artıq anada yanız özünə yox, həm də üzünü hələ görmədiyi, lakin ömrü boyu ona bağlı olan kiçik bir canlıya da cavabdehdir. Məsuliyyət hissinin ilkin mərhələsi ana və uşağın salğamlığıdır. Yəni sağlam övlad dünyaya gətirməkçün ilkin olaraq ana öz sağlamlığının qayğısına qalmalıdır. Bir sözlə, o, ana olmağa həm psixoloji, həm də fizioloji baxımdan tam hazır olmalıdır. Azərbaycanda ilk dəfə olaraq Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyəti tərəfindən açılmış “Analıq məktəbi“ də məhz bu istiqamətdə fəaliyyət göstərir. Yəni gələcək anaları iki fazada – hamiləliköncəsi və sonrasına dair maarifləndirir. Qeyd edək ki, “Analıq məktəbi“nin ümumi fəaliyyət müddəti 5 ili əhatə edir. Bunlardan 3 ili bənzər məktəblərin Avropa fəaliyyətinin öyrənilməsinə, qalan 2 ilisə Bakıdakı rəsmi fəaliyyətə aiddir.

Layihənin ideyası ilk növbədə qadınlara kömək, onları maarifləndirməyə xidmət edir. Çünki bütün problemlərin kökündə, o cümlədən sağlamlıqla bağlı problemlərin kökündə məlumatsızlıq dayanır. Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayılova belə hesab edir: “Ətrafımızda hər şey mükəmməl deyil, eləcə də sağlamlıq naminə üz tutduğumuz məkanlar da. İnsanlar ilk növbədə orqanizmini, öz fiziologiyasını tanımalı, analıq hissinin hansı məsuliyyət, hansı qayğılar tələb etdiyini anlamalıdır. Bununçün, şübhəsiz, ilk növbədə maarifləndirmə missiyası ön plana keçir“.

Analıq məktəbi“ dünyanın bir çox ölkələrində mövcüddur. Hər bir ölkədə bu istiqamətdə müxtəlif maarifləndirmə proqramları həyata keçirilir. Bu məktəblərin təcrübəsindən, iş prinsipindən bəhrələnmək və daha sonra müvafiq modeli Azərbaycanda tətbiqləmək məqsədilə Şəhla İsmayılova müxtəlif ölkələrdə işgüzar səfərlərdə olub. Nəticədə məhz Polşa və Almaniya modelinin Azərbaycanda tətbiqiniə qərar verilib.

Yenilik və stereotiplər

İstənilən yenilik cəmiyyətdə heç vaxt birmənalı qarşılanmır. Hər bir yenilik fərqli düşüncə, fərqli baxış tələb edir. Bu baxımdan “Analıq məktəbi“nin qarşısında başlıca olaraq həmin çətinlikləri, baryerləri aşmaq vəzifəsi dayanırdı. Şəhla İsmayılovanın sözlərinə görə, çətinliklərdən biri kursların təmənnasız olmasına insanların inamsızlığı idi: “Baxmayaraq ki reklam və elanlarda kursların pulsuz olduğunu qabarıq şəkildə bildirmişdik, inamsızlığı dəf etmək çox çətin oldu. Hətta bir çox xanımlar deyirdilər ki, kurslar pulsuz olsa da, müəyyən dərs vəsaitləri hesabına yenə də bizdən pul tələb olunacaq. “Ya da pulsuzdursa, deməli, keyfiyyətsizdir“ düşüncəsinə qapılırdılar. Lakin ilk dərslərə tərəddüdlə gələn xanımlar zamanla fikirlərindəki yanlışlığı gördülər. Hətta öz problemlərini, düşüncələrini deməkdə çəkinən, utanan xanımlar bu kursların xeyrini görüb ürəklənir, onları maraqlandıran problemlər haqda rahatlıqla mütəxəssislərimizə sual verirdilər“. Cəmiyyətdə mövcud olan stereotiplərdən biri də mentalitetdən irəli gələn həddən artıq mühafizəkarlıqdır. Elə bu səbəbdən bir çox qadınların “Analıq məktəbi“nin kurslarında iştirak istəklərini reallaşdırmağa ya həyat yoldaşları, ya da valideynləri imkan vermir.

Daha vacib bir məqamı qeyd edək. Hamilə xanımların psixoloji hazırlığında həyat yoldaşlarının dəstəyinin müsbət təsirini Qərb mütəxəssisləri həm nəzəri cəhətdən, həm də təcrübədə isbatlayıblar. Dəqiq desək, dünyanın bir çox ölkələrində analıq məktəblərinə atalar da gələrək həm xanımlarına psixoloji dəstək olur, həm də maariflənirlər. Paradoksal olsa da, Azərbaycanda daha çox qadınlar bunun əleyhinə çıxırlar. Yəni mentalitetin doğurduğu stereotiplərin təsiri öz sözünü deyir, ya da Şəhla İsmayılovanın dediyi kimi, qadınların buna şüurlu şəkildə hazır olmamağı: “Əksər vaxt bunun səbəbi ondan ibarətdir ki, qadınlar kişilər – həyat yoldaşları və digər qadınların həyat yoldaşları olan auditoriyada oturmaq istəmirlər. Çünki sağlamlıqla bağlı bölüşəcəkləri intim xarakterli bilgilərin diskomfort doğura biləcəyini düşünürlər və buna şüurlu şəkildə tam hazır olmağımız üçün, sadəcə, zamana ehtiyac var“. “Analıq məktəbi“nin qarşılaşdığı digər problem mütəxəssis seçimində oldu. Azərbaycanda peşəsini yüksək səviyyədə bilən, sənətini, işini peşəkarlıqla icra edən mütəxəssis qıtlığı yox, biliyini, lazımi məlumatın anlaşılan formada ötürülmə, auditoriya ilə işləmə qabiliyyətinə malik professionalların məhdud sayda olması problemi vardı. Digər tərəfdən belə mütəxəssislərin məşğulluğu ilə kursların zaman baxımından uzlaşmasında problemlər olurdu. Belə vəziyyətdə kursların keçrilmə saatları mütəxəssislərin zamanına uyğunlaşdırılır.

valideyn

Analıq məktəbindən qazanılanlar

10 dərsdən ibarət kurs həftədə 2 dəfə və 2 saat olmaqla ümumilikdə 5 həftə davam edir. Hazırda yüksək tələbatın olduğunu nəzərə alsaq, kursda iştirak etmək üçün öncədən qeydiyyata düşməlisən. Kursun yarısından qrupa qoşulmaq təlimlərin effektivliyinə mənfi təsir göstərir. Dərslər qapalı şəkildə keçirilir ki, bunun da üstünlüyü iştirakçıların təlim müddətində münasibətləri dostluq quracaq dərəcəyədək səmimiləşir. Bundan başqa, iştirakçılar Azərbaycanca kitablar, çap vəsaitləriylə də pulsuz təmin olunurlar. Yeri gəlmişkən, xanımlarımızın qarşılaşdığı çətinliklərdən biri də məhz ana dilimizdə müvafiq nəşrlərin olmamasıdır. Lazımi məlumatları ya rus, ya da ingilisdilli kitablardan, yaxud da internet vasitəsilə almaq olar. Ali təhsili, xarici dil və internetə çıxışı olmayan qadınlar isə nəticədə informasiya qıtlığı yaşayırlar. Bütün bnları nəzərə alan “Analıq məktəbi“ mütəmadi olaraq sağlamlığa, hamiləliyə dair maarifləndirici dərgilər nəşr etdirir. 20 saatlıq ümumi dərs prosesində hamilə xanımlar sağlamlıqları ilə bağlı çoxşaxəli suallara cavab tapmış olurlar. “Reproduktiv sistem və hamiləlik“; “Hamiləlik və həyat tərzi“; “Hamiləliyin nəzarəti“; “Doğuş“; “Doğuşdan sonrakı dövr“; “Körpəyə qulluq və qida“; “Körpənin gigiyenası və qulluq“; “Süd vəzisi xəstəlikləri“; “Valideyn olmaq bacarığı“ və s. mövzular haqda həm nəzəri, həm də təcrübi məlumatlar verilir. Əyani vasitələr isə mövzunun daha da yaxşı və mükəmməl qavranılmasına kömək edir.

valideyn

Ananın hüquqları

Hamilə xanımların maarifləndirilməsi təkcə fizioloji və psixoloji yönlə məhdudlaşmır. Sirr deyil ki, qadınlar məhz hamilə olduqlarından dolayı, əsasən də karyeralarında bir sıra problemlər yaşayırlar. Bu problemləri dəf etməyin əsas yolu da məhz hüquqi bilgilərin olmasıdır. Bu baxımdan “Analıq məktəbi“nin təlimləri arasında bu yöndən maariflənmə dərsləri də yer alır. Yəni hamilə və uşaq əmizdirən qadının əmək huquqları, analıq məzuniyyəti, hamilə qadının xəstəxanada olan hüquqlarına dair istənilən məlumatlar peşəkar hüquqşünas tərəfindən verilir.

Valideyn

Proqramın gələcək perspektivləri üçün hansı addımlar atılmalıdır?

Etiraf etmək lazımdır ki, “Analıq məktəbi“ hamilə xanımlarımızı analığa hazırlayan yeganə məkan deyil. Paytaxt Bakıda bənzər məktəblərin sayı günü-gündən çoxalmaqdadır. Ancaq bir istisna var. Digər məktəblərin demək olar hamısında xtdmət pulludur. Şəhla İsmayılovanın sözlərinə görə, analıq məktəbləri nə qədər çox olsa, bir o qədər yaxşıdır. Çünki nəticə etibarilə bu istiqamətdə atılan hər addım, görülən hər iş insanların maariflənməsinə, daha doğru həyat tərzi yaşamalarına xidmət edilir: “Düşünürəm, dövlət tərəfindən də bu cür kursların keçirilməsinə diqqət ayrılmalıdır.

Xidmət təkcə Mamalıq və Ginekologiya İnstitutu, o cümlədən qadın məsləhətxanaları ilə məhdudlaşmamalıdır. Bu gün təkcə mərkəz Bakıda deyil, həmçinin bölgələrdəki qadın məsləhətxanalarında da müasir metodlardan istifadəyə böyük ehtiyac var. “Analıq məktəbi“nin məqsədi respublikanın ən azı 3 rayonunda amüstəqil analıq kursları yaratmaqdır. Bu baxımdan dövlətin diqqət və qayğısı mütləqdir“.

 

Sevda Babayeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir