usaqlar

Analıq məzuniyyətindən necə istifadə etməli?

Baxış sayı: 1. 476

Gənc anaların kifayət qədər qayğısı vardır: uzun müddətdir gözlənilən körpə, sevimli həyat yoldaşı və əlbəttə ki, ev işləri. Amma bu, o demək deyil ki, gənc ana bütün arzularından imtina edib evdar qadına çevrilməlidir. Hər kəs kimi gənc ananın da bir qədər həmin işlərdən uzaqlaşıb faydalı və gününü maraqlı edəcək işlərlə məşğul olmaq haqqı vardır. Və əgər bu məşğuliyyətlər yeni təəssüratlar, nəaliyyətlər, zövq və gəlir gətirirsə, bu lap əla olar.

Körpəsinə maksimum sevgi və qayğı göstərmək istəyi anaya üstün gələrək öz istək və maraqlarından imtina etməli olur. Nəticədə nə vaxtsa, baxımlı qadından saçı daranmamış, iki gündür ayağından çıxartmadığı corabda, dişlərini vaxtlı vaxtında fırçalamaq kimi lüksu olmayan “kimsə” qalır. Bu “kimsə” kimə lazımdır? Axı hərşey daha da yaxşı ola bilər?!

Bunun üçün əslinə heç nə tələb olunmur. Sadəcə vaxta qarşı bir qədər tələbkar olmaq gərəkdir.

Gəzinti – Övladınızla açıq havada gəzinti xeyirli olduğu üçün nəinki lazımdır, hətta vacibdir. Ən əsas gəzinti yaxşı olardı ki, səs-küylü və çirkli səkilərdənsə, park yaxud da ağaclar bol olan yerdə baş tutsun. Çünki ağacların ifraz etdiyi maddələr stressdən qurtulmaq üçün effektiv mübarizə aparan yollardan biridir. Tək gəzmək istəmirsinizsə, sevimli rəfiqənizi yaxud yoldaşınızı dəvət edə bilərsiniz.

image

Evdə idman – Gəzintidən fərqli olaraq bu bölmə adından göründüyü kimi evdə baş verir. Əlbəttə əgər maddi cəhətdən problem yoxdursa, xüsusi idman zalına baş çəkə bilərsiniz. Lakin heç bir idman zalı körpənizlə edilən məşqin yerini verə bilməz. O qığıltı, o gülüş əhvalınızı qaldırmaya bilməz.

image

İncəsənət – Əgər yaradıcı insansınızsa uğur sizindir. Tikiş, toxuma, müxtəlif tip aksesuarların hazırlanması və s. Övladınızla maraqlı vaxt keçirmək üçün əl işi ilə məşğul olmaq balacanızın inkişafı üçün çox faydalıdır. Ondan sizə yardım etməsi üçün xahiş edin. Lakin maksimum səbrli olub “uşağı buyur dalınca yüyür” surprizləri ilə qarşılaşa biləcəyinizi də qəbul edin. Ondan qırmızı sapı xahiş etdiniz və o, əvəzində sizə yaşıl karandaşı verirsə, bu normaldır. Ona fərqləri izah etmək üçün əla fürsətdir.

image

Bloq yaradıcılığı – Ünsiyyətcil qadınlar, xüsusən də yazmağı televizora baxmaqdan üstün tutanlar üçün bu tip məşğuliyyət daha uyğundur. Özünüz üçün sayt açın, yaxud İnternet səhifələrin birində bloq yaradın. Əgər öz işinizdə mütəxəssissinizsə, o zaman online konsultasiya məqsədi ilə sayt sizi fəaliyyət sahəniz üzrə kifayət qədər tanıdacaq. Beləliklə, həm sahənizdən uzaqlaşmayacaq, həm də insanlara yardımçı olacaqsınız.

image

Evdə iş – Əgər maddi sıxıntı artıq qapının ağzında sizi gözləyirsə, bu bölmə məhz sizə aiddir. Bu hazırki iş yerinizdə ola bilər. Müdirinizə gördüyünüz işlərin bir qismini gətirib müəyyən qonorar müqabilində evdə davam edə biləcəyinizi təklif edin. Yox əgər belə təklifi qəbul etməsələr, iş elanları saytlarında yerləşdirilmiş digər “freelance” iş təklifləri ilə maraqlana bilərsiniz. Mətn yığımı, tərcümə və kosmetika satışı həmin təkliflər sırasındadır. Qonşu və iş yoldaşlarınız başlanğıc üçün potensial müştəriləriniz ola bilər.

image

Evdə bağça – Kifayət qədər tələb olunan işlərdən biri hesab etmək olar. Məsələn, təhsiliniz imkan verirsə, kifayət qədər səbrli, öz fikirlərinizi səlis çatdıra bilirsinizsə, məktəbə hazırlaşan uşaqlarla məşğul olmaqla həm öz biliklərinizi yeniləyə, həm də qazanc əldə edə bilərsiniz.

image

Öz üzərində iş – Bu çoxdandır ki, öyrənməyə vaxt tapa bilmədiyiniz ingilis dili hazırlığı, sürücülük məktəbi və hətta yeni peşəyə yiyələnmək üçün ixtisas artırma kursu ola bilər. Belə ki, əgər indiki işinizdən bezmisinizsə, hamiləlik sizin üçün qurtuluş olubsa və qətiyyən məzuniyyətdən sonra iş yerinizə qayıtmaq istəmirsinizsə, demək ki “o yerdə” deyilsiniz. O yeri tapmaq üçün sizin qarşınızda özünüzü kəşf etmək şansınız var. Gələcəkdə daha uğurlu və daha yüksək vəzifəyə sahib olmaq üçün sizə lazım olan bilikləri artırın.

mamucitsa