XESTEXANA

Araq zəhərlənməsi zamanı nə etməli?

Baxış sayı: 5. 446

Bir neçə gün əvvəl Rusiyanın İrkutsk şəhərində spirtli içkidən zəhərlənərək ölənlərin sayı 60-a çatıb. Verilən məlumatlara görə, 40 nəfər xəstəxanada müalicə alır, 5 nəfərsə ambulator müalicə üçün evə buraxılıb. Azərbaycana da Rusiyadan və digər xarici ölkələrdən spirtli içkilərin idxal olunduğunu nəzərə alsaq, bu məsələ narahatlıq doğurur.

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin şöbə müdiri, ölkənin baş toksikoloqu Azər Maqsudovun sözlərinə görə, hər  ay spirtli içki zəhərlənməsi ilə müraciət edənlər olur. Vətəndaşlar spirtli içkilərdən, xüsusilə, araqdan zəhərlənmə ilə şöbəyə müraciət edir. Dediyinə görə, mərkəzə sərxoş halda müraciət edənlərin sayı daha çoxdur: “Belə ki, ay ərzində 10-15 nəfər sərxoş halla bağlı müraciət edir, onlar müayinə və müalicə edilib evə buraxılır. Arağın təsiri nəticəsində zəhərlənmə olur, qaraciyərin fəaliyyəti pozulur, ürəkbulanma, qusma, qarın ağrısı, baş gicəllənmə, mədə nahiyəsində ağrılar meydana gəlir”.

Baş toksikoloq qeyd edib ki, bu il spirtli içkilərdən zəhərlənmə diaqnozu ilə 60-a yaxın şəxs mərkəzə müraciət edib. Maqsudovun sözlərinə görə, bu il spirtli içkilərdən zəhərlənmə nəticəsində ölüm halı qeydə alınmayıb: “Keçən il bir nəfər araqdan zəhərlənmə ilə dünyasını dəyişmişdi. Bu il belə hadisə baş verməyib. Ümumilikdə isə keçən il spirtli içkilərdən zəhərlənmə ilə bağlı 52 nəfər mərkəzə müraciət etmişdi”.

Azad istehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, xarici ölkələrdən gətirilən əksər içkilər  vətəndaşlarımız üçün təhlükəlidir. Müsahibimiz qeyd edir ki,  əmlak bazarında ən riskli sektor spirtli içkilər sektorudur. Belə ki, əhalinin çox hissəsi araqların satış şəbəkəsinin saxlanma müddətinin bir ildən, konyakların üç ildən, şərabların isə 6 aydan artıq olmadığından xəbərsizdir: “Bizim monitorinqlərin nəticələrinə görə, təxminən 95 faiz spirtli içkilərin etiketlərində buraxılma tarixinin son yararlılıq müddəti yoxdur. Bu isə o deməkdir ki, spirtli içkilər kifayət qədər ağır maddələrlə zənginləşir və vaxtı keçmiş spirtli içkilər əhaliyə verilir”.

Hüseynovun dediyinə görə, eyni zamanda, xaricdən ölkəmizə vaxtı keçmiş spirtli içkilər də idxal olunur və satışa verilir: “Bir neçə il əvvəl Kənd Təsərrüfatı Nazirliyinə təklif etdik ki, KİV-in, ictimai təşkilatların, dövlət orqanlarının iştirakı ilə bir komissiya yaradaq. Bu komissiya şəffaf, aydın olsun və hər şeyi dəqiqliklə ortalığa qoyaq. Bizim bu təklifimizdən sonra Kənd Təsərrüfatı Nazirliyi belə komissiya yaratdı, lakin bu komissiya qapalı oldu. Bu gün də o komissiya qeyri-şəffaf fəaliyyət göstərir”.
Onun fikrincə, Rusiyadan və digər ölkələrdən gələn spirtli içkilərin Azərbaycan vətəndaşları üçün təhlükəli olması istisna olunmur. “Səhiyyə Nazirliyi bu məsələdə ölüm olsa belə, bunu gizlədəcək. Çünki bütün mallara Səhiyyə Nazirliyi gigiyenik sertifikat verir. Nazirlik həmçinin, spirtli içkilərdən guya ildə bir dəfə ölüm hallarının olduğunu bildirib. Kütləvi istehsal malı ölkənin əmtəə bazarına daxil olduqda heç bir dövlət orqanının cəsarəti yoxdur ki, gömrük orqanının verdiyi sertifikatı təkzib etsin. Belə bir şərait olduqda isə təhlükəli içkilərin ölkəmizə daxil olması qaçılmazdır”.

Həkim terapevt Xatirə Əhmədovanın sözlərinə görə, alkoqollu içkilərdən zəhərlənmə bir neçə halda baş verə bilər. Spirtli içki çox qəbul edilərsə, spirtli içkinin tərkibi dəyişərsə və bir neçə spirtli içki qarışdırılaraq qəbul edilərsə, bu, zəhərlənməyə səbəb olur: “Spirtli içidən zəhərlənmə baş verərsə, bu zaman xəstədə qusma, zehin qarışıqlığı, keyimə,  yavaş nəfəs alma (dəqiqədə 8 dəfədən az), nizamsız tənəffüs (nəfəslər arasında 10 saniyədən çox fasilə), dərinin solğunlaşması və ya qızarma, göyərmə, bədən həarətinin aşağı düşməsi, huşunu itirmə müşahidə edilir. Belə halla qarşılaşdığınız zaman mütləq həkimə müraciət edin”.
Həkim bildirir ki, spirt orqanizmdə sürətli şəkildə yayılsa da, bədəndən gec atılır. Spirtli içkilər qaraciyər tərəfindən metobolizə edilir. Bir içkinin qaraciyərdə metobolizə edilməsi təxminən bir saata başa gəlir. Bir içki deyildikdə 335 millilitr pivə, 148 araq, 44 millilitr  distillə edilmiş spirt nəzərdə tutulur. Spirtli içkilər qarışdırılıb qəbul edilərsə, bu proses daha uzun zaman alır.

Həmsöhbətimiz deyir ki, spirtin qaraciyərdə metobolizə edilməsi orqanizmə görə dəyişir. Ümumiyyətlə, bir saat içində çox içki içmək qaraciyəri ağırlığa salır. Bir saatda 5 qədəh içmək çox içmək hesab edilir: “Çox spirt qəbulu nəfəs alma, ürək atışı və böyürmə kimi adamın boğulmasına mane olan istəksiz hərəkətlərə nəzarət edən sinirlərin funksiyasını pozur”.

Dediyinə görə, spirtli içki zəhərlənməsinin baş verməsində yaşın da böyük əhəmiyəti var. Belə ki, spirtli içki zəhərlənməsindən əsasən 35-54 yaşlı insanlar daha çox ölür.  Çünki yaşlandıqca bədənin spirtli içkini metobolizə etmə qabiliyyəti zəifləyir: “Spirtli içkilərdən əsasən kişilər zəhərlənir və həyatını itirir. Amma bu o demək deyil ki, qadınlar zəhərlənə və ya ölə bilməz. Sadəcə qadınlar o  dərəcdə çox spirtli içki qəbul edə bilmirlər. Amma içki keyfiyyətini itiribsə, bu zaman yaş və cinsiyyət önəm daşımır”.

Çox zaman spirtin təsirini azaltmaq üçün insanlar soyuq duş qəbul edir, yatır və ya acı kofe içirlər. X.Əhmədova bildirir ki, əgər spirtli içki zəhərlənməsi baş veribsə, bu üsullar zərərverici ola bilər. “Bu səbəbdən də spirtli içkidən zəhərləndiyinizi düşünürsünüzsə, həkimə müraciət edin”.

İradə CƏLİL




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir