bosanma

Artan boşanmalar haqda ekspertlər nə düşünürlər?

Baxış sayı: 596

Azərbaycan ailələrində boşanma sayı artır. Son bir neçə həftədə mətbuatda dərc olunan statistik rəqəmlər göstərir ki, evlənənlərlə müqayisədə boşananlar xeyli çoxdur. Ümumiyyətlə, 2010-cu ildən etibarən boşanmaların sayının ilbəil artması nəzərə çarpır. Belə ki, 2010-cu ildə 9 min 61 boşanma qeydə alınmışdısa, sonrakı illərdə biz bu rəqəmlərin daha da artmasının şahidi oluruq. Maraqlıdır, bunun əsas səbəbləri nədir?

Vəkil Türkel Süleymanlı son illərdə ölkəmizdə ailə institutunun öz əhəmiyyətini itirməyə başladığını deyir. O qeyd edir ki, ailəni təşkil edən tərəflər maddi məsələlərə daha çox üstünlük verirlər. Ekspert boşanma sayının artmasının səbəblərindən biri kimi cəmiyyətdəki ümumi gərginliyi, insanlarda dözümsüzlüyün yaranmasını göstərib. Digər səbəb isə maddiyyat çatışmazlığıdır:

“Çox çətin həyat tərzi bir çox hallarda təminatı ödəməyə imkan vermir. Bildiyiniz kimi, dövlət uşaqlar üçün yaşayış minmunu 2020-ci il üçün 175 manat müəyyən etmişdi. 400-500 manat əmək haqqı alan biri təkcə bir övladı üçün ən azı bu qədər vəsait xərcləməlidir. Təbii ki, belə çətinliklər, bu kimi hallar insanlar arasında anlaşılmazlığa səbəb olur”.

Vəkil bəzi kişilərin məsuliyyətdən boyun qaçırdığını, boşanarkən aliment verməkdən yayındığını bildirir.

“Boşanarkən aliment ödəməyən ata evli ikən də yəqin ki, övladının təminatını qarşılamayıb”, – o deyib.

Ekspertin fikrincə, boşanmaya səbəb yalnız maddi sıxıntılar deyil. Cəmiyyətdə sosial qopma baş verib:

“Əvvəllər valideynlərin övladları üzərində müəyyən təsirləri olurdu. Çalışırdılar ki, qurulan ailələr dağılmasın. Yəni, söhbət zorakılığın, alkaqol və digər zərərli vərdişlərin olmadığı ailələrdən gedir”.

Vəkil boşanmaların qarşısının alınması üçün mediasiyanın tətbiqinin də effektiv olacağını düşünmür:

“Bu üsulla yalnız 2-3 faiz cütlüklər arasında olan problemlər həllini tapır. Mediasiya institutu yalnız o halda kömək edə bilər ki, insanlar düşünmədən boşanmaq üçün qərar qəbul etmiş olsunlar. Təbii ki, belə olan halda cütlüklər bir müddətdən sonra sakitləşərək boşanmaq fikrindən imtina edəcəklər. Lakin aylarla, illərlə insanlar arasında sosial bağ qırılırsa, bunu sonradan mediasiya üsulu ilə bərpa etmək mümkün deyil”.

İtaliya təcrübəsindən misal çəkən vəkil bildirir ki, bu ölkədə nikahın bağlanmasından 6 saat əvvəl keşiş cütlüklərlə söhbət edir. Gəncləri nikaha hazırlayır, nikaha daxil olmanın yaratdığı məsuliyyəti izah edir. Bizdə isə gəncləri bu prosesə hazırlayacaq sosial institut yoxdur:

“Avropanın bir çox ölkələrində gənclər 16 yaşdan müstəqil həyata atılırlar. Bizdə isə o yaşda ata-ananın himayəsində olur, ailə quranda da onların himayəsində yaşamağa davam edir və məsuliyyəti tam hiss etmirlər”.

Məhkəmə eksperti, psixoloq Aytən Əliyeva isə iddia edir ki, boşanmalarda sosial şəbəkələrin böyük rolu var:

“Sosial şəbəkələrdə daha çox zaman keçirməyin, yeni tanışlıqların, yaxud da sosial şəbəkələrlə bağlı qadağaların boşanmalara böyük təsiri var. Məişət zorakılığının boşanmalarda roluna gəldikdə isə deyə bilərik ki, məişət zorakılığı hər kəsin başına gəlmir. Lakin ictimai qınaq hər kəsin qarşılaşdığı bir haldır. Çalışırıq ki, kiçik səhvlər ailənin dağılmasına səbəb olmasın, ailələr dağılmasın”.

Ekspertin fikrincə, ailələrin qorunması təkcə övladların xatirinə olmamalıdır:

“Bir evdə təhqir, aşağılanmaq, qalmaqal varsa, ər-arvad münasibətləri düzgün deyilsə, orada normal, cəmiyyət üçün yararlı övlad böyütmək mümkün deyil. Anaya şiddət həm də övlada şiddətdir. Ona görə də belə ailələr boşansalar, daha yaxşı olar. Çünki belə olan halda uşaqlar valideynlərindən daha çox sevgi görürlər, nəinki birgə yaşayadıqda”.

Psixoloq deyir ki, səhvini anlayan tərəflərlə işləmək onlar üçün daha asandır: “Bir-iki il ailə quran cütlüklər əksər hallarda ailə dəyərlərinin nə olduğunu bilməsələr də, uzun illər, 10 il birgə yaşayan cütlüklər bu dəyərləri daha yaxşı başa düşürlər. Uzun müddət birgə yaşayıb sonradan boşanmaq istəyənləri barışdıra bilirik. Birgə, əziyyətlə illərdir övladlarını böyüdən cütlüklər özləri də başa düşür ki, hansısa kiçik səhvlərə görə ailəni dağıtmağa dəyməz. Biz müraciətlərin təxminən 70-80 faizini bu cür müsbət sonluqla yekunlaşdıra bilirik, təbii ki, burada zorakılıq və şiddət yoxdursa”.

A.Əliyeva deyir ki, kişilər tərəfindən boşanma ilə bağlı daxil olan müraciətlərdə ananın övladını döyməsi halları da var. Bəzən bunun əksi də olur: “Yaxud da elə olur ki, qadın müraciət edir, deyir, həyat yoldaşı onunla yaxşı davransa da, övladı ilə xoş rəftar etmir”.

Ekspertin sözlərinə görə boşanmaq üçün müraciət edənlər arasında 20-22 yaşlılar və yaşı 30-dan yuxarı olanlar daha çox üstünlük təşkil edir.

Psixoloqun sözlərinə görə, kişilərin rəsmi ailələrindən kənarda ikinci həyatları olsa da, öz ailələrini qoruyub saxlamaq istəyirlər:

“Hər dəfə cəmiyyət üçün maska geyinə bilməyən qadınlar var. İnsan evdə işgəncə görüb çölə gülə-gülə çıxmağı bacarmır axı”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailə” şöbəsinin sədri Gülnarə Məmmədova deyir ki, bəzən cütlüklərin xarakterlərinin, düşüncə tərzlərinin uyğunlaşmaması da boşanmalara səbəb olur:

“Gənclər bəzən ani ünsiyyəti sevgi kimi qəbul edərək qısa müddətdə ailə həyatı qururlar. Müəyyən müddətdən sonra düşüncələrində ziddiyətlərin olduğunu görürlər. Bu da nikahın pozulmasına səbəb olur. Zorakılıq halları, qadınların psixoloji durumunun zəif olmasının da boşanmalarda rolu var. Ailələrə kənar müdaxilələr də nikahın pozulmasına səbəb olan amillər sırasındadır”.

O bildirir ki, məişət zorakılığı amili boşanmalarda xüsusi rola malikdir:

“Qadınlar hətta boşandıqdan sonra da keçmiş həyat yoldaşları tərəfindən zorakılığa məruz qalırlar. 2010-cu ildə məişət zorakılığının qarşısının alınması üçün müvafiq qanun qəbul edilib”.

G.Məmmədova bildirir ki, Komitəyə alimentin ödənilməməsi ilə bağlı edilən müraciətlərin sayı artmaqdadır:

“Atalar alimenti asanlıqla ödəmirlər. İstəyərdik ki, kişilər aliment məsələsinə xüsusilə həssas yanaşsınlar və hər şeyi qadının çiyinlərinə atmasınlar. Uşaq-valideyn münasibətləri tərəflərin boşanmasından sonra pozulmamalıdır. Övladla valideyn arasında münasibətlər daim qalmalıdır”.

G.Məmmədovanın sözlərinə görə, Azərbaycanda əksər hallarda sivil boşanma olmur, ailələr arasında münasibətlər tamamilə pozulur, tərəflər bir-birlərinə qarşı hörmətsizlik edir, təhqirlər yağdırırlar. Yaxud da bir tərəf uşağı digər tərəfdən gizlədir.

“Boşanmaların qarşısını necə almaq olar” sualına cavabında isə Komitə rəsmisi deyir ki, onlar maarifləndirmə işləri apararaq boşanmaların fəsadlarını göstərməyə çalışırlar. Ədliyyə Nazirliyində də boşanmaq üçün müraciət edən şəxslərin psixoloji durumları öyrənilir, onlarla müəyyən işlər aparılır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir