yemek

“Aşura” yeməyinin mənası nədir?

Baxış sayı: 165

Hər il Aşura günündə ölkənin müxtəlif bölgələrində “aşura” və ya “hədik” adlı yemək bişirilərək paylanılır. Bu ənənənin yaranması ilə bağlı müxtəlif versiyalar yaransa da, dini mənbələrdə məlumat yoxdur. Ümumilikdə isə Məhərrəmlik ayının 1-cu günündə, yəni Aşura günü “hədik” yeməyi hazırlamaq ənənəsi  müsəlman xalqların əksəriyyətində var.

Məsələn, Türkiyədə bu yemək “aşure” adlanır. Maraqlıdır ki, türklər bu yeməyi Nuh peyğəmbərin adı ilə bağlayırlar. Buna görə də yeməyin bişirilib paylanılmasını matəm ayini kimi deyil, bayram kimi keçirirlər.

Misirdə isə “aşura”  bu gün münasibətlə hazırlanan şirin yeməkdir. Yeməyin tərkibində əsasən buğda olur. Adəti üzrə burada da yemək qohum-qonşu arasında paylanılır. Misirlilərin inancına görə, Aşura Musanın xilas olduğu gündür. Həmçinin bəzilərinin inanclarına görə isə bu gün həm də Adəmlə Həvvanın Yerdə ilk dəfə görüşdüyü gündür.

Məlumata görə, Liviyada da Aşura yeməyi bişirilir və paylanılır.  Onun tərkibində isə əsasən humus və lobya olur.

Azərbaycanda isə bu yemək Aşura gününə ehtiram əlaməti olaraq hazırlanır  və ənənəvi olaraq qohum-qonşuya paylanılır. İmkanı olanlar yeməyi böyük qazanda bişirir, yoldan keçənlərə də təklif edir. Yeməyin tərkibinə buğda, noxud, paxla, quru üzüm, ərik, badam və qoz kimi təxminən 10 paxlalı, meyvə və sərt qabıqlı təamlar qatılır. Hətta bəzi bölgələrdə yeməyin tərkibinə xaşxaş, küncüt, nar, kenevir, quru alma və portağal da əlavə edilir.

Azərbaycanda isə xalq adətinə görə, İmam Hüseyn (ə) ehsanı adı ilə “hədik” adlı paxlalı bitkilərin məhsullarından ibarət yemək hazırlanır və qohum-qonşuya hədiyyə olunur. Xalq içində gəzən inanca görə, guya Kərbəla əsirləri Şam xarabalığında qaldıqları zaman Əhli-beyt körpələri açından ağlamağa başlamış, bu zaman ərzaq olmadığı üçün Xanım Zeynəb uzaqların başını qatmaq niyyəti ilə qazanın içinə bir ovuc xırda daş atmış və “bir azdan xörək hazır olar, yeyərsiniz” deyə, onları ümidləndirmişdi. Allahın möcüzəsi ilə qazanın içindəki həmin daşlar dənli bitkilərə çevrilmiş və xörək hazır olmuşdu. Əlbəttə, bu rəvayətin doğru olması şübhə altındadır və yalnız xalq əsatiri kimi dəyərləndirilir.

Digər rəvayətə görə isə Nuh peyğəmbərin  gəmisində olanlar quruya ayaq basmağın sevincini həmin günü bayram etmək üçün gəminin anbarında qalan ərzaqlardan bir yemək bişirmişlər. Aşura günü “aşura” bişirmək və bunu paylamaq adəti də, deyilən görə, buradan qalıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir