Qumru Eyvazova

Atalıq hansı hallarda müəyyən edilir? – “VƏKİL BÜROSU”

Baxış sayı: 1. 730

Valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır. Uşaq doğulan zaman nikahda olan ata və ana uşağın rəsmi valideynləri sayılırlar. Əgər qadın nikahdankənar uşaq dünyaya gətiribsə, o zaman ata haqqında qeydin aparılması üçün “atalığın müəyyən edilməsi” adlı prosedur həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.3-cü maddəsinə əsasən, uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur.

 

Bəs bu prosedur necə həyata keçirilir?

Atalığın müəyyən edilməsi kişinin uşağın atası olması faktının tanınmasıdır. Bu da təbiidir ki, ya atanın özünün rəsmi razılığı, razılıq olmadığı təqdirdə isə məhkəmə qaydasında həyata keçirilir.  Atalığın müəyyən edilməsi üçün qeyd etdiyimiz kimi uşağın atasının və anasının (valideynlərin) birgə ərizəsi və qanuna müvafiq digər qeydiyyat şöbəsinə təqdim edilməklə qeydə alınır. Atalığın müəyyən edilməsi zamanı dövlət rüsumu ödənilmir. Bəzi hallarda, uşaq artıq yetkinlik yaşına çatıbsa, atalığın müəyyən olunması onun razılığı ilə həyata keçirilir və əgər həmin şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edilibsə, onun qəyyumu və ya yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanının razılığı mütləq şəkildə alınmalıdır. Bu hal Ailə Məcəlləsinin 187-ci maddəsində təsbit edilmişdir. Bir məsələni də qeyd etmək yerinə düşər ki, çox vaxtlar elə hallara rast gəlirik ki, yeni doğulan uşağın ata və anası özləri yetkinlik yaşına çatmayıblar. Bu halda, yetkinlik yaşına çatmayan valideynlər nikaha daxil olmamışlarsa, atalığın müəyyən edilməsi prosesi yalnız valideynlər 16 yaşına çatdıqdan sonra həyata keçirilə bilər.

 

Atalığın müəyyən edilməsi faktı məhkəmə qaydasında necə həll edilir?

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44 və 45-ci maddələrində göstərilir ki, uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Lakin bildiyiniz kimi, bu hal ailə münaqişəsi zəminində yaranmış mübahisə olduğu üçün, ilk növbədə mediasiya, sonra isə məhkəməyə müraciət edilməklə həyata keçirilir. Məhkəməyə iddia ərizəsi daxil olduqda və hakim sənədləri topladıqda, uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər.

Məhkəmənin gələcəkdə gəldiyi qənaət ən əsası ekspertizanın rəyi ilə həyata keçirilir. Belə ki, iddiaçı-ana məhkəməyə müraciət edərkən və konkret bir şəxsin onun övladının atası olması faktının təsdiq edilməsini xahiş edərkən, məhkəmə bunun sübut edilməsi üçün məhkəmə-bioloji ekspertizasını təyin edir və həm ana və uşaq, həm də atadan bu ekspertizanın keçirilməsini tələb edir. Lakin çox vaxt cavabdeh-ata sözügedən ekspertizanın keçirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Patoloji Anatomiya” Elmi-Təcrübi və Tədris Birliyinə gəlməkdən yayınaraq ekspertizanın keçirilməsinə və bununla da başqa qaydada toplaması mümkün olmayan və iş üçün əhəmiyyətli olan sübutun məhkəmədə  araşdırılmasına mane olur. Bunlardan kifayətlənməyən cavabdeh-ata işin düzgün və tezliklə baxılmasına və həll edilməsinə ardıcıl surətdə (məsələn: iş üzrə ərazi və məhkəmə aidiyyətini mübahisələndirməklə, qarşılıqlı iddianın icraata qəbul edilməməsi və cərimələnməsi barədə qərardadlardan şikayət verməklə, ekspertizadan keçməkdən imtina etməklə və s.) vicdansızcasına maneçilik törədirsə, buna görə cavabdeh-atadan məhkəmənin qərardadına əsasən dövlətin xeyrinə 500 manat məbləğində pul tutula bilər. Bəzi hallarda isə cavabdeh-ata ümumiyyətlə məhkəməyə gəlmir və məhkəmə tərəfindən onun qeydiyyatda olduğu ünvana məhkəmə bildirişi göndərilsə də, onun tərəfindən məhkəmə bildirişlərinə cavab verilmir və bu zaman məhkəmə iclasları onun iştirakı olmadan baxılıb iddianın təmin edilməsi barədə qərar qəbul edilir. Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Qeyd etmək yerinə düşər ki, məhkəmə qətnaməsi ilə atalıq müəyyən edilərkən, iddiaçının tələbi ilə uşağa görə aylıq aliment məbləği də təyin edilə bilər.  “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 4 və 5-ci maddələrində göstərilir ki, Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.

Uşaq hüquqlarına toxunan hər bir məsələ çox həssas olduğu üçün nəinki ailənin, həmçinin dövlətin nəzarəti altındadır. Buna görə də, valideynlər və ya gələcəkdə valideyn olacaq şəxslər, uşağı dünyaya gətirməzdən öncə, “yüz ölçüb, bir biçməlidirlər”, çünki bu zaman nə şəxsin özünün, nə də onun hazırkı ailə üzvlərinin sürprizlə qarşılaşma ehtimalı olmayacaq.

 

Vəkillər Kollegiyasının üzvü, Vəkil Qumru Eyvazova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir