Gulnar Muxtarqizi

ATV-nin aparıcısı: “Elə aparıcı var məhəllə söhbəti aparır” – MÜSAHİBƏ

Baxış sayı: 2. 464

Televiziyadan fərqli olaraq radioda görüntü olmadığı üçün səslə dinləyiciyə təsir etmiş olursan. Deməli, radioda ən böyük ustalıq səsdən istifadə bacarığıdır. Səsdən doğru istifadə etmək təcrübə, peşəkarlıq və xüsusi istedad tələb edir. Radioda xəbər aparıcısının üzərinə düşən məsuliyyət nədir? Xəbər aparıcısını digər həmkarlarından fərqləndirən keyfiyyətlərlə bağlı ATV televiziya və radiosunun peşəkar xəbər aparıcısı Gülnar Muxtarqızı ilə həmsöhbət olduq. Səsin sehrindən danışan aparıcı bu sahənin özəlliklərini anlatdı.

 

– Radio televiziyadan çox fərqlənir. Bu mənim subyektiv fikrimdir. Mən həm televiziya, həm də radio aparıcısı olduğum üçün bunu əminliklə deyə bilərəm. Fərqlidir ona görə ki, tamaşaçı televiziyadan fərqli olaraq radioda səni görmür, sadəcə eşidir, dinləyir. Radio aparıcısı olaraq biz xəbəri dinləyiciyə elə çatdırmalıyıq ki, o bizi anlaya bilsin. Çünki televiziya xəbərindən fərqli olaraq radio xəbərində görüntü yoxdur. Deməli, sən xəbəri elə şəkildə çatdırmalısan ki, sənin dediyin məlumatı dinləyici dərk edə bilsin, qavrasın, sənin xəbərinə diqqət yetirsin. O ki qaldı radioda olan digər verilişlərə, orda maarifləndirici verilişlər də hazırlanır, şou-biznes və sənət aləmi ilə də bağlı məlumatlar əldə etmək olur. Bu gün ATV radiosunda istər «Bumeranq şou» olsun, istər Turalın təqdimatında olan avtomobil və yol nəqliyyatı ilə bağlı verilişlərdə maarifləndirici məlumatlar maraqlı olur. Amma xəbər aparıcısı olmaq məsuliyyəti daha böyükdür.

 

– Digər radiolarda olan xəbərləri dinləyirsizmi? Ən azı kiminlə rəqabət apardığınızı bilməyiniz üçün bu vacibdirmi?

– Əslində mən özüm heç bir həmkarımla rəqabət aparmıram. İnanın səmimiyyətimə ki, digər radiolarda olan aparıcıları, yəni söhbət xəbər aparıcılarının təqdim etdiyi verilişlərdən gedirsə, dinləmirəm. Ona görə yox ki, təkəbbürlüyəm. Qətiyyən. Sadəcə buna vaxtım olmur.

 

– Amma təsadüf nəticəsində hansısa bir radio verilişini ötəri də olsa dinləmiş olmusuz. Bu gün radiolarımızda olan verilişlərin keyfiyyəti, aparıcıların peşəkarlığı sizi qane edirmi?

– Ümumi Azərbaycan radio məkanından danışırıqsa, konkret ad çəkə bilmərəm, çünki onları dinləmək, izləmək kimi zamanım olmayıb. Amma təsadüfən avtomobildə gedərkən bəzən aparıcıların təqdimatını eşitmişəm, az da olsa dinləməli olmuşam. Əgər səmimi danışmağımı istəyirsinizsə, bəli, bəzən radioda aparıcıların elə danışıq səviyyəsini eşitməli olmuşam ki, inana bilməmişəm. Şoka düşmüşəm ki, bunu efirə kim buraxıb? Efirdə bu şəkildə danışıq nə qədər doğrudur? Dəfələrlə olub ki, radionu açmışam, adını bilmirəm, amma aparıcının danışığı, səsi məni qıcıqlandırıb, narahatlıq yaradıb. Sanki məhəllə söhbəti efirdə aparılır. Qıcıqlanıb dalğanı dəyişməli olmuşam. İnanın adlarını bilmirəm, amma elə aparıcıların təqdimatını eşitmişəm ki, təəssüf hissi keçirmişəm. Bu baxımdan Azərbaycan radiosunda bu gün qeyri-peşəkar aparıcıların olması faktı da danılmazdır. Hətta dəfələrlə Milli Teleradio Şirkətinin xəbərdarlıqlarına baxmayaraq efirdə hələ də belə qüsurlara rast gəlmək olur. Efirdə elə mövzular var ki, onlar müzakirə oluna bilməz. Bu, qeyri-etikdir. Qadınlarla bağlı, qadın-kişi münasibətləri ilə əlaqəli elə mövzularda radioda aparıcı ilə dinləyici müzakirəsi olub ki, bunu efir etikasına yaraşdırmaq olmur. Yəni bəzi sosial problemlər, mövzular var ki, efirdə onları bu qədər çılpaq dilə gətirmək doğru deyil.

 

– Bəziləri bu tip efir danışığını səmimilik pərdəsi altında təqdim etməyə çalışırlar. Radiolarda olan bu qüsurlar səmimilikdən irəli gəlir, ya qeyri-peşəkarlıqdan qaynaqlanır?

– Bilmirəm bunu səmimiyyətlə necə əlaqələndirmək olar. Amma fikrimcə, bu, qeyri-peşəkarlığın göstəricisidir. Təbii ki, efir etikasına riayət etmək, efirdə bədii, elmi dildə danışmaq lazımdır. Səmimiyyət deyib, efirdə necə gəldi, nə gəldi danışmaq qətiyyən yolverilməzdir.

 

– Radioda xəbər aparıcısını digərlərindən fərqləndirən hansı keyfiyyətlərdir?

– Xəbər aparıcısını digər aparıcılardan fərqləndirən ən vacib keyfiyyətlərdən biri dünyagörüşünün olmasıdır. Aparıcı jurnalistika fakültəsini bitirməyə bilər, amma onun dünyagörüşü genişdirsə, savadlıdırsa, xəbər aparıcısı olmaq imkanı var. Arzuolunandır ki, xəbər aparıcısı jurnalistikanı bitirsin. Amma aparıcılar arasında jurnalistikanı bitirənlər var ki, onların dünyagörüşü o qədər geniş deyil. Amma elə aparıcı da var ki, jurnalistikanı bitirməsə də, savadı, dünyagörüşü genişdir, əhatəlidir. Xəbər aparıcısının mütaliəsi olmalıdır, kitab oxumalıdır. O biri aparıcılar efirdə gündəlik tərzdə danışa bilir. Amma xəbər aparıcısı siyasi xəbərləri çatdırır, ciddi xəbərləri dinləyiciyə ötürür. Onun səsində rəsmilik olmalıdır, dediyi xəbərə dinləyici inanmalıdır. İnandırmaq üçün aparıcının bədii dildə danışması vacibdir. Bir də xəbər aparıcısı xəbərin mahiyyətini bilməsə, onu doğru-düzgün dinləyiciyə çatdıra da bilməz. Təzə-təzə efirə çıxanda başqa idim, bu gün başqayam. Yəni illər, efir təcrübəsi toplayaraq, üzərində çalışmaqla keyfiyyət əldə etmək olur. Mən oxuduğum xəbərin fərqindəyəm. Xəbəri bilmədən onu necə çatdıra bilərsən? Özümü tərifləmək kimi səslənməsin, əgər monitorda suflyor itsə, mən xəbəri davam edəcəm. Çünki oxuyacağım xəbərlərdən məlumatlıyam. Əvvəllər mənim üçün blok yığılırdı. Bu gün o xəbər blokunu da özüm yığıram. Xəbərin içindəyəm.

 

– Yəni xəbər aparıcısı yalnız ona kağız üzərində təqdim edilən xəbəri oxumaqla işini bitmiş hesab etməməlidir. Cəmiyyətdə, dünyada, ölkə daxilində və xaricində baş verən siyasi proseslərdən tutmuş sosial hadisələrə qədər xəbərdar olmalıdır?

– Sən siyasət aləmində baş verənləri izləmirsənsə, xəbəri çatdıra bilməzsən. Xəbəri sadəcə oxuya bilərsən, amma onu dinləyiciyə çatdırmaq başqa bir bacarıq, məsuliyyət tələb edir.

Image result for Gülnar Muxtarqızı atv

– Radio aparıcısı üçün səs nə deməkdir. Əsas da səs tembrinin xəbər aparıcısının təqdimatına nə qədər təsiri ola bilər?

– Radionu televiziyadan fərqləndirən ən önəmli məqamlardan biri məhz səslə işləmək imkanı və bacarığıdır. Sən nə qədər səslə düzgün işləyə bilsən, o qədər dinləyicini qazanacaqsan. Sənin səs tembrin dinləyicini qıcıqlandırsa, sən nə qədər geniş dünyagörüşünə, savada sahib olsan da, səni dinləməyəcəklər. Elə aparıcı var ki, istər-istəməz səni özünə çəkir, elə aparıcılar da olur ki, onların səsi dinləyicini yorur, qıcıqlandırır. Xəbər aparıcısının səsi önəmlidir.

 

– Azərbaycan radiolarında maarifləndirici verilişlər yetərlidirmi?

– Deyim ki, maarifləndirici verilişlər yoxdur, yalan olar. Təbii ki, var. Amma çox azdır. Sadəcə bu kimi verilişlərin sayını çoxaltmaq lazımdır. Radioya peşəkarlar cəlb etmək vacibdir. Maraqlı radio projeləri həyata keçirmək olar.

 

– Efirdə, radioda olan aparıcının, xüsusilə xəbər aparıcısının ləhcə ilə danışmasına da bəzən rast gələ bilirik. Xəbər aparıcısı ləhcə ilə danışa bilərmi?

– Xəbər aparıcısının üzərinə düşən məsuliyyətin çox olmasında bu məsələnin payı da böyükdür. Bəlkə hər hansı şou verilişində aparıcı ləhcə ilə danışsa, qəbahət saymazlar. Amma xəbər aparıcısı necə ləhcə ilə danışa bilər? Hər birimiz bir bölgədən gəlmişik. Amma bu bizə əsas vermir ki, efirdə ləhcədən istifadə edək. Bunun üçün aparıcı çalışmalı, peşəkarlardan bəhrələnməli, diksiyasına diqqət yetirməlidir. Radioda xəbərləri dinləyirəm, bir aparıcı deyir ki, «Qubuya gedib» bu nə danışıqdı? Aparıcının tələffüsündə bir hərfin doğru vurğulanmaması belə fikri dəyişə bilir. Radioda olan, televiziyada çalışan aparıcı mütləqdir ki, bədii, elmi dildə danışsın.

 

– Radio aparıcıları arasında da rəqabət varmı? Teleməkanda bu rəqabət hiss olunur.

– Təbii ki, hər sahədə rəqabət var. Amma mən radioda kimsəylə rəqabət aparmıram. Hətta səmimiyyətimə inanın, bir çox radio həmkarlarımı tanımıram, onları dinləməmişəm. Mənim üçün vacib olan aparıcı olaraq işimə məsuliyyətlə yanaşmaqdır, bu sahədə təcrübəmi sərgiləməkdir. Bir də bizi izləyən, bizi dinləyən tamaşaçıda xəbər aparıcısına qarşı inamı qorumaqdır. Bu vacibdir. Dinləyici, izləyici xəbər aparıcısına inanmalıdır. Əgər bu inam itərsə, sənin oxuduğun ən vacib xəbərin ciddiliyi hiss olunmaz.

 

– Radioda, efirdə ekstrimal vəziyyətlər olur. Bu vəziyyətlərə aparıcı nə qədər hazır olmalıdır?

– Bilirsiz, bunun üçün təcrübə lazımdır. Aparıcı təcrübəli olarsa, ən ekstrimal vəziyyətlərdə belə təmkinini itirməz. Mənim başıma bir neçə dəfə bu kimi hadisələr gəlib. Radioda yadıma gəlmir, amma televiziyada veriliş efirə gedərkən operator birdən yerə yıxılıb, kamera arxasında olan hər kəs gülür, amma mən xəbəri oxuyuram deyə o ciddiliyimi qorumağa məcburam. Kameradan kənarda baş verənləri tamaşaçı hiss etməsin deyə mən özümü toparlayıb verilişə davam etmişəm. Yəni burda təcrübə və peşəkarlıq özünü göstərir.

 

– Radioda dil-üslub məsələlərinə diqqət verilməlidirmi?

– Ümumiyyətlə, dil və üslub məsələsinə KİV-in bütün sahələrində diqqətin yetirilməsi vacibdir. Əvvəllər istər qəzetlərdə, istər efirlərdə yalnız bədii dildən istifadə olunurdu. Son illər isə müstəqillik, sərbəstlik deyilib bu məsələyə nəzarət yaddan çıxdı. Efirlərə qeyri-peşəkarların ayaq qoyması təbii ki, efir məkanında dil-üslub məsələlərini də zədələmiş oldu. Radioda sözdən və səsdən istifadə olunur. Yəni burada məlumatları, informasiyanı çatdırmaq üçün köməkçi detallardan, görüntüdən istifadə mümkünsüz olduğundan sözün mahiyyəti, kəsəri xüsusilə nəzərə alınmalıdır. Təbii ki, dilin qaydalarına riayət olunmalıdır. Əvvəllər radiolarda bədii ədəbiyyatla bağlı müzakirələr üçün imkanlar yaradılırdı, teatrlarda səhnəyə qoyulan tamaşalarla bağlı aktyorlar, teatrşünaslar dəvət olunurdu. Yeni premyeralar müzakirə predmetinə çevrilirdi. Bu gün efirlərdə bunları eşidə bilmirik. Təbii ki, bu da dinləyici zövqünə, intellektinə təsirsiz ötüşmür.

Gülnar Muxtarqızı adlı şəxsin şəkli.

– Radio məkanlarında uşaqlar üçün xüsusi saatlar nəzərə alınırmı?

– Bilirsiz, əslində uşaqlarımızın intellektual səviyyəsinə, dünygörüşünə təsir etmək üçün müxtəlif üsullardan istifadə edə bilərik. Amma təəssüf ki, buna önəm vermirik. Radiolarda xüsusi uşaq saatları, verilişlərinə yetərincə yer ayrılmır. Bunun müxtəlif səbəblərini söyləmək olar. Amma uşaqların radioya marağını artırmaq üçün onlarla intellekt oyunları qurmaq olar, xüsusi hədiyyələrlə həvəsləndirib onların radionu dinləmək təcrübəsini formalaşdırmaq mümkündür. Mənə elə gəlir ki, radionun rəhbərləri bu məsələyə xüsusi həssaslıqla yanaşmalıdırlar. Bununla bağlı maraqlı proyektlər hazırlamaq mümkündür.

 

– Xəbər aparıcısı olaraq Qarabağla bağlı qələbə xəbərini necə verməyi arzulayardız? Heç bu barədə düşündüyünüz olur? Hər bir efirdə olan aparıcı arzulayar ki, bu xəbərin ilk oxucusu olsun.

– Düzünü desəm dediniz, düşüncələrim dondu, təsirləndim, kövrəldim. Təbii ki, bu xəbəri ilk səsləndirmək istəyi, arzusu hər bir Azərbaycan aparıcısının istəyi olar. Çox arzu edərdim ki, bu xəbəri çatdırmaq imkanım olaydı. Kövrək insanam. Əminəm ki, efirdə bu xəbəri oxuyanda doluxsunardım, səsim titrəyərək qələbə müjdəsini çatdırardım. İnşallah, bu xəbəri tez bir zamanda oxumaq imkanımız olsun. Kim çatdıracaq, fərqi yoxdu. Əsas odur qələbə xəbəri efirdə səslənsin.

 

Tahirə Məmmədqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir