Lamiye Ramazanli

Avtostopla dünyanı gəzən azərbaycanlı xanım: “…yolda hər 3 adamdan biri evlilik təklif edir”

Baxış sayı: 217

Avtostopa 19 yaşından başlayıb. İlk olaraq Türkiyədə oxuyanda bir qızla Varşavaya avtostop etmək qərarına gəliblər, yolda sürücü deyir ki, Almaniyaya gedir, onlar da elə yolu o istiqamətə salmağa qərar verirlər. Bununla da, avtostop həyatı başlayır. Sonra yol yoldaşı olan qızla ayrılır və dünyanı tək gəzməyə qərar verir. Hazırda 22 yaşı var və Lüksemburq, İsveçrə, Fransa, Almaniya, Belçika, Qırğızıstan, Tacikistan, Özbəkistan, Finlandiya – ümumilikdə 33 ölkəni avtostopla gəzib. Və hələ də gəzməyə davam edən müsahibimiz gənc avtostopçu Lamiyə Ramazanlıdır.

 

– 22 yaşda artıq xeyli ölkə gəzibsiniz. Belə getsə, dünyanı çox tez gəzib qurtaracaqsınız…

– (Gülür) Belə baxanda 33 ölkə çox görünür, amma digər tərəfdən, hər il bir ölkə müstəqilliyini elan edir. Yəni, gəzəcəyimiz ölkələrin sayı artır. BMT-yə üzv olan 193 ölkə var, hələ çox ölkəyə getmək olar.

 

– Avtostop daha maraqlıdır, yoxsa dünyanı gəzmək?

– Bu, daha çox insanın nə istədiyinə bağlıdır. Gəzməyin növləri çoxdur, hər biri də özəllikləri ilə maraqlıdır. Tanımadığın birinin avtomobilinə minirsən, maraqlı söhbət gedir, hər kəsdən bir şey öyrənirsən, macəra yaşayırsan. Avtostopçu daim macəra yaşayır. Elə Bakıda avtostopla gəzməklə, avtobusla getmək arasında fərq çoxdur.

 

– Müsbət tərəfləri deyəsən, yaman çoxdur…

– Əlbəttə, heç gözləmədiyin insanlarla tanış olursan. Kasıb da qarşına çıxır, çox imkanlı biri də. Bəzən o dərəcədə xarab maşınla getmişəm ki, addım-addım hərəkət edib, bəzən isə lüks maşın qarşıma çıxıb. Milliyət, təhsil, iqtisadi, siyasi, dini görüş baxımdan tamam fərqli insanlarla yolda qarşılaşırsan. Amma bütün bu fərqlərə baxmayaraq, insan hər yerdə insandır. Bunu öyrənirsən. Həm də avtostopda plan qurmursan, daha sərbəst və gərginlikdən uzaq bir rejimin olur. Avtobusu qaçırmaq kimi tələskənliyin də olmur. Məsələn, Krıma avtostop edəndə Azərbaycana gəlmək fikrim yox idi. Amma yolda fikirləşdim ki, Azərbaycana gedim. Avtostopda ani qərarlar verə bilirsən. Plansız gəzməyin marağı başqadır. Avtostopla getmək komfortdan uzaq olur, bu isə insanı öyrədir. Öz yumşaq yatağından durursan və plansız yola çıxırsan. İnsanı asan yaşayış deyil, çətinliklər öyrədir. Universitetdən çox, avtostop məni öyrədib.

 

– Nə qədər maraqlı olsa da, xanımın avtostop çəkməsi, tanımadığı birinin avtomobilinə minməsi bizdə hələ ki o qədər də qəbul olunmur…

– Mən uşaqlıqda qardaşımla bir yerdə olmuşam, bir gəzmişik. Oğlan dostlarımız çox olub. Bəlkə də bundandır ki, uşaqlıqdan məndə belə fikir formalaşıb ki, millətin, cinsin fərqi yoxdur. “Hamısı bacı-qardaşımdır” deyirəm. Hamısından da o yanaşmanı gözləmişəm. Avtostop edərkən qarşı cinsin avtomobilinə daha çox minmişəm. 72 yaşlı bir rus kişi mənə “nəvəm” deyirdi. 22-23 yaşında oğlanlar olub ki, qardaş kimi qayğıma qalıblar. İlk təəssüratda bəlkə də, onlarda da stereotiplər olub, istəyiblər bir az zarafatyana söz atsınlar. Amma mən qadın yox, insan olaraq söhbət edəndə, artıq o, mənə qadın deyil, insan olaraq baxıb. Qadın olmağın çətinliyini yollarda çox da duymamışam. Ona qalsa, Bakıda metrolarda, yollarda da qadınlara söz atanlar var.

– Bəs ailənizi bu səfərlərə necə alışdırdınız?

– Valideynlər avtostopun necə olması ilə bağlı o qədər məlumatlı deyillər, ona görə həyəcanlı olurlar və narahatlıqları anlaşılandır. Əvvəllər, daha çox həyəcanlı idilər, amma artıq öyrəşiblər. Yayda bir dəfə mamamı da özümlə avtostopla aparmaq fikrim var. Gedib necə səyahət etdiyimi görsün. Mamam əsas mən tək getdiyim üçün narahat olur, deyir ki, başqa bir nəfərlə getsən, arxayın olaram. Avtostopu normal qarşılayır, xatirələrimi danışanda ona maraqlı gəlir. Amma mən tək səyahət sevənəm, həmişə də tək gedirəm, ona görə mamam narahat olur.

 

– Tək niyə?

– Vaxtın çox olur, hadisələri daha yaxşı fikirləşə bilirsən, qərarlarını yalnız özün verirsən. Bu, kənardan bəzən eqoist yanaşma kimi qiymətləndirilir, amma özün planlayıb, özün qərar vermək gözəldir. Başqası ilə yol yoldaşı olmaq, evlənmək kimi bir şeydir. Çox yaxın dostunla yola çıxarsan, amma yolda söhbətiniz tutmaya bilər. Çünki bəzən yorğunluq olur, qərar vermək anında mübahisələr yarana bilir. Qısamüddətli əyləncə xarakterli səyahətlərə baxmayın, uzun müddət komfortdan uzaq yollarda olursansa, yol yoldaşı olmaq elə asan deyil. Əvvəl bir qızla yola çıxmışdıq, amma sonra yolumuz ayrıldı və tək səyahətin dadını görəndən sonra artıq başqaları ilə gəzmək təkliflərini heç qəbul etmirəm.

– Ən uzun səfəriniz nə qədər olub?

– İki aylıq, Orta Asiyaya…

 

– Yola nə qədər pulla çıxırsınız?

– Heç hesablamamışam, pulu da planlayıb götürmürəm. Amma belə, çox az pulla çıxdığım da olur. Əsas yeməyə pulum gedir. Yola, qalmağa, çimməyə belə xərcləməmişəm. Arada çimməyə pul vermişəm, amma çox az olub. Yanacaqdoldurma məntəqələrinin yerləri var, ordan çimmək üçün istifadə etmək olur, yaxud çaylarda çimmişəm. İnsanların evində də icazə verən olanda, çimdiyim olub. Ukraynada bir dağ kəndində ləyənin içində də çimmişəm. Şərait nə tələb edirsə, ona uyğunlaşırıq. Ailəm cəmi bir dəfə səyahət üçün mənə pul verib. Qalan vaxtlarda universitetə verilən xərclik pulumu yığıb getmişəm.

 

– Heç ac qaldığınız olub?

– Orta Asiya səfərimdə 25 gün oruc tutub gəzmişəm. Ömrümdə bir dəfə oruc tutmuşdum, ikinci günü çox yeyib xəstələnmişdim deyə heç vaxt tutmamışam. Amma orucluq ayı idi, birdən içimdən oruc tutmaq gəldi. Qırğızıstanda olanda başladım. Çox isti şərait idi, piyada gəzirdim. O orucun öz dadı vardı, evdə tutmaq o qədər ləzzət eləmir.

– Fərqli ölkələrə gedirsiniz, bəs dil problemi yaşamırsınız?

– Bu səyahətlər mənə öyrədib ki, insanlığın dili yoxdur. Fərqli millətlərlə tanış olarkən bəzən heç ortaq dilimiz olmayıb, işarələrlə də olsa, fikrimizi bir-birimizə çatdıra bilmişik. İlkin ünsiyyət qurmaq üçün hansısa dili bilməyə ehtiyac yoxdur, yaxın ünsiyyət üçün dili mükəmməl bilmək lazımdır. Bəzən ortaq dilimiz olmasa da, əməlli-başlı söhbət də etmişik. Amma indi fikirləşirəm ki, bu necə olub, görəsən (gülür)?

 

– Yollar, macəra, gənc xanım… Bəs bu səfərlərdə qarşınıza sevgi çıxmayıb?

– Yox. İnsanın öz yarısı deyirlər, bax, o adam hələ ki çıxmayıb. Həm də hələ mənim nə yaşım var ki…

 

– Səfərlərdə yeni adamlar tanıyırsınız, yol yoldaşı olursunuz. O münasibətlər elə yollarda da qalır, yoxsa dostluğa çevriləni olub?

– Dostluğa çevrilənləri də olub, əlaqə saxladıqlarım da var. Rumıniyada bir dəfə dayanacaq yazılan yerin altında yatmışdım. Hava çox isti idi. Orda bir kişi məni evinə apardı, həyat yoldaşı ilə tanış olduq, evlərində qaldım. O ailə ilə indi də əlaqəmiz var. Səfərdə qarşıma çıxan hər kəslə sosial şəbəkə üzərindən əlaqə saxlamaq mənim üçün əsas məsələ deyil. Xatirələrimdə qalmaqları daha gözəldir. İnternet üzərindən əlaqəm olan da var. Amma elələri var ki, meşədə yaşayır, onun interneti yoxdur, amma mən onları xatirələrimdə saxlayıram.

– Xatirələri yazmırsınız?

– Heç nəyi yazmıram.

 

– Bəs düşünmürsünüz ki, gələcəkdə bunları yazmadığınızın peşmanlığını çəkərsiniz?

– Yazsam belə, onları nə vaxtsa oxuyacağımı düşünmürəm. Hər anım dolu-dolu keçir. Onu oturub oxuyacağımı düşünmürəm. Həm də məndən belə bir şeyin xatirə qalmağını da istəmərəm.

 

– Heç kimə danışmadığınız xatirələr var?

– Əlbəttə. Avtostopla özünlə çox qalırsan, öz gizli xatirələrin olur, bu, insana daha çox zövq verir.

 

– Avtostopçuları narahat edən əsas məsələ hansılardır?

– Yollarda bağlanmamış küçə itləri bütün avtostopçuların problemidir. Avtostopçuların çantalarını itlər nədənsə sevmirlər. Məndə təcrübə belə olub ki, bir andan sonra itlərlə söhbət etməyə başlayırsan. Çünki sənin köməkçin yoxdur, itlərlə dil tapmalısan. Çox böyük it qabağımda durub, hürüb, mən də oturub qalmışam, heç yerə gedə bilmirəm. Heç kim də yoxdur, gecə 12-dir. İtlə Azərbaycan dilində danışmağa başladım (gülür). Qafqaz itləri adamdan böyük olur, qorxuludurlar. Onlara aqressiya və qorxu göstərmək özünü təhlükəyə atmaq deməkdir. Sadəcə, dayanıb dururdum. Neçə dəfə itlərdən belə qurtulmuşam.

– Avtostop – bu səyahət növü ilə gəzənlərlə bağlı heç də müsbət olmayan fikirlər də olur. Sizin xoşunuza gəlməyən yanaşma hansılardır?

– Bəzən deyirlər ki, pulsuz gəzirlər. Avtostop təkcə pulsuz gəzmək deyil. Avtostopçulara avara kimi də baxanlar olur. Elə avtostopçular xalqa daha çox xeyir verir, nəinki heç bir irəliləyiş olmadan, nə isə xeyir vermədən maaş alanlar. Avtostopçu gəzdikcə, həddindən artıq çox şey öyrənir. Bir insan ömrünün axırına qədər avtostopla məşğul olmur. Müəyyən yaşdan sonra artıq səfərlərinə ara verib, öyrəndiklərini işində tətbiq edir. Avtostopçuları boş-bekar, pulsuz gəzən adamlar kimi fikirləşmələri xoşuma gəlmir. Hər şey pul deyil, həmin insan bizi maşınına götürəndə kömək edir və bunu düşünmək ona həzz verir.

 

– Həm də avtostopçular çox pozitiv olur nədənsə…

– Avtostopun bir şeyi yaxşıdır ki, insanlar sənə çox kömək edir. Nifrət, kin paxıllıq avtostopçuda ola bilməz. Hər insan sənə kömək etməyə çalışır, səndə digər xalqların nümayəndələrinə qarşı sevgi yaranır. Avtostopçulardan kimsə nəsə kömək istəyəndə əlindən gələnin hamısını edəcək. Məsələn, İsveç-Finlandiya səyahətimizdə qarşımıza bir kişi çıxdı. 20 yaşlarında o da avtostopçu olub və bizdə öz gəncliyini görüb deyə, bizim üçün əlindən gələni etməyə çalışırdı. Avtostopda insanlar bir-birinə kömək etməyə çalışır.

– Hazırda Moskvada təhsil alırsınız. İxtisasınız nədir?

– Geologiya.

 

– Çalışmaq planda var, yoxsa hələ gəzmək istəyirsiniz?

– Bu sahəni seçmişəm və mütəxəssisi kimi yetişmək istəyirəm. Avtostop, mənə görə, 27 yaşa qədər olur. Yuxarı yaşa qədər də ola bilər, amma əsas 27 yaşa qədərdir. Başqaları üçün bu fərqlidir. Elə adam var ki, 30-dan sonra avtostopa başlayır. Mənə görə, bu, gəncliyin bir təcrübəsidir. Hər kəsin gənclik illərində dadması lazım olan bir şeydir.

 

– Sonda səfərlərdən yadınızda qalanlardan maraqlı məqamları bizimlə bölüşə bilərsiniz…

– Təzə avtostopa başlayan vaxtlarda bir nəfərdən yolu soruşdum. Kişi məni qəbiristanlığın içi ilə aparırdı, dili yaxşı bilmədiyim üçün izah edə bilmirəm ki, mən buranı axtarmıram axı. O da elə hey əli ilə işarə edir ki, gəl. Ona inanıb getdim, axırda gedib bir otelə çıxdıq, qeydiyyat bölməsindən soruşdu, mən istəyən yeri ingilis dilində izah etdilər, ünvanı kağıza yazıb verdilər ki, bu istiqamətə get.

Yaxud, məsələn, Tacikistan-Özbəkistan sərhədində yolda 3 adamdan biri evlilik təklif edir. Ər-arvad maşını saxlayıb səni oğlu üçün istəyir.

Yaxud, orucluq ərəfəsində Özbəkistanda oldum. Bir kişi məni özəl qonaq kimi evinə dəvət etdi. 100-dən çox adamın iştirak etdiyi bir yemək süfrəsi hazırlamışdılar. Ora özbək geyimində qatılmışdım. Evin xanımı məni çox yaxşı qarşıladı, adam belə yerlərdə çox xoşbəxt olur. (Kaspi.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir