TOY

Ayağı yorğanı keçən Azərbaycan toyları: Restoranlar bahadır, yoxsa təfəkkürümüz ucuz?

Baxış sayı: 828

Dünya üzrə toy edən gənclərin statistikasında azalma müşahidə olunur. Gənclər bu problemin iqtisadi səbəblərlə əlaqəli olduğunu bildirirlər. Məlumatlara görə, Qərb ölkələrində əksər gənc, toylar bahalaşdığı üçün evlənməkdən imtina edir. CNBC-nin məlumatına görə, 1990 və 2000-ci il təvəllüdlü gənclərin 75%-i bu fikirdədir. Toyun orta qiyməti hazırda 30 000 dollara yüksəlib. Azərbaycanda isə hər zaman toylara olan münasibət, yanaşma digər dünya ölkələrindən, onların xalqlarından olduqca fərqlənib. Həmin fərqin mental və iqtisadi tərəfləri də özünəməxsus şəkildə qeyri-adidir.

Məsələn, Azərbaycan toylarında toy sahibi üçün həyati dərəcədə vacib olan məsələ, dəvət edilmiş qonaqların həmin toydan razılıqla getməsidir. Bunun üçün toy sahibi xüsusi canfəşanlıq edir. Eyni zamanda dəvət olunmuş həmin qonaqların gəlib-gəlməməsinə ciddi nəzarət edilir. Dəvət olunduğu xeyir işə hər hansı bir səbəbdən gedə bilməyən biri artıq həmin toy sahibinin “qırmızı siyahı”sına düşür. Qonaqları isə adətən bəy və gəlinin bu xoşbəxt günündən daha çox süfrə üzərindəki naz-nemətlərin bolluğu, xidmətin keyfiyyəti və menyu maraqlandırır. Ona görə də nə olur-olsun, qonaqlar toydan razı şəkildə getməlidirlər. Bu, toy sahibi üçün artıq bir “şərəf” məsələsidir.

Azərbaycan toylarında digər xalqlardan fərqli olaraq, bəy və gəlindən daha çox, onların tayfaları-nəsilləri “evlənir”. Məsələn, əgər azərbaycanlı bir gənc öz yaxın qohumu ilə ailə qurub, daha sonra hansısa səbəblərdən ayrılmalı olursa, artıq həmin qohumlar arasında düşmənçilik yaranır. Yəni, qohumla evlənmək hər iki tərəf üçün nə qədər münasibdirsə, bir o qədər də risklidir. Azərbaycan toyları təkcə iki nəfərin xoşbəxtliyini və ya bədbəxliyini yox, həmçinin başqalarının da bir-birlərinə qarşı olan münasibətlərini tənzimləyən əsas vasitələrdən biridir. Bu, məsələnin mental tərəfi.

toy

İndi isə iqtisadi tərəflərini qeyd edək. Ailəsi tərəfindən evlilik yaşının gəldiyinə razı salınan və ya bu düşüncəyə qapılan 20-li yaşındakı gənc qazandığı minimum əməkhaqqı ilə toy etmək fikrinə düşür. Bunun üçün də külli miqdarda kredit, xərc-borc edərək, hazırlıqlara başlayır. Bir azərbaycanlı ailə maddi cəhətdən nə qədər imkansız olsa da, məsələ toydursa, o zaman ən böyük xərclərə girərək, “qohum-tanışdan geri qalmamaq üçün” həmin toyu bir şouya, şöhrət görüntüsünə çevirəcək. Azərbaycan toylarında istər varlı, istər kasıb olsun, xoşbəxtlik hər zaman bəhsə-bəhsin kölgəsində, ikinci, hətta üçüncü sırada qalır.

Toydan bir ay sonra gənc ailənin beli kredit xərcləri ucbatından yavaş-yavaş bükülməyə başlayır. Əvvəlki kredit borclarının üzərinə bir də toy xərcləri gələn gənc aldığı minimum əməkhaqqı ilə bu qədər yükün altında “ikiqat” olur. Evlənib, şouya döndərdiyi toyunda cibinə uyğun davranmayan ailəni maddi çətinliklər yavaş-yavaş bir-birindən soyutmağa başlayır. Buna kənardan “deyəsən, oğlan qıza baxa bilmir” kimi söz-söhbətlər də əlavə təkan verir. Bu söhbətlər bir müddət sonra gənc ailənin evinə qədər daxil olur və nəticədə evliliklərinin bir ili hələ tamam olmamış iki gənc bir-birindən boşanır. Bəzən də bu ayrılmalar normal şəkildə olmur, cinayətlə yekunlaşır və gündəmə “qısqanclıq zəminində baş verən ailə münaqişəsi” kimi daxil olur. Ayağını yorğanına görə uzatmayıb, “Camaat nə deyər?” düşüncəsi ilə atılan addımlarla qurulan evliliklərin, şouya çevrilən toyların sonu məhkəmələrdə bitir. Yekunda biz toy xərclərinin baha olmasından daha çox, öz cibinə uyğun addım atmayıb, “bəhsə-bəhs” təfəkkürü ilə öz xoşbəxtliyini kreditlərə, altından qalxa bilməyəcəkləri borclara qurban verən “müvəqqəti ailələr” görürük.

Azərbaycanda toylar təkcə tərəfləri yox, dəvət olunan qonaqları da boğaza yığan, bezdirən bir vasitəyə çevrilib. Eqoizmin, şöhrətpərəstliyin və dəbdəbəli şounun cazibə mərkəzinə çevrilən Azərbaycan toyları cəmiyyətə “müvəqqəti ailələr” bəxş edir.

 

Mətin Şükürlü




1 şərh “Ayağı yorğanı keçən Azərbaycan toyları: Restoranlar bahadır, yoxsa təfəkkürümüz ucuz?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir