bayraq

Azərbaycan qadınları ilə bağlı maraqlı STATİSTİKA

Baxış sayı: 1. 845

2017-ci ilin yanvar ayının əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,1 faizini və ya   4 milyon 918,8 min nəfərini qadınlar təşkil edib.

Ötən il doğulmuş 159,5 min körpənin  46,8 faizini qız uşaqları təşkil edib. Qadınların 54,8 faizi nəsilvermə qabiliyyətinə malikdir və orta hesabla hər 10 qadın dünyaya 20 uşaq gətirir.

Hazırda ölkədə 18 doğum evi, 137 qadın məsləhətxanası, 250 uşaq poliklinikası və ambulatoriyası qadınların sağlamlığının keşiyində durur. Ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edən Azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi ilkin məlumatlara əsasən 48,2 faizdir.

Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 78,1 faizi, orta ixtisas təhsil müəssisələrində 76,1 faizi, ali təhsil müəssisələrində 51,9 faizi, həkimlərin isə 64,9 faizi qadınlardır. Ümumi təhsil müəssisələrində şagirdlərin 46,5 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 66,4 faizi, ali təhsil müəssisələrinin tələbələrinin 48,3 faizi qızlardır.

Elmin inkişafında da qadınların müstəsna rolu vardır. Elmi işçilərin 53,3 faizini qadınlar təşkil edir. Son 5 ildə həm elmlər doktoru, həm də fəlsəfə doktoru elmi dərəcəsi olan qadınların sayı 2,2 dəfə artmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 4-ü, müxbir üzvlərindən isə 14-ü qadındır.

Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi ilkin məlumatlara əsasən 28,7 faiz, sahibkarlar arasında isə 20,9 faizdir. Bədən tərbiyəsi və idmanla məşğul olanların  40,2 faizi qadınlardır.

Milli Məclisdə qadın millət vəkillərinin sayı da artır. Əgər 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, bu gün ölkə Parlamentində qadınların xüsusi çəkisi 16,8 faizə çatıb.

İlk bələdiyyə seçkilərinə nisbətən son bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilmiş qadınların sayı 6 dəfə artaraq 5236 nəfərə çatmış və bələdiyyə üzvləri arasında onların xüsusi çəkisi 35,0 faiz olub Bu göstərici ilk bələdiyyə seçkilərində 4,0 faiz təşkil edib

Diqqəti cəlb edən faktlardan biri də nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alan qadınların sayının ildən-ilə artmasıdır. Belə ki, sürücülük vəsiqəsi alanların ümumi sayında qadınların xüsusi çəkisi 2008-ci ildə 4,6 faiz olduğu halda, 2016-cı ildə 6,5 faizədək artıb.

Beləliklə, Azərbaycan qadınları ölkənin sosial, iqtisadi və ictimai-siyasi həyatında fəal iştirak edirlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir