erken nikah

Azərbaycanda erkən nikah üçün bir illik güzəşt ləğv olunur – ana ölümü azalacaqmı?

Baxış sayı: 385

“Getdikcə cəmiyyətdə bu fikir daha da genişlənir ki, 18 yaşdan aşağı nikaha icazə verilməsin. Biz bu məsələni qaldırmışıq. Yerlərdə icra hakimiyyəti orqanları da nikah yaşının azaldılması ilə bağlı hazırkı istisnanın vəziyyətə mənfi təsir etdiyini təsdiqləyirlər”.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

Komitə sədri qeyd edib ki, qanunvericiliyə dəyişiklik etmək kifayət qədər vaxt və iradə tələb edən prosedurdur: “Biz hazırda Ailə Məcəlləsinin müvafiq maddəsində əksini tapan normanın aradan qaldırılması üçün bütün əlaqədar tərəflərin rəyini əldə etməklə yanaşı, cəmiyyətdə də geniş maarifləndirmə işinin aparılmasına üstünlük veririk. Hesab edirəm ki, qanuna dəyişiklik mütləq olmalıdır və 18 yaşdan aşağı nikaha istisna hallarda belə icazə verilməsinə son qoyulmalıdır”.

Komitə sədrinin sözlərinə görə, belə təkliflər həm vətəndaş cəmiyyətinin nümayəndələri, həm də ekspertlər tərəfindən aktiv şəkildə irəli sürülür. “Bunu bizim son 3 ildə apardığımız təhlillər və tədqiqatların nəticələri də sübut edir. Ənənəvi və rəqəmsal media orqanları isə bu prosesdə böyük rola malikdir. İnanıram ki, birgə səylərimiz nəticəsində bu məqsədə nail olacağıq”.

Qeyd edək ki, hazırda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunub. Üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.

Fransa Senatındakı dostluq qrupu etibarsız sayılmalıdır

Məlahət İbrahimqızı: “İstisnanın ləğv olunması problemi həll etməyəcək”

Millət vəkili Məlahət İbrahimqızı “Yeni Müsavat”a bildirdi ki, ana ölümü strateji problemdir. Millət vəkili vurğulayıb ki, bu məsələ BMT-nin Dayanıqlı İnkişaf Məqsədələrində də əks olunub: “Ana ölümü ailənin, millətin faciəsidir. Terminə diqqət yetirsək, görərik ki, qadın ölümü yox, ana ölümü deyə qeyd olunur. Azərbaycanda nikah yaşı 18 yaşdır. İstisna hallarda nikaha 1 il tez daxil olmağa icazə verilir. Bütün qanunlarda istisna hallar var. Qeyd edim ki, istisnanın ləğv olunması problemi həll etməyəcək. Məsələyə fundamental baxmalıyıq. Bu gün ana ölümünün real vəziyyəti haqqında təfsilatlı məlumat tapmaq çətindir. Müvafiq qurumların hesabatlarında bu statistika var. Boşanmalar haqqında mükəmməl təhlil varmı? Bunu təkcə aidiyyəti dövlət qurumları deyil, QHT də hazırlaya bilər. Hazırlanan hesabatlardan ictimaiyyət xəbərdar olmur. İstisna halların siyahısı müəyyən olunmalıdır. Hesab edirəm ki, ictimai qınaq mütləq olmalıdır. Erkən nikah üçün bioloji, fiziki, psixoloji və başqa cəhətdən hazırlıq olmalıdır. Ümumiyyətlə, nikah üçün hər iki tərəfin öhdəlikləri var. Dünya təcrübəsində də standart 18 yaş əsas götürülür”.

Bakupost.az - Prezident Mehriban Zeynalovanı təltif etdi

Mehriban Zeynalova: “17 yaşlı gənclərin nikaha daxil olması müxtəlif səbəblərlə əsaslandırılır”

 “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova mövzunu belə şərh etdi: “Bu, uzun müddətdir müzakirə olunan məsələlərdən biridir. 17 yaşlı gənclərin nikaha daxil olması müxtəlif səbəblərlə  əsaslandırılır. Dünya təcrübəsinə görə, 18 yaşa qədər olan şəxslər uşaq hesab olunur, müstəqil qərar qəbul edə bilmirlər. Qəyyumlar bir sıra hallarda bundan sui-istifadə edirlər. İqtisadi, psixoloji zorakılıq metodlarından istifadə edərək nikaha vadar edirlər.

Bunun qarşısını almaq üçün 1 il müddətini aradan qaldırmaq lazımdır. 18 yaşlı gənc  müstəqil şəxsiyyət hesab olunur. Stereotiplərin aradan qaldırılması üçün yaxşı təklifdir. Övladı şəxsiyyət kimi görmək lazımdır. İstənilən halda 18 yaşla bağlı qərarı doğru hesab edirəm”.

Nigar HƏSƏNLİ,




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir