xestelik

Azərbaycanda “sarı qızdırma” təhlükəsi gözlənilir?

Baxış sayı: 1. 477

Son günlər dünya ictimaiyyətini “sarı qızıdrma” adlı xəstəlik narahat etməyə başlayıb. Belə ki, xəstəlik artıq bəzi ölkələrdə epidemiya həddinə çatıb.  Məsələn, Braziliyada “sarı qızdırma” epidemiyasından ölənlərin sayı 52 nəfərə çatıb. APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Braziliya Səhiyyə nazirliyindən bildirilib. Xəstəliyə yoluxanların sayının 149 nəfərə çatdığı qeyd olunur. “Builki “sarı qızdırma” epidemiyası son 37 ildə baş vermiş ən böyük epidemiyadır”, nazirliyin açıqlamasında qeyd olunur. Vurğulanır ki, Cənubi və Mərkəzi Amerika, habelə Afrikanın tropik ərazilərində yayılan “sarı qızdırma” xəstəliyi ağcaqanadlar vasitəsi ilə yayılır. Bəs görəsən “sarı qızdırma” nədir? Onun ölkəmizdə yayılma ehtimalı varmı? Nəzərə alsaq ki, yay aylarında Azərbaycanda da ağcaqanadlar çoxalırlar, onda bu xəstəliklə bağlı narahatlıq keçirməyə dəyər. Xəstəliyin fəsadları nələrə gətirib çıxara bilər, özümüzü “sarı qızdırma”dan necə qoruya bilərik?

 

“Xəstəlik sərhəd tanımır”

 

Proffessor Adil Qeybulla  deyir ki, “sarı qızdırma” dörd karantin infeksiyadan biri sayılır və bu çox təhlükəli infeksiyadır: “ÜST-ün  reyestrinə daxil olan 4 karantin infeksiyasından biri  məhz sarı qızdırmadır. “Sarı qızdırma”  yayılmağa və pandemiyaya meylli bir infeksiyadır və kütləvi insan tələfatı ilə müşayiət olunur. Belə ki,  xəstəlik sərhəd tanımır. İnsanlar daim hərəkətdədirlər və miqrasiya edirlər. Gediş-gəliş, səfərlər, məzuniyyətlər bu xəstəliyi tez bir zamanda yayılmasına əlverişli şərait yaradır. Qeyd edim ki, infeksiyanın daşıyıcısı insan özüdür. Bu virusa yoluxmuş insan getdiyi yerdə virusu çox asanlıqla digərinə keçirə bilir. Ona görə də fikrimcə, bu infeksiyanın lokallaşdırılması üçün təcili tədbirlər görülməldir. Belə ki, xəstəlik alovlandıqda və ocaq müşahidə edildikdə dərhal infeksiyanın lokallaşdırılması və ləğvi üçün ÜST-ün xüsusi qrupları xüsusi metodikalarından istifadə edir. Lakin bütün bunlara baxmayaraq, infeksiyanın yayılma ehtimalı həmişə qalır”.

Adil Qeybulla deyir ki, xəstəlikdən qorunmaq lazımdır: “Əgər bizdə də bu epidemiya yayılarsa, ciddi karantin tədbirləri elan olunmalıdır. İstər transsərhəd keçid zonalarında, gömrük məntəqələrində, istərsə də əhalinin kütləvi şəkildə toplaşdığı yerlərdə daha diqqətli olmaq lazımdır. Yaxşı olar ki, insanlar maska taxsın və virusa yoluxan insanlar dərhal hospitalizasiya olunsunlar. İnfeksiyanın yayıldığı təqdirdə, məsələ ilə bağlı bəzi xəstəxanalar səfərbər elan olunmalıdırlar. Yəni bütün bunlar  artıq daxili karantin tədbirlərinə aiddir. Lakin hesab edirəm ki,  müəyyən işləri indidən görmək və ona hazırlaşmaq lazımdır. Yaxşı olardı ki, proaktiv tədbirlərə daha da üstünlük verilsin”.

Müsahibim xəstəliyin əlamətləri və fəsadları haqqında da danışdı: “Adətən bu kimi hemofilik qızdırmalar və o cümlədən də “sarı qızdırma” xəstəliyi periferik qanda çox ciddi dəyişikliklər yaradır və tromblaşma yardır. Xəstəlik yüksək hərarətlə müşahidə olunur və mübadilə prosesləri pozulur. Həyati  funksiyaları iflic edən virus bir çox hallarda  ölümə gətirib çıxarır. Bu xəstəliyin klinik inkişafı orqanizmdə sürətli gedir və çox qısa müddətdə ağırlaşmalara və ölümə səbəb ola bilir. Ona görə də bu  qəbildən olan infeksiyalar həm  orqanizmdə törətdiyi ağır fəsadlar baxımından,  həm də epidemiya və pandemiyaya meyllilik baxımından kifayət qədər ciddi hesab olunur”.

 

“Xəstəliyin ilkin əlaməti əzələlərdə ağrı, halsızlıq hesab oluna bilər”

 

Həkim-terapevt Elnur Rəhimov deyir ki, “sarı qızdırma” virus xəstəliyi olduğuna görə hər yerdə yayıla bilər: “Xəstəliyin yayılması isə xəstəliyin inkubasion dövrünü keçirən insandan asılıdır. Lakin istənilən halda bu virusun bizdə yayılacağını düşünmürəm. Daha çox digər ölkələr üçün xas olan bir xəstəlikdir. Bu virus infeksiyası bəzən gec təyin olunur. Xəstəliyin gizli dövründə əlamətlər  özünü büruzə vermir. Əlamət bilinəndən sonra insan orqanizmində immunitet aşağı düşür. Bəzən xəstəlik yuxarı tənəffüs yollarının iltihabı və boğulmaya kimi gətirib çıxara bilir. Bu halda xəstəliyin ölüm riski də yüksək olur. Xəstəliyin ilkin əlaməti əzələlərdə ağrı, halsızlıq hesab oluna bilər. Bu zaman  temperatur heç gözlənilmədən 40 dərəcəyə kimi qalxa bilir. Siçan və donuz, hətta meymun da xəstəliyin daşıyıcısı ola bilir. Həmçinin ağcaqanadlar da bu xəstəliyin yayılmasına səbəb ola bilir. “Sarı qızdırma” virus infeksiyası olduğuna görə, qəti demək olmaz ki, ona bizdə rast gəlinə bilməz. Amma istənilən halda, bu xəstəlik  hətta bizə qonşu olan ölkələrdə belə aşkar edilməyib”.

 

“Bu virus yeni deyil”

 

Azərbaycan Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev isə “sarı qızdırma” virusunun  Azərbaycan üçün xas olmadığını bildirdi: “Bu virus yeni deyil. Vaxtı ilə də olub.  Virusun ölkəmiz üçün xas olan heç bir xüsusiyyəti yoxdur. Bu məsələni şişirtməyə ehtiyac yoxdur. Digər tərəfdən, Azərbaycanda ümumiyyətlə, yoluxucu xəstəliklərə qarşı tədbirlər görülür”.

Baş epidemioloq bildirdi ki, Azərbaycandan xarici ölkələrə gedənlər və gələnlər vaksinasiya edilir: “Sanitariya-karantin stansiyasının bütün giriş-çıxış qapılarında nəzarət məntəqəsi var. Həmin şəxslər burada yoxlanılıb sonra ölkə ərazisinə buraxılır. Hesab edirəm ki, xəstəliyin yayılma ehtimalı yoxdur. Hər yayılan məlumata inanmaq olmaz”. (Kaspi.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir