behram baqirzade

Bəhram Bağırzadə: “Mən həmin insanlara deyərdim ki, “gedib öz işləri ilə məşğul olsunlar” – MÜSAHİBƏ

Baxış sayı: 136

Tanınmış yumor ustası, şoumen, Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadə  Modern.az saytına müsahibə verib. “Gencaile.az” həmin müsahibəni təqdim edir.

Siz dövrümüzün intellektual yumor ustalarından birisiniz. Hazırda efirlərdə yayımlanan əyləncə proqramlarını və komediya filmlərini bir mütəxəssis kimi necə qiymətləndirirsiniz?

-İlk öncə demək istəyərdim ki, mən mütəxəssis deyiləm. Mən həvəskaram və elə də qalacam. Bəlkə gələcəkdə nə vaxtsa özümə peşəkar deyə bilərəm. O ki qaldı, verdiyiniz suala,  əfsuslar olsun ki, onlara baxmıram. Ümumiyyətlə, mən bir neçə ildir Azərbaycan kanallarına baxmıram.  Filmlərə də ona görə baxmıram ki, vaxtımı alır.


-Niyə baxmırsınız?

-Mən tezdən saat 7-də çıxıb, gecə saat 12-də evə  gəlirəm. Mənim də gəldiyim vaxtda futbollar başlayır və ona baxıram.


-Sizcə müasir tamaşaçını güldürmək asandır? Bunun üçün hansı nüanslara diqqət yetirmək lazımdır?

– Bəli, asandır. Ona görə ki, tamaşaçıların intellektual səviyyə aşağı düşüb. Əvvəllər isə çox çətin idi. Heç kim məndən inciməsin,  90-cı illərdə , 2000-ci ilin əvvəlində və indi səhnəyə çıxanda tamaşaçı zalına baxanda simaların çox dəyişildiyinin şahidi oluram. Hətta baxışların dəyişildiyini görürəm.


– Bəs sizi ən çox güldürən aktyor və film hansıdır?

– Bunu konkret demək mümkün deyil. Amma mənə yaxın olan filmlər Vaqif Mustafayevin filmləridir. “Bəyin oğurlanması”, “Yaramaz”, “Hər şey yaxşılığa doğru”, “Yerlə göy arası”, “Milli bomba” və s. Bu filmlər və zarafatlar mənim çox xoşuma gəlir. O ki qaldı ssenariyə, əlbəttə ki böyük dramaturqumuz Ramiz Fətəliyev.
Filmlərə baxmağa gələndə, ancaq Avropa filmlərinə baxıram. İlk növbədə İtaliya və Fransa, son zamanlarda isə İspaniya filmləri mənim xoşuma gəlir. Amerika komediyalarının isə əksəriyyətini bəyənmirəm. Çünki bayağı və çox zəifdir.


– Sizcə Azərbaycandan “Oskar” mükafatına niyə filmlər göndərilmir? Bu, filmlərin yaxşı çəkilməməsindən irəli gəlir, yoxsa peşəkarlığın olmamasından?

-Bilirsiniz, kino sənəti çox sintetik sənətdir. Bizdə elə bir komanda yığmaq çox çətindir. Bunun üçün həm rejissor, həm də operator “Oskar”a görə düşünməlidir. Ona görə də Azərbaycanda belə bir komandanı yığmaq mümkün deyil. Amma mən çox istəyərəm ki, bizim filmlər də “Oskar”da iştirak etsin.

– Onda yəqin yerli serialları da izləyimirsiniz. Günü-gündən çoxalan seriallarımızın heç birində sizi görə bilmirik. Bəlkə təklif olunan məbləğ sizi qane etmir?

– Bəli, Azərbaycan seriallarını izləmirəm. Amma mən onun tərəfdarı deyiləm ki, seriallar çəkilməsin. Birincisi nə qədər çox serial çəkilsə, daha da yaxşıları olacaq. Serial xırda bir fabrikdir. Orda yüzlərlə insan işləyir və evlərinə çörək aparır. O ki qaldı mənə, bir neçə serialda çəkilmişəm. Məbləğin qane etməməyi barədə isə elə bir şey yoxdur. Sadəcə  serial çox vaxt aparan bir şey olduğu üçün gərək bütün işlərini atıb, ona çəkiləsən. Mənim isə elə bir vaxtım yoxdur.

-DeyəsənPlanet Parni iz Baku” teatrı tamaşalarını nümayiş etdirmək üçün telekanal tapa bilmir… Səhv etmirəmsə, sonuncu tamaşalarınızdan birini yayımlamaqdan imtina etmişdilər…

-Vallah mən bu barədə dəqiq bilmirəm. Amma telekanallar bununla nəsə itiriblər., biz yox. Bizim üçün Heydər Əliyev sarayı və kinoteatrlar var. Telekanalların ”Planet Parni iz Baku”nun çıxışlarını verməməyi bədbəxtçilikdən irəli gəlir. Çünki, kimsə yəqin bunlara qadağa qoyub.


-Bəzi insanlar bildirirlər ki, Bəhram Bağırzadə reklamlara çəkildikdən sonra onun nüfuzu aşağı düşdü. Bəs siz necə hesab edirsiniz?

-Bilirsiniz mən də həyatda çox şeylər istəmirəm. Mən həmin insanlara deyərdim ki, “gedib öz işləri ilə məşğul olsunlar”. Bu mənim sənətimdir. Mənim çörəyim ordan çıxır. Mən məmur işləyib rüşvətlə, xalqın pulun mənimsəməklə məşğul ola bilmərəm. Bilirsiniz bu nəyə oxşayır? Yaxınlaşıb yol poliso işçisindən soruşursan ki, niyə bütün gün yollardasan? O da qayıdıb deyər ki, “yeri get işinlə məşğul ol”. Mən xoşbəxtəm ki, Azərbaycanda minlərlə aktyor ola-ola İsveçrədən və Türkiyədən məhz məni P&G-nin reklamına dəvət ediblər. Onlar mənim sənətimə bələd olub və sorğu aparıblar ki, Azərbaycanda kimə inanırsınız? Sorğu zamanı 95 faiz insan məni dəstəkləyib. Sabah mən Amerikada da kinoya çəkilə bilərəm. Bu da kiminsə xoşuna gəlməyə bilər. Buna sevinmək lazımdır. Allah mənə o hissiyyatı bəxş edib ki, digər insanın qələbəsinə sevinim.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir