masin

Bakıda mədəni sürücü olmağın yolları

Baxış sayı: 1. 481

Hamımız gün ərzində paytaxt yollarındakı sürücü mədəniyyəti problemi ilə üzləşirik: İstər ictimai nəqliyyatda, istər şəxsi avtomobildə. Bəzi faktlar, gördüyümüz özbaşınalıqlar “yol polisi yollarda nə qədər çox olsa yaxşıdır” fikrinin yayılmasına səbəb olur. Amma sürücünün daxili senzurasının yoxluğu da zaman-zaman problemlər yaradır. Halbuki Avropada sürücülərlə bağlı bəzi müəyyən edilmiş qaydalar həmin neqativ halların qarşısını almaq üçün yetərli olur.

 

BAKIDA SÜRÜCÜ PİYADAYA YOL VERİR, AMMA…

“Son vaxtlar avtomobil yollarında piyada vurma faktları ciddi narahatlıq doğurur. Piyadaların avtomobillərlə vurulması ümumi hadisələrin 67%-ni təşkil edir”. Bunu mediaya açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyib. V. Əsədovun sözlərinə görə, piyadaların vurulması ilə baş verən hadisələrdə günah çox vaxt piyadalarda olur.

“Sürücülərin 90 faizi piyadalara yol verir. Bu məsələdə problem piyadaların üzərinə düşür. Yol nəqliyyat hadisələrinin 67%-i piyadaların vurulması ilə nəticələnən qəzalardır. Piyadalar hələ də “bilmədim”, “görmədim”, “tələsirəm” deyir. Hər bir hərəkət iştirakçısı özünün təhlükəsizliyini təmin etməlidir”, – deyə bölmə rəisi bildirib.

piyadaya yol ile ilgili görsel sonucu

DYP rəsmisi tövsiyə edib ki, ölümlə, xəsarət alma ilə nəticələnən avtoqəzaların qarşısını almaq üçün hər bir hərəkət iştirakçısı məsuliyyətli və diqqətli olmalıdır.

“Avropada piyadalar piyada zolağından keçmirsə, 50 avro cərimələnir, bizdə isə 20 manat. İdarə edilən nəqliyyat vasitəsinin arxa oturacağında azyaşlı uşaqlar mütləq xüsusi oturacaqda getməlidir. 12 yaşa qədər olan uşaqlar üçün xüsusi oturacaq yoxdursa, həmin sürücü cərimələnir. Amma bu, bizdə inzibati xəta tərkibi yaratmır.

Avropada sürücülər yol polisi onları cərimələyəcək deyə qanuna riayət etmirlər. Onlar yol hərəkətində təhlükəsizliyini təmin edirlər ki, sağlamlıqlarını qorusunlar. Avropalı başa düşür ki, təhlükəsizlik kəmərini taxmırsa, qəza zamanı xəsarət dərəcəsi artacaq. Avropada sürücülər işıqforların tələblərinə uyğun hərəkət edirlər. Avropada sürücülər çox nadir hallarda səs siqnalı verirlər. Amma bizdə bir-birləri ilə səs siqnalı verərək salamlaşırlar, sağollaşırlar. Səs siqnalı veməklə adam çağırırlar, yol istəyirlər. Hətta səs siqnalı verə-verə ailə qururlar”, – deyə DYP rəsmisi qeyd edib.

Vaqif Əsədov tövsiyə edir ki, piyadalar maksimum diqqətli, təhlükəsizliyi təmin etmək bacarığına malik olsun və başqalarının da həyatına maneə yaratmasın.

 

AVROPA VƏ AMERİKADA SƏRT YOL HƏRƏKƏT CƏZALARI – DOLLAR-AVROLAR HAVADA UÇUŞUR

Əslində bu fakt həm də sürücü mədəniyyətinin göstəricilərindən biridir. Amma problemui həll etmənin yolu həm də dünya təcrübəsindəki nümunələrə diqqət etməkdir. Xüsusən də cərimələrlə bağlı məqamlara. Məsələn, cərimə hər zaman nizam-intizama səbəb olan faktordurmu? Bəzi ölkələrin cəza təcrübəsinə diqqət edək.

Amerika Birləşmiş Ştatlarında il ərzində avtoqəzalar 30 mindən artıq insanın həyatına son qoyur. Digər tərəfdən ölkə iqtisadiyyatı il ərzində yol-nəqliyyat qəzaları səbəbilə 871 milyard dollar pul itirir. Amerika yollarında ölüm sayı dünya ölkələri ilə müqayisədə yüksək deyil və son illərdə azalmağa doğru gedir. Bunun bir səbəbi də yol qaydalarının pozulmasına görə sərt cəzaların tətbiq edilməsidir.

Belə ki, Amerikada sürücünün qanında icazə verilən alkoqol miqdarı 0,8 promilleni keçməməlidir. Əgər sürücünün qanında bundan çox alkoqol aşkar olunarsa, o, avtomatik olaraq sərxoş halda nəqliyyat vasitəsini idarə edən şəxs sayılır. Əgər sürücü ilk dəfə sükan arxasında alkoqol normasını pozubsa, bu zaman o, 6 aya qədər azadlıqdan məhrum edilmə, yaxud 390-la 1000 dollar arasında dəyişən cərimə miqdarını (məhkəmə xərcləri bura daxil deyil) ödəməli olacaq. Amerikalı sürücü bununla yanaşı, sürücülük vəsiqəsinin və maşının müsadirə olunması ilə də üzləşə bilər. O, hətta müsadirə olunmuş maşının dövlət dayanacağında saxlanması üçün əlavə pul ödəməli olacaq. Bundan başqa, hərəkət sürətini 60 km/saat-dan çox keçən sürücülər 500 dollardan başlayan cərimələr ödəməlidir. ABŞ-da parketmə qaydasını pozan sürücülər 35, təhlükəsizlik kəmərindən istifadə etməyən, yaxud svetoforun qadağan olunmuş işığında keçən sürücülər isə 50 dollar cərimələnirlər.

Çində sürət həddini aşan sürücülər burada 318 dollar (2000 yuan) cərimə ödəməlidirlər. İçkili halda nəqliyyat vasitəsini idarə edən çinli sürücüləri isə (0,5 promilledən artıq) 77-307 (500-2000 yuan) dollar arasında cərimə, 15 sutka həbs və sürücülük vəsiqəsindən 3-6 ay arasında məhrum olunma gözləyir. 2010-cu ildən bəri içkili halda nəqliyyat vasitəsindən idarə edərək insan ölümünə səbəb olan sürücülərə qarşı maksimal cəza olaraq ölüm hökmününü verilməsi nəzərdə tutulub.

Fransada sürət həddini 60 km/saat-dan çox aşan sürücülər 1500 avro cərimə ödəməli olurlar. Sərxoş halda maşın idarə edən sürücülər (0,5-0,8 promille arasında içki qəbul edən) 135 avro, 0,8 promilledən artıq alkoqol qəbul edən sürücü isə 4500 avro cərimə və 3 il müddətinə sürücülük hüququndan məhrum olunma ilə cəzalandırılır. Parketmə qaydalarını pozan sürücülər 10 avrodan başlayaraq, təhlükəsizlik kəmərindən istifadə etməyənlər 135 avrodan və svetaforun qadağan olunmuş işığında keçənlər isə 90 avrodan başlayan cərimələr ödəyirlər.(modern.az)

sürücülər ile ilgili görsel sonucu

SÜRÜCÜ OLMAQ ÜÇÜN BU MƏRHƏLƏLƏRİ KEÇMƏK LAZIMDIR

Bəzi ölkələrdə isə ümumiyyətlə, sürücü vəsiqəsi qazanmaq da çətindir. Məsələn, Norveçdə taksi, marşrut taksi, əlillərin daşınması üçün nəzərdə tutulan nəqliyyat vasitələrində sürücü işləmək üçün sürücülük vəsiqəsi ilə yanaşı, xüsusi iş biletinə də sahib olmaq lazımdır. Bu sənəd sürücünün tələblərə cavab verdiyini və sağlamlığının qaydasında olduğunu sübut edir. Sürücülük biletinin alınması barədə ərizə eyni zamanda sürücünün yaşadığı ərazi üzrə polis bölməsinə göndərilməlidir. Amma bununla paralel, polis bölməsinə sürücü ilə bağlı sağlamlıq arayışı da göndərilməlidir. Bəzi polis bölmələrində sürücülüyə namizədlər marşrutun yadda saxlanması üzrə testlərdən də keçməlidir.

Almaniyada daha öncə sürücülük kursunu bitirən şəxs yenidöən bu ölkədə kursa daxil olmaq istəsə, almanlar üçün elementar sayılan bəzi bilgilər üzrə imtahan verməlidir. Belə ki, ilk növbədə üçrəqəmlilər üzrə toplama-çıxma, vurma-bölmə əməlləri, alman dili və texniki fənlər üzrə imtahan vermək lazımdır. Bundan başqa, sağlamlıq da çox ciddi şəkildə yoxlanır: görmə, eşitmə qabiliyyəti, qanda narkotikin olub-olmaması. Bundan sonra 21 aylıq xüsusi kurslar keçilir. Bu kurs üçün 3300 avro ödəmək lazımdır.

Gördüyünüz kimi, sürücü olmaq üçün sərt qaydalar, üstəgəl, yollarda yol verdiyin pozuntuya görə tətbiq olunan cəzalar Avropa və Amerikada yetərincə ciddidir. Bu isə özü ilə avtomatik olaraq sürücü etikasını gətirir.

 

Sevinc TELMANQIZI




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir