Sevinc Memmedova

Baş mama-ginekoloq: “Uşağı pambığa büküb qaloşun içinə qoymuşdular” – MÜSAHİBƏ

Baxış sayı: 2. 158

“Gencaile.az” Respublika Perinatal Mərkəzin baş həkimi, baş mama-ginekoloq Sevinc Məmmədovanın Ailem.az-a müsahibəsini təqdim edir.

 

Mərkəz 2015-ci il yanvarın 1-dən yeni diri doğma meyarı ilə işləyir. Yeni meyardan sonra nə dəyişdi?

– Köhnə diri doğma meyarına görə, 28 həftəlik müddətdə çəkisi 1 kilo olan uşaqlar doğularsa, buna “diridoğulmuş” deyirdik. Lakin 2015-ci il, yanvarın 1-dən Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri ilə yeni diridoğulma meyarlarına keçdik. 1 kilo çəkidə yox, ondan bir qədər aşağı diapazona – 500 qrama düşdük. Yəni hamiləliyin 22 həftəsində 500 qram çəkisi və ondan artıq çəkidə olan uşaqları qəbul edirik. Bu kateqoriyada həm hamilə qadına, həm də ondan doğulan yarımçıq uşaqlara qulluq etmək üçün xüsusi dərman preparatları, biliklər və avadanlıq lazımdır. Hər 500 qramlıq uşaq diridoğulmuş hesab edilməyə başlayandan sonra göstəricilərdə də dəyişiklik oldu. 2014-cü ildə respublikada körpə ölümü göstəricisi 10.2 promil təşkil edibsə, 2016-cı ildə 11.2 promilə qalxıb. 500-600 qramlıq uşaqlara qulluq etmək təcrübəmiz yoxuydu. Artıq ikinci ildir ki, bu uşaqlarla işləyirik. Hazırda şöbəmizdə 4 800 qramlıq körpəmiz var ki, onlar sərbəst nəfəsalmadadır. Dövlət tərəfindən hər bir dərman və müasir avadanlıqlarla tam təchiz olunmuşuq. Bu sahə üzrə yenilikləri öyrənmək üçün həkimlərimiz xaricdə kurslara göndəririk. Zamanla bu istiqamətdə yeni nailiyyətlər əldə edirik. Düşünürəm ki, yaxın zamanlarda 500-600 qramlıq uşaqları da çətin vəziyyətdən çıxaracağıq.

 

Yarımçıq doğulan uşaqlar ümumi doğuşun neçə faizini təşkil edir?

– Mərkəzdə ildə 3 min doğuş olur. Onlardan 1500-ü yarımçıq doğuşlardır – 22 həftədən 34 həftəyədək. 34 həftədən yuxarı hamilələr belə ağır patologiyalılardır. Biz sağlam qadın götürmürük. Baxmayaraq ki, hamiləliyin müddəti 39-40 həftədir, ürək qüsurlu, böyrək çatışmazlığı, beynində xərçəng və s. olan qadınların hamiləliyini aparmaq və doğuşunu qəbul etmək yüksək riskdir. Ümumdünya Səhiyyə Təşkilatının göstəricisinə görə, dünya üzrə yarımçıq uşaqlar 10-15 faiz təşkil edir. 500 qramlıqlar 1-2 faizdir. 2015-2016-cı ildə 1000 qramdan az çəkisi olan 295 yeni doğulmuş olub. Onlardan 135-ini xilas etmək mümkün olub. 135-dən 93-ü Perinatal Mərkəzlərin payına düşür. Yeni diridoğulma meyarına təzə keçmişik. Birdən-birə bizdən tələb eləmək ki, 500 qram doğulan 1600 uşağın hamısı yaşasın, bu, qeyri-mümkündür. Uşaqların hamısı burada doğulmur. Regionlarda da doğulurlar. Çox vaxt bura gəlib çatmadan yolda ölürlər. Bəzən 22 həftəsində 500 qramdan az olurlar. 300-400 qramlıq uşağa heç aparatı qoşmağa imkan yoxdu. Damarı tapa bilmirik. Sağolma müxtəlif anlayışdır. Biz həkimlər üçün sağolma nə deməkdir? Ürək özü döyünsün, ciyərlər özü nəfəs alsın, qulaq eşitsin, göz görsün, qaraciyər həzm eləsin, böyrəklər süzsün. İnsanlar elə düşünürlər ki, uşağın iki gözü, iki qulağı, iki əli, iki ayağı varsa, artıq uşaqdı. Daha demir ki, ürəyi, böyrəyi xəmirdi. Onlar hələ öz funksiyasını sərbəst yerinə yetirə bilmir. Normalda uşağın baş-beyni 28 həftəsində yetişir. Ciyəri isə 34 həftəsində. 34 həftəyə qədər doğulan uşaqlar uşaqdı, amma onun ciyəri büzüşmüş orqandı. Ona hava vursan, ciyər cırıla-cırıla açılacaq, uşaq qanaxmadan öləcək. Ciyər cırılmadan yetişsin deyə Kurosurf iynəsi vurulur. Bu iynə ilə Perinatal Mərkəzlər dövlət xətti ilə pulsuz təmin olunur.

 

Yarımçıq doğulan uşaqlar tam sağlam olur?

– Bəzi uşaqlar ana bətnində çox stress içində olur. Ana bətnində uşaqların ciyərini yetişdirən stress hormonudur. Adrenokortikotrop hormonu beyində əmələ gəlir. Böyrək vəzini qıcıqlandıran hormondu. İnsan nə qədər çox stresdə olarsa, bir o qədər də adrenokortikotrop hormonu yetişir. Bu hormon damarları sıxır, təzyiqi tənzimləyir, insanın baş-beynini iti edir və s. Adrenokortikotrop hormonunun təsiri altında böyürəküstü vəzilərdə qlyukokortikoidlər, prednizolonlar əmələ gəlir. Qlyukokortikoidlər ciyəri yetişdirir. Qadında vaxtında əvvəl doğuş gözlənilirsə, ona 2 gün ərzində deksametazon, betaspan stress hormonunu vururuq, uşağın ciyərlərini yetişdirir. Astma xəstələri üçün aerozollar var, onun tərkibi də hormonlardan ibarətdir. Stress hormonu zəhərdir. Bir tək müsbət cəhəti odur ki, o, uşağın ciyərini yetişdirə bilir. Normadan artığı ürəyi, böyrəyi dağıdır. Uşaq doğuldu, bir dəfə “iii” elədisə, demək sağdı. Uşaq “iii” edir, amma ciyəri nəfəs almaya bilər, ürəyi işləməz. 28 həftəlik doğulan uşaqların baş-beynində şırım olmur. Onları vəziyyətdən çıxarırıq, aparata qoşuruq, Kurosurf vururuq, gedir. Amma 1 yaşına çatanda o uşaqlar ya əqli cəhətdən inkişaf etmirlər, ya qulaqları eşitmir, ya da gözləri görmür. Yaxud qaraciyərində, ağciyərində xroniki xəstəliklər olur. Eləsi də var, sinir sistemi yetişməmiş olur, getdikcə quruyur. Dünyada olduğu kimi, Azərbaycanda da vaxtından əvvəl doğulmuş uşaqların 70%-i erkən perinatal ölümlə nəticələnir. 15%-də ağır xroniki ağciyər xəstəlikləri, korluq, karlıq, uşaq iflici olur. Qalan 15% ola bilsin ki, sağlam olsun. Hitler, Eynşteyn, Ruzvelt, Çörçil, Napaleon da 600 qramlıq doğulub, psixoloji problemləri olub, dünyanı zəbt etməyə çalışıb (gülür).

 

Bu gün tibb elmi inkişaf edib, 600 qramlıq uşağı saxlamaq mümkün olur. Bəs o dövrdə necə saxlayıblar?

– O dövrdə çox maraqlı saxlamalar olub. Balaca olanda rayonda nənəmin qonşuluğunda Yavər xala vardı. Onun 1 kiloluq nəvəsi olmuşdu. Dedilər “uşaq olub, uşaq olub!”, biz də getdik uşağa baxmağa. Uşağı pambığa, sellofana büküb qoymuşdular qaloşun içinə. Qaloşu da ayaqqabı qutusunun içində “ceyran” sobasının yanına qoymuşdular. Uşaq əl boyda ət parçası idi. Soruşdum, o, niyə elədi? Dedilər, böyüyəcək yaxşı olacaq. O uşaq böyüdü. Adını Vüsal qoydular. Gözəl səsi vardı, yarışmalara da qatılırdı. Sonradan səs tellərində xərçəng tapıldı, əməliyyat etdilər, səsi batdı. İndi 40 yaşı olar.

 

Erkən doğuşun səbəbləri nədir?

– Səbəblər müxtəlifdir. Həm ananın orqanizmindən asılıdır, həm uşağın. Anadangəlmə genetik qüsurlar var ki, təbiət təbii yolla ana bətnindən xaric edir. Elə ürək qüsurları var ki, hamiləliyin 24-25 həftəsindən sonra üzə çıxır. Onları da təbiət qəbul etmir, maksimal təmizləməyə çalışır. Nə illah edirsənsə, uşaq ana bətnində qalmır, erkən doğuş olur. İkinci səbəblərdən biri də ananın xəstəlikləridir. Elə xəstəliklər var ki, uşağın ana bətnində inkişaf etməyinə maneçilik törədirlər. Qan, böyrək, ciyər, ağır ürək xəstəlikləridir və s. Bir də elə hallar var ki, hamiləliyin davam etdirilməsini məsləhət görmürük. Tibbi göstərişlə vaxtından əvvəl süni doğuş yaradırıq.

 

Mərkəzə HİV-li xəstələr də qəbul edilir?

– İldə HİV-ə yoluxmuş 20-30 doğuş qəbul edirik. 60-cı əmrə əsasən, respublikada bütün HİV pozitiv hamilələr, yaxud QİÇS mərhələsində olan hamilələr Respublika Perinatal Mərkəzinə, yaxud Mama-Ginekologiya İnstitutuna daxil olurlar. Onların dölyanı mayeləri, qanları ətraf üçün yüksək təhlükədir. Bu səbəbdən də onları xüsusi müəssisələrdə xüsusi texnikadan istifadə edərək, xüsusi şəraitdə doğuzdururuq. Azərbaycan bugünkü gündə azsaylı ölkələr sırasındadır ki, orada HİV pozitiv hamilələrə dövlət hesabına pulsuz dərmanlar verilir. HİV müsbət anadan doğulmuş uşağa 18 ay ərzində dərman və süni qida veririk. Ana südüylə yoluxma riski çox yüksəkdir. Respublika QİÇS-lə Mübarizə Mərkəzi Perinatal Mərkəzi bahalı dərmanlarla pulsuz təmin edir. Uşaq doğulan kimi ilk saatdan dərmana başlayırıq. Nə qədər tez başlasan, o qədər yaxşıdır. Bir dənə uşağımız vardı, onda tüklü leyşmanioz vardı. Dərinin üstündə xal olur, üstü də sıx tüklərlə örtülü. Biz onda başa düşdük ki, ana HİV-li olub, hamiləlikdə dərman qəbul etməyib. Hansısa kənddən gəlmişdilər. Elə vəziyyətdə gəlmişdilər ki, dərhal doğuşa aldıq. HİV-li xəstələrdə immunitet aşağı düşəndə uşaqda belə hallar rast gəlinir. Hamilələrin 80%-i həkim nəzarətində olur. 20%-i həkimə getmir. Şəhərdə qızlar hamilə olan kimi həkimə gedirlər, USM, DOPLER, qadın məsləhətxanası, orda-burda. Ailəmə car çəkirlər ki, mən hamiləyəm. Hər hamilə 9 ay ərzində 7 dəfə həkim qəbulunda olmalıdır. Kənd yerində isə getmirlər.

 

Adətən HİV-li qadınların qeysəriyyə yolu ilə doğuş etməsi tövsiyə olunur.

– Bu, ananın virus yükündən asılıdır. Normativlər var. Qadının qanında virus yüklənməsi 800 cop/ml-dən yüksək olarsa, birmənalı şəkildə qeysəriyyə olacaq. 800-dən aşağıdırsa, demək, doğum yollarından keçəndə uşağın ana bətnində olan mayedən udub yoluxma şansı çox aşağıdır. Onda bəli, təbii doğuşa buraxırıq. Bugünkü gündə hesab edilir ki, ana hamiləlik vaxtı 9 ay ərzində dərmanlarını qəbul edibsə, qeysəriyyə yolu ilə uşağı dünyaya gətiribsə, ana südüylə qidalandırmayıbsa, HİV-in anadan uşağa keçmə ehtimalı 1%-dir. Digər uşaqlardan heç bir fərqləri olmur. Risk qrupuna daxil olsalar da, yeganə fərqləri odur ki, 3 saatdan bir dərmanını vermək lazımdır.

 

Dölyanı mayeni ana bətnində udanda uşaq yoluxmur?

– Yox. Çox qəribədi, eləmi? Ana ilə uşaq arasında cift deyilən orqan var. O orqan yalnız hamiləlik vaxtı əmələ gəlir, doğuş zamanı da uşağın dalınca çıxır. Cift həm uşağı qoruyur, həm qidalandırır, həm immunitet verir.

 

QİÇS mərhələsində olan xəstəniz olub?

– 7 il ərzində QİÇS mərhələsində olan hamilə müraciət etməyib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir