cay

Bitki çayları ilə bağlı 7 vacib XƏBƏRDARLIQ

Baxış sayı: 249

Xalq arasında təbii və şəfaverici hesab edilən, mənfi yönü və risk faktoru olmadığı düşünülən bitki çayları bəzi hallarda təhlükəli də ola bilir. Xüsusilə qış aylarında immuniteti gücləndirmək məqsədi ilə bir çox insanlar bitki çaylarına üstünlük verirlər. Ancaq bitki çaylarını xəstəliklərə diqqət yetirmədikdə və ya xəstəliklərin fərqində olmadan içdikdə çox ciddi mənfi nəticələri ola bilir. “Gencaile.az” saytı türkiyəli həkimlərin araşdırmalarının nəticələrinə əsasən, bitki çayları ilə bağlı 7 önəmli xəbərdarlığı təqdim edir.

1. Yaşıl çay. Ən çox istifadə olunan bitki çaylarından biridir. Yaşıl çay yüksək təzyiqi və tez-tez ürəkdöyünmə problemi olanları narahat edə bilər. Bu şəxslər gündə bir-iki stəkandan çox yaşıl çay içməməlidirlər.

2. Kəklik otu. Kəklikotu bir çox xəstəliklərin müalicəsində faydalı olsa da, təzyiqi aşağı salır. Ona görə də təzyiq xəstəliyi olanlara kəklik otu çayını dərman udandan 2 saat sonra içmək daha məsləhətli olardı.

3. Ekinezya çayı. İmmunitet sistemini gücləndirir, soyuqdəymə zamanı tez-tez içilən çaylardan biridir. Ancaq bəzi insanlarda allergik reaksiya verə bilir. Allergiya və xolestrola qarşı dərman qəbul edənlər bu çayı içmədən öncə mütləq mütəxəssislə məsləhətləşməlidirlər.

4. Zəncəfil. Zəncəfil soyuqvurma, mədə və bağırsaq narahatlıqlarına qarşı çox şəfalıdır. Ancaq bu bitki öd kisəsində problem olanlara mənfi təsir göstərir. Gündə 1 qramdan artıq zəncəfil içilməsi hamilə qadınlarda uşağın düşməsinə səbəb ola bilir.

5. Adaçayı. Ağız və boğaz infeksiyalarına müsbət təsiri ilə bilinən adaçayı başgicəllənməni artırdığı üçün sakitləşdirici dərmanları qəbul edənlər və hamilələr içməməlidirlər.

6. Sarıkök. Öd kisəsində daş olanlara sarıkökdən istifadə məsləhət görülmür. Sarıkök öd axışını artırır deyə bir çox insanlara mənfi təsiri göstərir.

7. Quşburnu. Bu çay C vitamini sayəsində immunitet sistemini qoruyur və gücləndirir. Qrip və revmatizma kimi xəstəliklərin təbii müalicəsində son dərəcə effektlidir. Lakin bu çaydan gün ərzində 3 fincandan artıq içdikdə dəridə qaşıntı və digər allergik reaksiyalara səbəb olur. Quşburnu həmçinin ağızda və həzm sistemində qıcıq yaradır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir