Nura Suri

“Boşanırsan, deyirlər ki, kiminlə isə gəzir …” – Nura Suri ilə MÜSAHİBƏ

Baxış sayı: 1. 298

Müğənni Nura Suri “Musavat.com” saytına müsahibəsində yeni yaradıcılıq işlərindən, şou-biznesdəki canlanmadan və şəxsi həyatından danışıb. “Gencaile.az” həmin müsahibəni təqdim edir:

 

– Bir neçə gün öncə “Sevgi romanı” adlı klipinizi təqdim etdiniz, maraqla qarşılandı. Bundan sonra qarşıda hansı yeni işlər var?

–  Dekabrda növbəti klipimi təqdim edəcəyəm. Mahnı sevgidən bəhs edir, amma klip tam fərqli olacaq. Ssenarini mənə danışanda həyəcan keçirdim. Belə klip olmayıb. Tərəf müqabilim də olacaq. Klip xoşbəxt sonluqla bitməyəcək. Mahnının sözləri Türkiyə türkcəsindədir, Zülfi Bədəlov yazıb. Özüm xahiş etdim ki, sözlər Türiyə türkcəsində olsun. Skripkalardan istifadə olunub. Əvəz Muradovun işinə heç kimin şübhəsi ola bilməz, onun kimi aranjemanı bilən yoxdur, o sənətkardır. Bəstəni 3-4 adama dinlətmişəm, çox bəyəniblər. Klipi də gənc rejissor çəkəcək. Stilist Elnur Həsənovla çalışacağıq. Qarşıda böyük iş qalıb, ciddi-ciddi hazırlaşıram. Əməkdar artist Münəvvər Əliyeva ilə danışmışam. O “Qatil”də elə obraz yaradıb ki, onun təcrübələrinə ehtiyacım var. Qəbul etsə, onu da klipə çəkəcəyik. Razılaşmasa, gərək mənə obrazın incəliklərini öyrətsin.

–  Uzun illərdir ki, şou-biznesdə olan durğunluq artıq aradan qalxır. Ard-arda müğənnilər klip çəkdirir.

– Durğunluq hamıda olub və dana bilmərəm ki, bu situasiyanı Aygün Kazımova və Röya Ayxan aradan qaldırdı. Bu sağlam rəqabət idi. Biri də var ki, kiminsə işinə baxırsan və “əşi onun gördüyü iş nədir?” deyirsən. əgər kiminsə işini bəyənmirsənsə, onun gördüyü işdən daha yaxşısını etməlisən.

Təki biz müğənnilər bir-birimizin gördüyü işə sevinək, xoş sözlər deyək və sağlam rəqabət olsun. Xanım müğənnilər çox aktivdir. Mən bunu bəyənirəm və bu mənə stimul verir.

– Yeni çəkiləcək serialda rol alacaqsınız. İndiyə kimi serial təkliflərini rədd etmisiniz, bunu qəbul etməyinizə səbəb nə idi?

– Bu yaxınlarda təzə serialın çəkilişləri başlayacaq, baş rolu canlandırmaq mənə təklif olunub. Ssenarini müzakirə etməmişik. Elə insan mənə təklif edib ki, etiraz edə bilmədim. Sənətdə, şou-biznesdə elə insanlar var ki,  mən onlara yox deyə bilmirəm. Onlara ayrıca hörmətim var. Jurnalist Aynur Qacıyeva var, o məndən müsahibə alanda məmnun olurdum. Bilirdim ki, məni tənqid edəcək. Amma onun jurnalistlik fəaliyyətinə bələd idim, peşəkarın tənqidi mənə xoş idi. Eləcə də, keçən dəfə əməkdar artist Dilarə Əliyeva “Balsız” serialında çəkilməyimi istədi, razılaşdım.
Yeni serialda pozitiv qadını canlandırıram. Bilirəm ki, çətin olacaq, mən hər şəraitə uyğunlaşa bilmirəm. Amma söz vermişəm, hər çətinliyə dözəcəyəm.

– Qonorar sizi qane etdimi?

– Ödəniş olacaq. Məni qane etməsə də, razılaşdım. Arada xətir-hörmət var. Ödənişsiz, heç bir işdə rol almaram.

– Sizin aktrisa kimi kamera qarşısına keçməyiniz birmənalı qarşılanmayacaq. Xarici ölkələrdə məşhurlar seriallara çəkildiyi halda, bizdə bu addım tənqid olunur ki, hərə öz işi ilə məşğul olsun. Sizin üçün də deyəcəklər ki, Nura da aktrisa oldu.

– Tənqid nə qədər olursa, olsun. Dünyada qəbul edilmiş tendensiyavar: aktrisalar müğənnilik, müğənnilər aktrisalıq edir. O zaman muzklda aktrisalar mahnı oxumasın, müğənni dəvət etsinlər. Müğənnilik, aktrisalıq, aparıcılıq hamısı bizim sənətə aiddir. Mənim 3 bəstəm var, bir neçə mahnımın musiqisini özüm yazmışam. Bu o demək deyil ki, mən bəstəkaram və ya şairəyəm. Bu sahənin içində püxtələşmişəm. Artıq kameranı, görüntünü bilirəm. Sabah klip də çəkə bilərəm. Yersiz tənqidləri ciddiyə almıram.

– Ötən mövsüm demişdiniz ki, aparıcılıq edəcəksiniz. Amma bu mövsüm sizi aparıcı kimi ekranlarda görə bilmədik.

– Veriliş fikrini təxirə saldım. Bunun üçün səbəblərim var. Reytinq adı ilə bayağılığı təbliğ etmək olmaz. Telekanallarda peşəkarlar çalışmalıdır.  Jurnalistikanı, İncəsənət Universitetini bitirənlər var. Onlar yeni ideyalar, fikirlər gətirməlidir. Tamaşaçı efiri idarə etməməlidir. Efir tamaşaçının zövqünü formalaşdırmalıdır. Bütün bunlar düzəlsə, mən də aparıcılıq edəcəyəm.

– Televiziyalardakı  bayağılıqla bağlı status yazdınız və bu kampaniyaya çevrildi. Sənət dostlarınız sizə qoşuldu. Hətta, verilişlərin biri bağlandı. Statusunuzun bu qədər effektli olacağını gözləyirdiniz?

– Müğənni dostlarımın mənə dəstək olması kampaniyanın böyüməsinə səbəb oldu. Güc birlikdədir. Ad almış, hörmətli bir çox müğənnilər efirə çıxmırdılar. Buna görə də səhnə boş qaldı. Bayağı musiqi dəbə düşdü. Bizdə klip kanalı olmadığına görə pul xərcləyib, klip çəkdirmək sərf etmirdi. Telekanallarda 1 saat vaxt ayrılır və həmin zaman kim baxırsa, baxırdı. Ekran işi gün ərzində ən azı 5-10 dəfə yayımlanmalıdır ki, sevilsin. Artıq “Muz TV” var. Rəhim Rəhimli onun rəhbərliyinə keçəndən hər şey dəyişib. Artıq kliplərimiz yayımlanır. Bu da bizə stimul verir.

– Gündəmdə olan iki qalmaqalınız var: Oksana Rəsulova və Tünzalə Ağayeva. Hazırda  durum nə yerdədir?

– Oksana ana olması xəbərini mənim yaydığımı iddia edirdi. Amma ad çəkmirdi. İndi də deyir ki, məni nəzərdə tutmayıb. Kimi nəzərdə tutubsa, çıxıb, ad çəksin. Jurnalist Pərviz Hüseyn mənimlə çalışır. Oksana da efirdə dedi ki, Pərvizə yaxın müğənni deyib. Məni nəzərdə tutub, indi danır.  Adım niyə mənə layiq olmayan məsələdə hallanır? Mən buna layiq deyiləm, ailəmdən elə tərbiyə almamışam. Valideynlərim vətəni qoruyan insanlardır. Kiminsə sirrini yaymaq bizim üçün alçaqlıqdır. Bir xanım sirrinin yayılmasını istəmirsə, mən onu heç kimə demərəm. Oksananın sirrini yaymaq alçaqlıqdır.

Tünzalənin isə sözləri çox sərt idi. Bilmirəm ki, o montaj olunub, yoxsa elə deyib. Özü ilə danışığımız olmayıb. Bizim sözümüz 1 dəfə çəp gəlib. O da Dünya Azərbaycanlılarının Formunda baş verib. Əməkdar artistlər Lalə Məmmədova, Tünzalə Ağayeva və mən qonaq idim. Orda anlaşılmazlıq olub, amma mediaya çıxmayıb. Mənə qalmaqal lazım olsaydı,  gəlib açıqlama verərdim. Mən onun “Pərvanə” mahnısını da oxumuşam.  Ona olan münasibətim normal olub. Dövlət tədbirlərində, el şənliklərində qonaq olmuşuq, qardaşının toyunda çıxış etmişəm, mənim tədbirlərimə gəlib.  Birdən-birə mənə qarşı sərt danışmağınını səbəbini anlamıram.

Mən qalmaqallı insan deyiləm. Adımın qalmaqallı söhbətlərdə hallanmasını istəmirəm. Gündəmə işimlə gəlirəm, yoxsa mətbuata çıxmıram. Sosial şəbəkələrdə bir çox problemləri işıqlandırıram. Xəbər saytları da paylaşır, səsimiz daha tez yuxarılara çatır. Mən insanlara, vətəndaşlarımıza  faydalı olmağa çalışıram. Qalmaqal mənlik deyil.

– Bir də kimsə sizə söz atmaq istəyəndə 3 dəfə ailə qurmağınızı gündəmə gətirir. Sanki, sizi bu tərəfdən “vurmaq” istəyirlər.

– Guya, burada nə var? Ailə qurmağın nəyi pisdir? Bunu bir dəfə də demişəm. Məmurun uşağı evlənib-boşanır, ona kimsə söz demir. Adi insanlar, müğənnilər boşananda söz olur. Boşanırsan, deyirlər ki, kiminləsə gəzir. Təkrar ailə qurursan, o da söz olur. Ailə qurmuşam da,.. Mən ailə qurmağa layiq olmasam, elə insanlar mənimlə evlənməz. Ailəmdə problem olub, boşanmışam. Sonra ailə qurmuşam. Mən ailəli olmağı tərcih edirəm.  Burada ayıb şey yoxdur. Niyə tək yaşamalıyam? Qısa münasibətləri sevmirəm. Gündə biri ilə görüşmürəm. Haqqımda şayiələr dolaşa bilər. Əsas faktdır. Biri gəlib desin ki, səni filan kəslə gördük. Mənim evimdə çalışan insanlar, qonşular evimə yad kişinin girdiyini görə bilməzlər. Mənim evimə yad kişi girə bilməz. Ərdəyəmsə, ərim girə bilər. Bir insan qapımı döyə bilməz, artıq zəng gələ bilməz. Mən ciddi münasibətləri seçirəm. Bunu kimsə bayraq etmək istəyirsə, buyursun. Deyirlər ki, özündən razıdır. Özümdən razı olmasam, özümü sevməsəm, kimsə məni sevməz, hörmət etməz.  İnsan gərək birinci özünə hörmət qoymalıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir