bosanma

Boşanmalar niyə pik həddə çatıb? – KONSEPTUAL İZAH

Baxış sayı: 469

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk ayı ərzində boşanmaların sayı artıb. Belə ki, ilk ayda 3657 nikah və 1729 boşanma qeydə alınıb. Ötən ilin ilk ayı ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalıb, 4,6-dan 4,2-yə düşüb, boşanmaların sayı isə 1,6-dan 2,0-a qədər artıb. Dövlət qurumları isə, bununla bağlı sadəcə müzakirə edə bilirlər.

Təbii ki, boşanmaların qarşısını tamamilə almaq qeyri-mümkündür. Bəs, hansı tədbirlər görülməlidir ki, ayrılan cütlüklərin sayı nisbətən də olsa azalsın.

Sualımızı cavablandıran sosioloq Lalə Mehralı bildirdi ki, boşanmaya səbəb olan başlıca amillərdən biri tərəflərin güzəştə gedə bilməməsidir:

Lale Mehrali

“Düzdür, cütlüklər öz aralarında razılaşır, evlənir, amma nişanlılıq müddəti az olur deyə bir-birini yaxşı tanımadan ailə qururlar. Bu, sevib ailə quranlara da, ailələrin tanış elədikləri cütlüklərə də aiddir. Tərəflər bir-birinin xasiyyətinə uyğunlaşmadan evlənirlər. İnsan yeddisində nədirsə, yetmişində də elə olur. Hərəkətlərindən, danışığından, istək və arzularından bu insanın səndən nə istədiyini az-çox təxmin edə bilirsən. Əgər nişanlılıq müddətində qız brilliant karatının yüksəkliyini, nişan üçün xonçalarda nəyin olub-olmadığını tələb edirsə, belə məqamlar qarşı tərəfə xoş gəlmirsə, əvvəlcədən münasibətləri qırmaq lazımdır. Oğlum evlənən zaman qız mənə bahalı qiymətə gəlinlik geyinmək istədiyinə dair ismarıc göndərirsə, təbii ki, bu mənə acıq gələr. İlk empatiya yetərsizliyi elə buradan başlayır. Qızlar ərə gedəndə gələcək həyat yoldaşlarının cibini fikirləşmək məcburiyyətində olmalıdırlar. Çünki həmin büdcə evlilikdən sonra ikisinin olur. Çox görmüşük ki, cehiz pulunu ödəyə bilmədiyi üçün əziyyət çəkən, hətta özünü qatarın altına atan valideynlər var. Bəlamız ondadır ki, biz göstəriş üçün yaşayırıq. Qonaq otağına qoyacağımız hansısa qiymətli qabdan ötrü atamız evində ağlaşma qururuq. Qabın qiyməti 500-1000 manat civarında olur və ata məcbur olub həmin qabı alır. Övladlarımızı elə yetişdirməliyik ki, az pulla xoşbəxt olmağın formulunu tapsınlar”.

Sosioloq qeyd edir ki, evlilikdən sonra da tərəflər arasında müəyyən problemlər olur:

“Böyüklərin dediyi gənclərin boğazından keçmir. Cütlüklər bir-birinə güzəştə getməyi bacarmırlar. Oğlan evlilikdən qabaq qıza deyir ki, valideynlərimi tək buraxa bilmərəm. Qız da buna razılaşır, amma evlilikdən sonra oğlanın valideynləri ilə bir yerdə yaşamaq məcburiyyətində olmadığını deyir. Bu cür problemlər də evlilik bünövrəsinin zədələnməsinə səbəb olur. Ümumiyyətlə, gənc qızlar yaşlı nəsillə bir evi bölüşmək istəmirlər. Düzdür, toydan əvvəl özünü razıymış kimi göstərirlər. Toydan sonra isə “bir yol tapıb həll edərəm” deyə düşünürlər”.

L.Mehralının fikrincə, hakimlər nisbətən sərt mövqe sərgiləməsəydilər, bu gün boşanma halları statistikadan qat-qat yüksək olardı:

“Yaxşı bilirik ki, mental dəyərlərimiz var. Hakimlərimiz də xalqımızın içindən çıxan insanlardır. Məhkəmədə çalışan bir tanış mənə demişdi ki, çox sadə səbəbdən boşanmağa gəlirlər və belə olduqda bəzən hakim özünə hakim ola bilmir. Çünki qarşısında duran cütlüklüklər boşanmaq üçün bir-birinə o qədər gülməli arqumentlər gətirir ki, hakim artıq öz hisslərini cilovlaya bilmir. Belə hallarda boşanma baş tutmur. Tərəflərə müəyyən müddət verilir. Əgər müəyyən vaxt təyin olunmasaydı, hər önlərinə gələni boşasaydılar statistika 2 dəfə artıq olardı”.

Sosioloqun sözlərinə görə, boşanma hallarında yalnız gəncləri “günah keçisi” adlandırmaq da düzgün deyil:

“Böyüklərin gənclər üzərində hökmranlıq eləməyə çalışması halları ilə çox rastlaşırıq. Bəzən qaynana və qaynata gənclərə deyir ki, yalnız biz dediymiz olmalıdır və bizim istədiyimiz yerlərə getməlisiz. Gənclər bu olanlarla ayaqlaşmaya bilər. Hazırda 35 yaşım var, amma 18-20 yaşlı ailə qurmağa hazırlaşan qızın istəkləri ilə mənim istəkləri üst-üstə düşə bilməz. Çünki o yaşda insan daha çılğın olur və əylənmək istəyir. Böyüklər isə gənclərin bu seçimlərinə hörmət etməlidirlər. Təəssüf ki, ailə böyüklərinin gənclərin daxili işlərinə qarışması da boşanmalara səbəb olan amillərdəndir. Evli cütlüyü bir az özbaşlarına buraxmaq lazımdır. Onlar dərk etməlidirlər ki, evlilik deyilən bir müəssisənin sahibidirlər. Tərəflər məsuliyyətlərini dərk etdikcə bir-birilərinə daha çox bağlanacaqlar”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir