BOSANMA

Boşanmaların qarşısını necə almalı? – EKSPERT RƏYİ

Baxış sayı: 1. 159

Ailə institutu tarixən cəmiyyətin əsas təsisatlarından biri kimi inkişaf meyarı sayılıb. Bəşəriyyət ailəni tarixən hər bir cəmiyyətin əsasını təşkil edən, insanların ən ali, ülvi və saf duyğularını özündə təcəssüm etdirən müqəddəs ittifaq kimi dəyərləndirib. Qədim zamanlardan bəri ailə anlayışı Azərbaycan cəmiyyəti üçün də xüsusi dəyər kəsb edib. Ölkəmizdə ailə dövlət tərəfindən qorunur və himayə edilir – “Ailə Məcəlləsi”nə görə, ər və arvad öz münasibətlərini qarşılıqlı yardım, hörmət hissi əsasında qurmalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməli, övladlarının inkişafı üçün əlverişli şərait yaratmalı və onların sağlamlığının qayğısına qalmalıdırlar. Di gəl ki, Azərbaycanda boşanmalar artmaqda davam edir. Belə ki, ötən il Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri 54 200 nikaha daxilolma və 21 688 boşanma halları qeydə alıb. Həmçinn bu ilin ilk ayında da boşananların sayında artım, evlənənlərin sayında isə azalma qeydə alınıb.

Bəs görəsən, bu arzuolunmaz hal niyə artmaqda davam edir?

Bu suala cavab tapmaq üçün müraciət etdiyimiz PRİM – “Psixososial Reabilitasiya və İnkişaf Mərkəzi”nin direktoru, psixoloq M.Almara Ağaqızı deyir ki, bu gün boşanmaların səbəblərini bir yox, bir neçə amillərlə əlaqələndirmək mümkündür. Müşahidələr də göstərir ki, səbəblər müxtəlif və çoxsaylıdır. Lakin daha çox qarşılaşılan hallar sırasında sosial, maddi, psixoloji və digər səbəblər üstünlük təşkil edir. Belə ki, boşanma saylarını  nisbi faizlə müqayisə edərkən daha çox səbəblər kimi ailənin maddi durumunun yaxşı olmaması, ailədaxili şiddət və zorakılıq, psixoloji problemlər, zərərli vərdişlərə aludəçilik, müxtəlif xəstəliklər və digər amillər göstərmək olar.

Almara Melikova

Mütəxəssisin fikirincə, digər bir problem isə ailələrdə yaşanan psixoloji problemlərdir. Onun sözlərinə görə, sosial sahənin inkişafı, dünyagörüşü, məlumatlılığın artması bu gün insanların daha çox psixoloji problemlər yaşamasına səbəb olur: “Hazırda ailədaxili psixoloji problemlərin sayı kifayət qədər çoxdur. Bütün bunlar boşanmaya gətirib çıxarır”.

Almara xanım deyir ki, XX əsrin institutu kimi ailələrin möhkəmlənməsində mühüm rolu ağsaqqallar institutu oynayırdısa, bu gün bu rol psixoloqlara həvalə olunub: Son zamanlar çox müzakirə olunan ailə psixoloqu institutunun yaradılması bu problemin həlli üçün faydalı ola bilər. Bu institutun əsas özəlliyi ailədaxili problemləri çölə çıxmamaq şərtilə müzakirə etmək və məsələnin birgə həlli istiqaməti üzrə işlər aparmaqdan ibarət olmalıdır. Sözsüz ki, yeni qurulmuş gənc ailələrin əksəriyyətində adaptasiya müddətində müəyyən problemlər olur. Çünki hər bir insanın özünəxas xüsusiyyəti var və yeni ailə həyatına uyğunlaşmalıdır. Uyğunlaşmayanda, ya da uyğunlaşmaq istəməyəndə sözsüz ki, bu, ailədaxili problemlərə, söz-söhbətə yol açır. Psixoloqlar isə yaranmış həmin problemin həllində müəyyən köməkliklər göstərir, düzgün formada istiqamətlər verir, söhbətlər aparır və s.

 

Hazırladı: İlahə Atəş




7 şərh “Boşanmaların qarşısını necə almalı? – EKSPERT RƏYİ

  1. Ayt'kin Bayranova

    Zorakılıqdan zərər çəkən, qətlə yetirilən, xəsarət alan nə qədər insan var. Bunlar üzərində tədqiqatlar aparılmalıdır ki, hansı ailə modeli daha uyğundur. Ailələr üçün yol xəritəsi hazırlanmalıdır.

    Cavabla
  2. Namiq Əliyev

    Bir çox ölkədə ailələrin yol xəritəsi var. Bizdə də bu olmalıdır. Bizdə nikaha girən şəxslər üçün 1 ay müddət verilir. Tərəflər 1 ay müddətində heç bir addım atmır. Sadəcə 1 ay toya hazırlaşıb nikah sənədlərini götürürlər. Bu 1 ay müddət niyə boş qalmalıdır? Bu 1 aylıq müddətdə tərəflərin hüquq və vəzifələrinin anladılması ilə bağlı proqramlar olmalıdır. Nə üçün ailə qururlar, bunun öhdəliyini anlayırlarmı? Belə proqramlar hazırlanmalıdır. O zaman bərabərhüquqlu ailə modelinə gəlib çata bilərik.

    Cavabla
  3. Famil Əmrahov

    Heç bir ciddi səbəb olmadan öz ailəsinin dağılmasına və uşaqlarından ayrı yaşamasına razı olmayan şəxsin göz yaşları belə məhkəmədə keçərli olmur və ailə hər bir halda dağılmağa məhkum olur. Dağılmış ailədə böyüyən, ata və ya anasından ayrı yaşamaq məcburiyyətində qalan uşaqların mənəvi aləmi, onların bundan dolayı aldığı psixoloji travması ayrı bir mözudur. Belə ki, bu hal gələcəkdə daha ağır faciələrə yol açan amildir.

    Cavabla
  4. Laman Qeyisova

    Son dovrlerin populyar ekspertine bele bir movzuya nunasibet bildirdiyine gore minnütdaram

    Cavabla
  5. Izzet Mahmudov

    Son dövrlərdə nikaha dayanıqlı ailələr azdır. Onun sözlərinə görə ailədaxili problemlər əvvəlki illərdə də çox olmasına baxmayaraq, son dövrlər insanların bir-birinə olan dözümsüzlüyü daha çox boşanmalarla nəticələnir:

    Cavabla
  6. Səxavət S.

    Bu gün problemli ailələr də çoxdur. Bundan başqa ailələrə müdaxilələr də həddən artıqdır. İnformasiya əsrində yaşayırıq. Bu da, boşanmaların sayını artırır. Biri deyir ki, telefonunda mesaj tutdum, o biri deyir kiminləsə yazışdığını gördüm, digəri isə kiminsə şəklini bəyəndəyini gördüyünü bildirir.

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir