boshanma

Boşanmaların sayı artır

Baxış sayı: 1. 454

“Son 3-4 ilin rəqəmlərinə baxanda görürük ki, boşanmaların sayında artım müşahidə olunur. 2012-ci ildə hər 1000 nəfərə 1,2 boşanma düşürdüsə, 2013-2014-cü illərdə bu rəqəm 1,3 təşkil edib. Boşanmaların sayı narahatlıq yaradır”. Bunu APA-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova deyib.

Onun sözlərinə görə, ölkədə qeydə alınan nikahların sayı dəyişkəndir: “2012-ci ildə nikahın ümumi əmsalı 8,6 idisə, ondan sonrakı illərdə bu rəqəm 9,3-ə qalxıb. Yəni həm nikah, həm də boşanmaların sayı çoxalıb”.

Baş məsləhətçi əlavə edib ki, adətən məqsədsiz qurulan ailələr tez dağılır: “Həmin ailələrdə davamlı münaqişələr baş verir. Ona görə də hər iki tərəf öz məqsəd və niyyətlərində düzgün olmalı, bir-birlərinə özləri haqda doğru məlumat verməlidir. Yaxud da boşanmaların səbəbi kimi zərərli vərdişləri göstərə bilərik. Nikahdan əvvəl qarşı tərəfin zərərli vərdişinin olması gizlədilir və bu, birgə yaşayış vaxtı üzə çıxır”.

Veysəlova qeyd edib ki, 2015-ci il iyunun 1-dən etibarən cütlüklərin nikahdan öncə tibbi müayinədən keçməsi boşanma hallarının qarşısı ala bilər.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə görə, bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 39,9 min nikah və 7,5 min boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə hesabı ilə nikahların sayı 7,2, boşanmaların sayı isə 1,4 təşkil edib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir