cinayet

Boşanmış kişilər keçmiş xanımlarını niyə öldürürlər? – EKSPERTLƏR DANIŞIRLAR

Baxış sayı: 253

Son vaxtlar az qala hər gün ölkə mətbuatında qadınların keçmiş həyat yoldaşı tərəfindən öldürülməsi haqqında məlumatlar tirajlanır. Azərbaycan ailələrində geniş yayılmış məişət zorakılığının olmasına alışsaq da, boşanmış ailələrdə artan qətllər   cavabını tapmağa məcbur olduğumuz sualların çoxalmasına səbəb olur. Maraqlıdır, boşanmış ailələrdə kişilər keçmiş xanımlarına qarşı niyə qətlhadisəsi törədir? Bu suala cavab tapmaq üçün ekspertlərə müraciət etdik.

Ehmed Qesemoglu

Məsələyə “Gencaile.az” saytı üçün münasibət bildirən sosioloq Əhməd Qəşəmoğlu aşağıdakıları dedi: “Bəzi kişilər düşünür ki, həyat yoldaşı ondan ayrıldıqdan sonra onun namusuna ləkə gələcək. Əgər cütlüyün uşaqları varsa, bu problem özünü daha çox göstərir. Elə də olur ki, əgər boşanma qadının istəyi ilə baş verirsə, bu kişinin xanımına qarşı sevgi hissinin qalmasını şərtləndirə bilir. Əgər sevgi duyğusu qalırsa, qısqanclıq da qalır. Düzdü, deyə bilərsiniz ki, başqa ölkələrdə də belə hallar var, amma hər ölkənin mühiti, insanların sosial münasibətləri fərqlidir. Ümumiyyətlə, insanların davranışına 4 mühüm amil təsir edir. Bunlardan biri insanın şəxsi psixoloji xüsusiyyətləridir, ikincisi, mühit amilidir. Üçüncüsü, aldığı informasiyalar, dördüncüsü, üstünlük verdiyi dəyərlərdir. Bəzi insanlar anadan olanda onda başqalarını öldürə bilmək xüsusiyyəti olur. Ancaq mühit elə ola bilər ki, insanda bu özəlliyi bloklaya bilər və ya əksinə, həmin xüsusiyyəti inkişaf etdirə bilər. Bizim cəmiyyətdə tutaq ki, 50 il öncə bu cür hadisələr nadirən olurdu, amma indi çoxalıbsa, bu o deməkdir ki, mühit o xüsusiyyəti inkişaf etdirir. Bu problemi aradan qaldırmaq üçün maarifləndirmə işləri aparılmalıdır. Amma təəssüf ki, bu yöndə istənilən qədər iş görülmür. Bizim mentalitet elədir ki, boşanmış kişiyə “sənin boşandığın xanımla bağlı addımlar atmaq hüququn yoxdur” deməyin mənası yoxdur. Yəni kişilərin düşüncələrini, mentalitetdən irəli gələn hərəkətləri qanunla aradan qaldırmaq asan deyil. Burda KİV-lərin üzərinə də böyük iş düşür. Düzgün maarifləndirmə olmalıdır. Kişilər də hərəkətlərinə fikir verməlidir, boşanmış qadınlar da davranışlarına diqqət etməli, Azərbaycan cəmiyyətinə uyğun hərəkət etməlidirlər.”

ULVIYYE EFENDIYEVA

Mövzuyla bağlı fikirlərini açıqlayan psixopedaqoq Ülviyyə Əfəndiyeva isə aşağıdakı fikirləri səsləndirdi: “Ailə quran cütlüklər öncədən bir-birini yaxşı tanımalı, özəllikıərinə bələd olmalıdırlar. Valideynlərin məsləhəti ilə olsa da, gənclərin öz seçimi olsa da, tərəflər bir-birinə uyğun olmalıdırlar. Uyğunsuzluq olanda boşanma halları baş verir və ən əsası münasibətlərdəki problemlər boşandıqdan sonra da özünü göstərir. Ən pisi isə anlaşmazlığın ölüm halı ilə bitməsidir. Səbəblərə gəlincə, bu faciələr müxtəlif səbəblərdən baş verir. Məsələn, kişi qadına nəzarəti öz vəzifəsi sayır. Hansı ki, əslində tərəflər boşanırsa, hər iki tərəf sərbəst hərəkət etmək hüququna sahib olur. Başqa bir səbəb mental dəyərlər amilidir. Əvvəllər ailələrdə boşanma mümkünsüz görünür, tərəfləri ancaq ölümün ayıra biləcəyi güman edilirdi. İndinin özündə də belə yanaşma sərgiləyən kişilərin olması belə faciələrin baş verməsini şərtləndirir. Kişiləri cinayətə sövq edən amillər sırasında məişət davalarının davam etməsi, uşaqlarla bağlı narazılığın olması və aliment probleminin meydana gəlməsini də göstərmək olar. Düzdür, prinipcə, bütün bu səbəblər boşanmış kişiyə öz keçmiş həyat yoldaşını öldürmək haqqı vermir, ancaq əfsus ki, belə halllarla çox qarşılaşırıq.”

 

Hazırladı: UĞUR




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir