yemek

Boyat qidalar və çaylar orqanizm üçün zərərlidir?

Baxış sayı: 392

Bəzən evdə bişirilən yeməklər artıq qalanda soyuducuya qoyulur və sonra qızdırılaraq təkrar qəbul edilir. Diyetoloqlar bunun heç də yaxşı hal olmadığını deyirlər. Mütəxəssislərin fikrincə, dəfələrlə qızdırıb boyat şəklində istehlak edilən yeməklər orqanizmdə bir sıra fəsadlara yol açır.

Məsələ ilə bağlı həkim-diyetoloq Amaliya Rəhimova aşağıdakıları dedi: “Bir gün əvvəl bişirilən yeməyi ertəsi gün qızdırıb yeyəndə yaranan problemi heç kəs qida ilə əlaqələndirmir. Ən faydalı yağ da təkrar qızdırılanda xassəsini dəyişir. Məsələn, çuğundur, kələm və s. kimi tərəvəzlər torpağa verilən gübrələrdən nitrat topladığına görə onlar təkrar qızdırılanda daha təhlükəli maddələrə çevrilərək sağlamlıq problemləri yarada bilər”.

Mütəxəssislər yumurta, balıq, ət, toyuq, göbələk və bu kimi riskli məhsullardan hazırlanmış yeməklərin süfrədə 2 saatdan artıq saxlanılmasını düzgün hesab etmirlər. Həmin qidalar soyuducuya qoyulmadan otaq temperaturunda və açıq şəkildə qalırsa, növbəti dəfə qızdırılıb istehlak edilməsi qida zəhərlənməsinə səbəb ola bilər.

“Paxlalı qidaları əvvəlcədən isladandan sonra bişirib, hətta bişirmədən də dondurucuda saxlamaq olar, çünki islanandan sonra 5-7 dəqiqə ərzində lobya, noxud, mərci və s. bişir. Tərəvəzləri təmizləyib hazır qoymaq, əti qaynadıb saxlamaq, yəni yeməkləri bu tipli qarışıq olmadan polufabrikant şəklində hazırlamaq və az miqdarda, yaxud lazım olan miqdarda bişirmək, yeməkləri çox miqdarda saxlayıb günlərlə istifadə etməkdən daha yaxşıdır”, – deyə həkim-diyetoloq bildirir.

Diyetoloqlar qeyd edirlər ki, bişirilən yeməklər soyuducuya yerləşdirilməzdən əvvəl otaq temperaturuna qədər soyudulmalıdır. İsti halda soyuducuya yerləşdirilən qidaların üzərini örtən nazik təbəqə buxarlanmanın qarşısını aldığı üçün yeməyin tərkibində zəhərli bakteriyaların çoxalması sürətlənir. Təcrübədən keçiriləndə aydın olur ki, soyuducudan çıxan yemək qızdırılan zaman dadındakı dəyişikliyin səbəbi məhz həmin mikroorqanizmlərdir.

Süd və süd məhsulları, tortlar və şirniyyatlar qida zəhərlənməsinə səbəb olan toksinlərin daşıyıcısı sayılır. Ona görə də bu tip qidaların istehlakı zamanı diqqətli olmaq vacibdir. Həkim-diyetoloq deyib ki, kremli tortlar, ruletlər və digər şirniyyat məhsulları çox tez bir zamanda xarab olmağa məruz qalır və onları təkrar qızdırmaq mümkün deyil ki, mikrobların zəhərləmə təhlükəsi aradan qaldırılsın.

Boyat qidalar kimi boyat çayların da orqanizmə ziyanı çoxdur, çünki köhnə tamlanmış çay bütün faydalı xüsusiyyətlərini itirmiş olur. Dəmlənmədən sonra uzun müddət saxlanılan çayın tərkibində bakteriya və göbələklər inkişaf edir. Bu da orqanizmdə mədə turşusunun artmasına, kapillyar damarların kirəcləşməsinə səbəb olur. Ona görə də tərkibindəki vitaminlərin xarab olmaması üçün yeməklər mütləq qədərində hazırlanmalıdır ki, sonradan sağlamlıq problemləri yaratmasın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir