Nermine Abbasova

“Böyrək sancısı elə şiddətli olur ki, hətta pasient huşunu itirə də bilir”

Baxış sayı: 488

“Böyrək sancısı sidiyin böyrəkdən sidik axarı ilə fasiləsiz şəkildə sidik kisəsinə axmasının hər hansı bir səbəbdən pozulması nəticəsində böyrək ləyəninin genişlənməsindən yaranan ağrıdır. Belə ki, əgər sidik axarı daşla tutularsa, böyrəkdəki sidik sidik kisəsinə axa bilmir və böyrək ləyənini genişləndirir. Böyrək sancısının əsas səbəbi də məhz bu genişlənmədir”.

Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, həkim terapevt, ailə həkimi Nərminə Abbbasova çoxsaylı oxucularımızın xahişi ilə bu dəfə böyrək ağrılarından, bu ağrıları yaradan səbəblərdən bəhs edir.

Nərminə Abbasova bildirdi ki, böyrək sancısının ən çox müşahidə olunan səbəbi böyrək ləyəni daşları və sidik axarı daşlarıdır. Məhz bu üzdən xəstədə böyrək sancısının olması həkimi vadar edir ki, sidik daşı xəstəliyinin olması barədə düşünsün. Baxmayaraq ki, sidik axarı keçiriciliyinin kəskin pozulması ilə müşahidə olunan bir sıra digər hallarda da böyrək sancısı yarana bilər:

“Böyrək sancısı müxtəlif səbəblərdən ola bilər. Məsələn, qan laxtası, irin, selik yığıntısı, böyrək vərəmində kazeoz kütlə ilə sidik axarının mənfəzinin tutulması kimi səbəblər. Həmçinin, şiş xəstələrində dağılma mərhələsində olan şişin hissələri, kistanın divarından qopan hissələr sidik axarı mənfəzini tuta və böyrək sancısı verə bilər. Sidik axarının nəzərəçarpacaq qatlanması, yəni əyilməsi ilə müşahidə olunan böyrək sallanması, xaricdən şiş toxuması yaxud böyümüş limfa düyününün sidik axarını sıxması və keçiriciliyinin pozulması nəticəsində də böyrək sancısı müşahidə edilə bilər. Travma nəticəsində böyrək kapsulası altında hematomanın yaranması, böyrək venasının trombozu ilə əlaqədar böyrəkdən gedən venoz qanın lənginməsi nəticəsində də böyrək sancısı ola bilər.

Sidik axarı mənfəzinə düşən hər hansı bir maneənin təsiri nəticəsində sidiyin böyrək ləyənindən sidik axarı vasitəsilə sidik kisəsinə boşalması pozulur. Böyrəkdə isə sidyin əmələgəlmə prosesi davam etdiyi üçün əmələ gələn sidik, sidik axarı vasitəsilə sidik kisəsinə axa bilmir. Ona görə də sidik axarının maneədən yuxarı hissəsində yığılaraq həm sidik axarını, həm də böyrək ləyənini və kasacıqlarını genişləndirir. Nəticədə isə həm sidik axarı, böyrək ləyəni və kasacıqları sidiklə dolaraq gərginləşir. Bu isə şiddətli ağrıya səbəb olur”.

Bəzən olur ki, uzaq səfərlər, yaxud müəyyən digər səbəblərdən dolayı insanlar təbii təlabatlarını ödəməyə səbr göstərir, sidiyi sidik kisəsində saxlayır. Düşünür ki, əgər sidik uzun müddət böyrək ləyənində və kasacıqlarda toplanaraq oranı gərginləşdirərsə nə olacaq ki? Həkim-terapevt əslində bu gərginləşmənin fəsadsız ötüşmədiyini deyir. Onun sözlərinə görə, sidik axarının keçiriciliyi bərpa olunmazsa, toplanmış sidiyin böyrək ləyənindən və kasacıqlardan geriyə, qana sorulma prosesi baş verir:

 

“Buna pielovenoz reflüks deyilir. Nəticədə böyrək qan dövranı pozulur, böyrəyin parenximası (funksional toxuması – ətli hissəsi) zədələnir, xəstədə ümumi intoksikasiya əlamətləri güclənir. Ümumi intoksikasiya əlamətləri dedikdə ümumi halsızlıq, iştahasızlıq, baş ağrısı, bədən temperaturunun yüksəlməsi, dərinin və selikli qişaların avazıması, təzyiqin düşməsi, ürəkbulanma, qusma, bəzən qıcolma şəklində də müşahidə olunur. Sidiyin axarı təmin olunmazsa, sidiyin qana sorulması nəticəsində böyrək parenximası zədələnir. Bildiyimiz kimi sidik çox toksiki, zəhərli maddədir, onun bu toksikliyinə, kimyəvi aşındırıcı, yandırıcı təsirinə insanın ömrü boyu yalnız sidik yollarını daxildən örtən uroteli adlanan toxuma dözür.

Digər toxumalar isə sidiyin təsirinə dözümsüzdür, onlara kimyəvi dağıdıcı təsir göstərir. Sadə bir misal çəkim – əgər insan əli bir gün ərzində sidikdə qalarsa, dərisində yara əmələ gəlir.

Baxmayaraq ki, sidik özü böyrəkdə əmələ gəlir, böyrəkdəki sidiyin geriyə böyrəyə, böyrək damarlarına sorulması böyrək toxumasını qıcıqladırır və olan iltihabı prosesin kəskinləşməsinə yaxud yeni iltihabı prosesin yaranmasına səbəb olur. İltihabın nəticəsi olaraq böyrək toxuması ödemləşir, şişir, həcmi artır, nəticədə isə həm böyrək kapsulu gərginləşir, həm də böyrək ləyəninə olan təzyiq artır. Beləliklə bir tərəfdən böyrək ləyənində olan təzyiq yüksələrək ləyəni və kasacıqları genişləndirir, digər tərəfdən isə böyrək parenximasında yaranmış iltihabın təsirindən böyrək ləyəni sıxılır. Bunun nəticəsində də sidiyin böyrəkdən qana sorulması daha da artır, ağrı daha da güclənir, ağrının təsirindən (qanda katexolaminlər – damardaraldıcı maddələr artır və təzyiq yüksəlir) böyrək damarlarında da spazm yaranır və böyrək qan dövranı pozulur”.

Həkim deyir ki, böyrək sancısı zamanı ağrının kəskinliyi sidik axarı mənfəzinin keçiriciliyinin nə drəcədə pozulmasından asılıdır:

“Böyrək sancısı həmişə kəskin başlayır və elə şiddətli olur ki hətta pasient ağrının intensivliyindən panikaya düşüb huşunu itirə də bilir. Adətən sancının şiddətindən xəstə bir yerdə qala bilmir, uzandığı yerdə qıvrılır, bükülür, gah ayağa qalxır, gah uzanır və heç bir vəziyyətdə sakitləşmir. Böyrək sancısı olan xəstələrdə çox tez-tez sidikdə qan aşkarlanır. Sidikdə qanla müraciət edən xəstələrin böyük əksəriyyətində də böyrək daşı aşkarlanır. Əgər sidikdə qanın olması böyrək sancısından sonraya təsadüf edirsə, deməli böyük ehtimalla sancının səbəbi daşdır. Əksinə olaraq, sidikdə qan sancıdan əvvəl yaranıbsa, böyük ehtimal var ki, böyrək sancısının səbəbi sidik axarının qan laxtası yaxud kazeoz kütlə (böyrək vərəmi zamanı böyrək toxumasının dağılması, destruksiyası zamanı yaranan kütlə) tutulmasıdır. Belə hallar daha çox dağılma mərhələsidə olan böyrək şişləri və böyrək vərəmi zamanı rast gəlinir”.

 

 

Nərminə xanım qeyd etdi ki, bəzən ağrı daha şiddətli olduqda xəstədə həzm sistemi şikayətləri yaranır. Bunlara ürəkbulanma, qusma, qəbizlik, bağırsaq keçməzliyi əlamətləri və sair aiddir:

“Böyrək sancısı olan xəstə mütləq hospitalizasiya edilməlidir. Sancının səbəbi dəqiqləşdirilməli və adekvat müalicə təyin olunmalıdır. Sancının səbəbi dəqiqləşdirilənə qədər əsasən ağrıkəsicilərdən istifadə olunur. Əgər dəqiqləşdirilsə ki, sancının səbəbi daşdır, müalicəni isti proseduralardan başlamaq lazımdır, isti vanna, qrelka. İsti vannada uzandıqda yaxud 25-30 dəq qrelka qoyduqda böyrək nahiyyəsinə, bədən ümumilikdə rahatlanır. Əgər sancı kəsilməsə, mütləq sidik axarına stent qoyulmalıdır ki, böyrəkdəki sidik sidik kisəsinə rahat boşalsın və bir neçə gündən sonra endoskopik yolla daş parçalanıb çıxarılmalıdır”.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir