bezerra

Braziliyalı futbolçu: “Sizin toy adət-ənənəniz çox fərqlidir” – MÜSAHİBƏ

Baxış sayı: 324

“Gencaile.az” saytının “Ailədən danış” rubrikasının budəfəki qonağı ötən mövsümü Bakının “Neftçi” klubunda keçirmiş braziliyalı hücumçu Tiaqo Bezerradır.

 

– Futbolçu olmağınıza valideynlərinizin münasibəti necə olmuşdu?

– Valideynlərim məni dəstəkləmişdi. Ailəmizdə yeganə futbolçu mənəm. Heç yaxın qohumlarım arasında da bu peşə ilə məşğul olan yoxdur. Bu səbəbdən bizdən də bir futbolçu çıxmasında maraqlı idilər.

 

– Maraqlıdır, futbolçu olmasaydınız, hansı peşəni seçərdiniz?

– Futbolçu olmağı uşaqlıqdan arzulayırdım. Əgər alınmasaydı, yenə də idmançı olacaqdım. Bəlkə basketbolçu, bəlkə valeybolçu. Amma böyüdükdən sonra xoşuma gələn başqa peşələr də oldu. Məsələn, yanğınsöndürən. Amma dediyim kimi, idman sahəsindən başqa seçim etmək uşaqlıq illərindən ağlımın ucundan da keçmirdi.

bezerra

– Ailə qurmağa hazırlaşdığınız zaman gələcək həyat yoldaşınız futbolçu ilə ailə qurmaqda tərəddüd etmədi ki?

– Mən çox tez evlənmişəm. Cəmi 21 yaşım var idi. O vaxt valideynlərim də tərəddüd edirdi. Onlar seçimimdə yanıla biləcəyimi düşünürdülər. Amma sonradan həyat yoldaşımın həm yaxşı insan, həm də yaxşı ana olduğunu gördülər. Elə həyat yoldaşımın ata-anası da müəyyən qədər qorxurdular. Biz evlənəndə həyat yoldaşımın cəmi 18 yaşı var idi və ən əsası biz ailə qurduqdan sonra Türkiyəyə köçdük. Qızlarından uzaq olan qaynatam və qaynanamım narahat olması isə təbii idi.

 

– Sizcə, bir futbolçu üçün ailə qurnağın mənfi və müsabət tərəfləri hansılardır?

–  Təbii ki, təlim-məşq toplanışları, oyunlar və s.səbəbindən futbolçular evdə çox olmur ki, bu da müəyyən çətinliklər yaradır, amma daha çox müsbət tərəflərini qeyd etmək olar evliliyin. Məsələn, daha düzənli bir həyatının olması baxımından yaxşıdır. Adicə vaxtında yatmaq üçün də ailəli olmaq şərtdir. Hətta evli olduğu halda ailəsindən uzaqda olmağın özü də futbolçuya mənfi təsir edir. Məsələn, mən Azərbaycanda ailəmlə birgə yaşamasaydım, gündəlik həyat tərzim fərqli olacaqdı, formamı qoruya bilməyəcəkdim. Amma əgər evdə səni gözləyən varsa, daha rahat olursan. Adicə matçların yorğunluğunu evdə uşaqlarla oynamaqla çıxarmaq nəyə desən dəyər. Bu gün Braziliya futbolunun ən yaxşısı sayılan Neymar evli olsa, daha parlaq karyerası olar. Hər halda şəxsi qənaətim belədir.

bezerra 5

– Futbolçular daim gündəmdə olurlar. Bu da ailədə müəyyən qısqanclıqlara yol aça bilir. Belə bir problem yaşamısınızmı?

– Qısqanclıq sevginin bir hissəsidir, məncə və hər insanda müəyyən qədər bu hiss var, amma ümumilikdə peşəmə görə belə bir problem yaşamamışam. Mənə elə gəlir ki, normal ailəsi olan adam elə səhvlər etməməlidir ki, ailəsində problem yaransın. Mən ailəcanlı adamam və bu səbəbdən ailəmlə bağlı problem olmur.

 

– Bildiyimiz qədəriylə iki qızınız və bir oğlunuz var və oğlunuz sizin peşəni davam etdirir.

– Hə, oğlum futbol məktəbinə gedir. Düzdür, Azərbaycanda alınmadı, amma çıxış etdiyim digər ölkələrdə futbol məktəbinə mütləq yazdırıram.

 

– Oğlunuzun futbolçu olması sizin istəyinizdir, yoxsa öz marağı da var?

– Düzü, mən futbolçu olduğum üçün istəyərəm ki, o da bu peşəyə yiyələnsin, ancaq futbolçu kimi bu işin çətinliklərini görmüşəm deyə ona təzyiq də etmirəm. İstəsə olacaq, istəməsə yox.

bezerra 2

– Yeri gəlmişkən, gələcəkdə övladlarınızın azərbaycanlı ilə ailə qurmasına münasibətiniz necə olardı?

– Əsas onların xoşbəxt olmasıdır. Ailə qurduğu adamın hansı millətdən olmasının fərqi yoxdur. Azərbaycanlı, türk, braziliyalı, ingilis və s. olmasının heç bir önəmi yoxdur. Övladlarımızın xoş gününü görmək, nəvə sahibi olmaqdan başqa bir istəyimiz yoxdur.

 

– Azərbaycanlı və braziliyalı ailələr arasında hansı oxşar və fərqli cəhətlər var?

– Məsələn, sizin toy adət-ənənəniz çox fərqlidir. Mətbəximiz haqda da eyni sözləri demək olar. Hərçənd yeməklərdə oxşarlıqlar da var. Misal üçün, sizdə də plov var, biz də də plov çeşidləri yetərincədir. Əslində xeyli fərqli cəhətlər sadalaya bilərəm, amma hazırda ağlıma gələn bunlar oldu.

bezerrab 6

– Ölkəmizdə yaşadığınız müddətdə sizi ən çox nə təəccübləndirmişdi?

– . İlk dəfə gələndə tanımırdıq. Bakıda qarşılaşdığımız mənzərə bizim üçün xoş mənada sürpriz olmuşdu. Amma həyat tərzinə çox təəccüblənmədim. Çünki həm dil, həm mədəniyyət, həm yemək baxımından Türkiyə ilə, demək olar ki, eynidir. Vaxtilə uzun müddət Türkiyədə yaşadəğım üçün problem olmadı. Ən çox təəccübləndirən məqam avtomobilin çoxluğu, yollarda tıxac olması və demək olar, bütün sürücülərin dayanmadan siqnal verməsi idi.

 

Söhbətləşdi: Tural Məmmədov

t bezerra

bezerra tiaqo

bezerra 1




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir