sevinc fedai

Bu ailədə adamların bir-birinə hörməti qalmayıb…

Baxış sayı: 459

Ailəni qədim və yararsız institut hesab edən hind filosofu Oşo yazırdı ki, bu, çağdaş insana heç nə verə bilməz. O düşünürdü ki, gələcəkdə ailəni seçən insanlar az olacaq və onlar da bunu düşünülmüş şəkildə edəcəklər. Yəni ailə qurmaq kütləvi və tabulaşmış şəkildə olmayacaq. Bunu ötən əsrdə yazan Oşo xeyrin hökm sürdüyü, gözəl və azad ailələrin az olmasına görə belə düşünürdü. O ailələr ki, orada biri o birindən nüfuzlu deyil, heç kim ağalıq etmir, tərəflər bir-birini təhqir etmir, bir-birindən qaçmır. Orada tamahkarlıq yoxdur, nəfs yoxdur. O ailələr ki, orada şikəst uşaqlar doğulmur.  Başqa çarə axtarmağa ehtiyac qalmır. Yəni əgər ailə məhz bu cürdüsə, boşanmağa ehtiyac yoxdur. Bəs əksi olduqda?.. Əksi, yəni hər cür eybəcərliyin baş verdiyi, hər cür ruhi pozuntulara, əsəb xəstəliklərinə səbəb olan birgə yaşayış. Bizim ailə dediyimiz şey…

Oşoya görə, bu ailə modeli xəstə insan yaratmaqla məşğuldur. Ortada nə sevgi, nə dürüstlük, nə rahatlıq, nə də azadlıq var. Hamı bir evdə bədbəxtdir. Deyir, kütləni dindirəndə ailə haqqında müqəddəs kəlamlar söyləyəcək. Halbuki evində bədbəxtlikdən gəbərir. Müasir insanın bu tabuları dağıtmağa cəsarəti çatacaq, o, saxta, qurama ailədə yaşamağı özünə layiq bilməyəcək. İnsanların üzündəki gərginlik itəcək. Heç bir qüvvə insanları yalandan ömür boyu bir yerdə, bir evdə yaşamağa məcbur edə bilməyəcək.

Çox gözəl, pakizə, əntiqə! Bəs biz niyə bu cür ailədə yaşamağı özümüzə layiq bilirik? Niyə mütləq şəkildə ailə qurmağı, qurduqsa dağıtmamağı vacib bilirik? Niyə belə gərginik? Biz müasir insan deyilikmi? Müasir insanıqsa, niyə boşanmağı dünyanın sonu hesab edirik? Özümüzü çarə ola-ola çarəsizliyə, bədbəxtliyə düçar edirik?

Bu gün onlarla, yüzlərlə evdə hər gün dava-dalaş olan ailələr var. Dava-dalaş deyəndə kiçik söz-söhbətlər nəzərdə tutmuram. Qadın kişini söyür, kişi qadını. Kişi qadının başını divara vurur, saçından tutub sürüyür… Bu ailədə illər əvvəl olan və ya ümumiyyətlə, heç vaxt olmayan məhəbbətdən söhbət gedə bilməz. Bu ailədə adamların bir-birinə hörməti qalmayıb. Bəs onu davam etməyə zorlayan nədir? Hansı ali dəyərdir? Hansı ali dəyər bir-birinə nifrət edən insanları hər gün bir-birini görməyə, birgə çörək yeməyə, yatmağa məcbur edir? Hansı ali dəyər tələb edir ki, bu ailələr uşaqları ruhi və psixi cəhətdən xəstə böyütsün? Bəli, bu gün belə ailələrdə böyüyən uşaqların beynində müxtəlif cinayət fantaziyaları formalaşır. Onlar birinci növbədə atalarını öldürmək istəyirlər. “Böyüyəndə atamı öldürəcəm” deyən uşaqlar böyüməkdədir, onların faciəsi çox yaxındadır.

Bizdə uşağa görə boşanmırlar. Ancaq məncə, məhz elə uşağa görə boşanmaq lazımdır. Bu, qəddarlıqdır, uşağa qarşı haqsızlıqdır. Onu arzu etmədiyi bir mühitdə yaşamağa, formalaşmağa məcbur etməkdir. Onu rahat buraxmaq lazımdır, bu, onun psixologiyasını zorlamaqdır.

İnsan getdikcə bədbəxtliyə öyrəşir. Siz özünüz bu sarsıntılara dözdüyünüz kimi, uşağı da öyrəşdirmək istəyirsiniz. Heç bir halda əzaba dözmək olmaz. Ola bilər ki, kimləsə keçmişdə sənə yaxşı idi. Amma indi yaxşı deyil və buna dözmək olmur. Dözmək olmursa, niyə hökmən dözməlisən? Ailədə artıq sevinc yoxdusa, münasibətlərə son qoymaq lazımdır. Aqressiv olmaq, qəzəblənmək lazım deyil.

Hər gələn yeni nəsil keçmiş nəslin nevrozunu özündə daşıyır. Hər nəsil öz əsəbini gələcək nəslə ötürür. Ancaq yenə də cəmiyyət öz axmaq qanunlarını dəyişmək niyyətində deyil. O, bədbəxt yaşamağı üstün tutur. Niyə?

Ailə birgə xoşbəxt yaşayışdır, qarşılıqlı şəkildə bir-birinə dözmək yox. Siz dözdüyünüzü yazırsınız, amma əslində dözmürsünüz. İnanmırsınız, uşaqlarınızın psixoloji durumuna baxın. Dözsəniz, onlar bu halda olmazdılar. Dözsəniz, onlar atalarını öldürmək arzusu ilə yaşamazdılar. Sizə potensial qatil böyütmək lazımdırmı?

 

Sevinc Fədai




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir