deri

Bu problem ən çox qadınlarda yaranır – XƏBƏRDARLIQ!

Baxış sayı: 150

Yaz-yay aylarında yaranan ən çox dəri problemlərindən biri də Günəş ləkələridir. Bu ləkələr soyuq aylarda itsə də, Günəşli günlərdə yenidən üzə çıxır və daha çox narahatlıq doğurur. Dermatoloq, uzman həkim Firayya Məmmədova bildirir ki, bu ləkələrə ən çox qadınlarda rast gəlinir. Dermatoloqun sözlərinə görə, qadınlarda üzdə yaranan ləkələr adətən ya Günəşin təsirindən yaranır, ya da hamiləliklə bağlı ortaya çıxır: “Ən çox qadınlar üzdə olan ləkələrə görə müraciət edir, bunlar da ya Günəş ləkələri olur, ya da hamiləlikıə bağlı ortaya çıxır”.

Mütəxəssis bildirib ki, bədəndə melanin piqmentinin artması və ya azalması nəticəsində dəridə tünd və açıq rəngli ləkələr yaranır. Bu ləkələr mütləq dermatoloq tərəfinfən müayinə olunmalıdır. Ləkələr dermaskopla və ya başqa müayinə cihazları ilə nəzərdən keçirilməlidir. Xəstənin yaşına, yanaşı gedən xəstəliklərinə uyğun olaraq qan müayinələri də aparıla bilər. Bu ləkələr ən çox alında, gicgahda, burunun ətrafında və ya üzərində olur.

Müayinədən sonra ləkələrin dermal və ya epidermal olduğu müəyyən olunur. Yəni dərin, yoxsa daha dayaz olmasına uyğun olaraq müalicə təyin edilir. Bu, iynə, dərman müalicəsi də olur, sadəcə, kremlə də kifayətlənmək mümkündür.

Onun sözlərinə görə, açıq rəngli ləkələr-hiperpiqmentasiyaya isə ən çox uşaqlarda rast gəlinir. Həmçinin melanin piqmentinin bəzi dəri nahiyələrində itməsi ilə ortaya çıxan açıq dəri ləkələri isə ən çox stress nəticəsində ortaya çıxır. Bu hallarda da müayinəyə uyğun olaraq müalicə təyin olunur.

Mütəxəssis həm açıq, həm də tünd ləkələrə qarşı atılacaq ən vacib addımın Günəş qoruyuculardan istifadə etmək olduğunu vurğulayıb. F. Məmmədova bildirib ki, qoruyucu krem seçərkən SPF 50 faktorlu kremlər yetərli sayılır: “Faktoru 50-dən yüksək olanlar isə artıq dünyada qəbul olunmur. Dermatoloqlar Dərnəyi hesab edir ki, faktorun 50-dən yüksək olması, məsələn, 80 olması piar məqsədlidir. Günəş kremlərinin hər iki saatdan bir çəkilməsi məqsədəuyğundur. Amma dəridə ləkə varsa, mütləq həkimə müraciət olunmalıdır. Növünə uyğun olaraq da müalicə təyin olunur. Daha çox şübhə olarsa hətta dəridən kiçik hissəciklər də götürülə, biopsiyaya göndərilə bilər”.

Bədəndə rast gəlinən ləkələrə gəlincə, dermatoloq bunun daha çox çillər, dərinin xoşxassəli ləkələri ola biləcəyini açıqlayıb. Eləcə də ləkələr dərinin bədxassəli şişi də ola bilər. Onun sözlərinə görə, dərinin melanin piqmenti ilə bağlı zədələnmiş bir yerində və ya yanıq bölgələrində bədxassəli dəri xərçənginin artma ehtimalı var. Ona görə dərisində zədə, yanıq olanların Günəşdən daha çox qorunmaları vacibdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir