578702

Bu yazı özünü kədərli, dəyərsiz, çarəsiz hiss edənlər üçündür: TƏHLÜKƏDƏSİNİZ

Baxış sayı: 151

Sürət əsrinin ən böyük bəlalarından biri depressiyadır. Hazırda əhatə olunduğumuz informasiya, texnologiya və internet ortamlarının da bu problemdə az payı yoxdur.

Depressiya insanın əhval-ruhiyyəsinin birdən-birə mənfiyə doğru dəyişməsi halıdır. Bu zaman aşağıdakı simptomlar özünü göstərir:

1. Özünü kədərli, dəyərsiz, ümidsiz, çarəsiz hiss etmək və daxilində boşluq duyğusunun olması.
2. Qərar vermə çətinliyi, yaddaş və diqqət pozğunluğu.
3. Daha əvvəl zövq alınan iş və fəaliyyətlərdən, hətta cinsi əlaqədən belə zövq ala bilməmək.
4. İşdə, məktəbdə, ailə və dostları ilə əsasız yerə problemlərin olduğunu düşünmək.
5. Digər insanlardan uzaqlaşma və tək qalma istəyinin olması və özünə qapanmaq.
6. Enerji azlığı, yorğunluq hissi və tez əsəbiləşmə.
7. Yuxu pozğunluğu.
8. İştahsızlıq və yaxud əksinə, çox yemək.
9. Səbəbi müəyyən olmayan baş, boyun, kürək ağrısı kimi bədənin fərqli yerlərində davamlı ağrılar hiss etmək.
10. Son zamanlarda çox spirtli içkilərdən, siqaretdən və s. daha çox istifadə edilməsi və ya sakitləşdirici dərmanlardan istifadə etmə ehtiyacı hiss etmək.
11. Özünə zərər vermək, intihar planları qurmaq, intihar cəhdləri və ya öz cənazə mərasimini düşünmək.
12. Gələcəyə ümidsizlik.
13. İşdən əli üzülmək və heç bir iş görə bilməmək.

Depressiyanın bir növü də vardır ki, sadaladığımız səbəblərdən daha təhlükəli və keçilməsi çətin olan daha dərin maneələr yaradır. Bu da mövsümi depressiyadır.

 

Mövsümi depressiya nədir?

Psixoloq Elnur Rüstəmov mövsümi depressiyanın necə yarandığını izah etdi:
“Psixologiyada qeyri-rəsmi olaraq “mövsümi depressiya” adlanan bir təsnifat mövcuddur. Bu təsnifat fəsil dəyişikliyi ilə əlaqədar olaraq insanların psixoloji əhvalının dəyişməsini ehtiva edir.

Mövsümi depressiyaya uğrayan kütləyə bütün depressiya keçirən insanları aid etmək doğru deyil. Lakin belə bir hal müşahidə edilib ki, yaz və payız aylarında insanların ruhi durumu dəyişir. Payızda gün işığının azalması və havanın tez qaralması birbaşa depressiyaya dəlalət edən faktdır.

Məsələn, ekvatora yaxın ərazilərdə yaşayan insanlarda depressiyaya düşmək hallarına nadir rast gəlirik. Ancaq qütblərə doğru getdikcə havanın çiskinli, tutqun olması, günəşin tez batması insanların daha çox depressiv halda qalmasına səbəb olduğunu görürük.

Həmçinin, yay tətilinin sona çatması və iş həyatının birdən-birə gərgin abı-hava ilə başlaması da payızda depressiyaya düşmək riskini artırır.
İntihar edənlərin depressiv insanlar olduğu artıq psixologiyada təsdiq olunmuş haldır. Hətta bu fakt səbəblərin ilk beşliyində yer alır. İllər ötdükcə insanların depressiya səbəbilə intihar etməsi ankoloji xəstəlik səbəbilə intihar etmə statistikasının önünə keçir.
Dünya Səhiyyə Təşkilatı və məsələ ilə əlaqədar qurumlar həyəcan siqnalı çalır ki, bu psixoloji narahatlıq artıq insanlığı təhdid etməkdədir. Çünki depressiya insan şəxsiyyətini parçalayan ən son və güclü faktordur. Depressiyaya düşən insan şəxsiyyət haçalanması yaşayır və onun bu halın öhdəsindən gəlməsi aylar, illər alır.
Ola bilər ki, insanlar depressiya halına adi hadisə kimi yanaşsın. Lakin onun qoymuş olduğu fəsadlar çox böyükdür. Çünki depressiya ölümə səbəb ola bilir.
Adətən, tibbdə depressiya soyuqdəymə ilə müqayisə edilir. Soyuqdəymə hamıda baş verə bilər, lakin onun təsirləri hərədə müxtəlif formada üzə çıxır. Depressiya da məhz belədir. Onu hər insan yaşayır, lakin fəsadları müxtəlif olur.
Depressiya fərdi xarakter daşıyır. Yəni bütün yaş qruplarına məxsus insanlarda bu hala rast gəlinə bilər. Burada yaş faktoru deyil, fərdin xarakteri, həssaslığı, şəxsiyyət strukturu, yaşadığı coğrafi mövqe əsas diqqət mərkəzində götürülməlidir.
Lakin bunu da danmaq olmaz ki, depressiya xəstəliyinin yaşı günbəgün cavanlaşmaqdadır. Bu gün “uşaq depressiayası” adlanan bir termindən danışırıq. Hansı ki, vaxtilə bu mövzudan söhbət belə gedə bilməzdi. Lakin bu mövsüm və coğrafi mövqe ilə deyil, informasiya və texnologiyanın inkişafı, həmçinin sürət əsrində yaşamağımız və bunun fonunda insanlar arasında konfliktlərin artması ilə bağlıdır”.
Psixoloq Kəmalə Baxış mövsümi depressiyaların ən çox kiçik məktəb yaşlı uşaqlarda və qocalarda rast gəlindiyini qeyd etdi:
“Depressiya mövsüm dəyişikliyi ilə əlaqədar ola bilər. Lakin bunu bütün insanlar hiss etmir. Yalnız psixoloji və meteohəssaslığı olan insanlar mövsümi depressiyanın təsirinə məruz qala bilərlər.
Bu mövzuya yaş faktoru ilə baxsaq, əsasən, kiçik məktəb yaşlı uşaqların və qocaların əhvalının mövsümi dəyişikliyə uğradığının şahidi ola bilərik. Bütün xəstəliklər kimi depressiyanın da ən çətin fəsilləri olaraq yaz və payız ayları götürülür. Çünki bu fəsillərdən biri soyuqdan istiyə, digəri istidən soyuğa keçid dövrüdür. Məhz bu fəsillərdə havanın müxtəlif xarakterli olması həm fizioloji, həm psixoloji, həm də bioloji olaraq insana öz təsirini göstərir.
Mövsümi depressiyaların qarşısımı almağın ən yaxşı yolu pozitiv düşüncələrə köklənmək və neqativ enerjini mümkün qədər uzaqlaşdırmaqdır. Əgər bioloji baxımdan hər hansı narahatlıq mövcuddursa, bu hal qabaqcadan aradan qaldırılmalı və profilaktik tədbirlər görülməlidir”.
Psixoloq Çingiz İbrahimov isə depressiyanın öhdəsindən gəlməyin ən asan yollarını açıqladı:
“Depressiya ilə ən yaxşı mübarizə üsulu onu yaradan səbəbləri aradan qaldırmaq və yaranmış maneələrdə büdrəməməkdir. İnsan hər hansı bir problemlə qarşılaşdıqda və uğursuzluğa düçar olduqda depressiyaya düşür. Bu zaman o, mənfi emosiyalara qapılır və dərhal müalicəyə baş vurur. Müalicə olunsa belə, səbəbləri aradan qaldırmaqdıca, yenidən depressiyaya düşür, lakin bu dəfə daha dərin. Müalicə yanlış seçimdir.
İnsanlar depressiyadan qurtulmaq istəyirsə, ilk olaraq onu yaradan səbəbləri axtarıb tapmalı və ona qarşı müharibə elan etməlidir. Bu situasiyada insanların qarşılaşdığı ən ağır durum özünəinamsızlıqdır. Əgər insanın öz gücünə, bacarığına inamı yoxdursa, onu başqa heç nə depressiyadan qurtara bilməz.
İnsanlar çox vaxt deprssiyaya mövsüm dəyişikliyi, hava proqonozu kimi absurd əsaslar gətirirlər. Lakin mən bunu bəhanə olaraq qəbul edirəm. Çünki problemi olmayana ilin 12 ayı bayram olur. Problemi olan isə minlərlə bəhanə uyduraraq onu həll etmək yerinə qaçmağa can atır.
Bu məsələdə insanlarımıza başlıca tövsiyyəm odur ki, ilk növbədə özünəinamı bərpa etsinlər. Çünki onları depressiya problemindən özlərindən başqa heç kim xilas edə bilməz.
İkinci növbədə isə problemlə baş-başa qalmağı, ondan qaçmamağı öyrənmək lazımdır. Çünki problemin üzərinə getmədikcə və ondan qaçmağa çalışdıqca, o, hər yerdə, hər şəraitdə insanı izləməyə, ona mane olmağa davam edəcək”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir