Bu yazını ailəsini sevən hər kəs oxusun!

Baxış sayı: 1. 087

Ailədə sevgi, səmimiyyət, qarşılıqlı hörmət çox mühüm şərtlərdəndir.
Ata, ana, qardaş, bacı, hər kəs bir-birini sevir, bir-biri üçün fədakarlıq edir. Bir damın altında yatıb-duran, eyni süfrə başına oturan doğmalar bir-birinin qayğıları ilə, problemləri ilə maraqlananda sanki onun yükünü bölüşdürür, işini yüngülləşdirir. Təbii ki, ailənin qayğısını çəkmək, hər kəsin maddi ehtiyaclarını təmin etmək ailə başçısının, valideynlərin boynuna düşür. Kişinin borcu ailə üzvlərinin ehtiyaclarını ödəmək, problemlərini həll etməkdir. Təbii ki, ailə üzvləri də reallığı nəzərə almalı, ailə başçısını həddən artıq yükləməməli, vəziyyətlə razılaşmalı, el arasında deyildiyi kimi, hər kəs ayağını yorğanına görə uzatmalıdır. Ancaq bu, heç də o demək deyil ki, evdə bütün işlər ailə başçısının, yaxud da valideynlərin boynuna düşməlidir. Ailə tam olanda, bütöv olanda, yumruq kimi bir olanda daha güclü, daha mehriban olur. Yəni, ailədə hər kəsin müəyyən hüquqları olduğu kimi, müəyyən vəzifələri də olmalıdır. Övladlar belə öz vəzifələrini bilməli və yerinə yetirməlidirlər.

***

Təcrübəli bir pedaqoq danışır ki, evdə beş yaşlı nəvəsinə işıqları söndürmək vəzifəsi verir və hətta bunun üçün ona ayda 1 manat maaş da ayırır. Və nəvə harada lazımsız yanan işıq görsə, gedib söndürür. Əgər öz işini yaxşı yerinə yetirə bilməsə, babası ona xəbərdarlıq edir. Ancaq bu vaxta qədər “gənc elektrik” öz işində cəmi bir dəfə “səhlənkarlığa” yol verib və onu da qısa bir müddətdə aradan qaldırıb. Bu cür hallar əslində uşaqda məsuliyyət hissinin inkişafı üçün çox gözəl bir fürsətdir.

***

Ailə, ata, ana, yaxud uşaq haqqında fikirləşəndə bircə şeyi həmişə ön planda saxlamaq lazımdır ki, bu sevgi, bu bağlılıq sona qədərdir, yəni nə vaxtsa, bu “vəzifədən istefa vermək” kimi bir anlayış yoxdur. Əsrimizin gətirdiyi ən böyük bəlalardan biri də budur ki, indi övladlar valideynlərinə baxmaq əvəzinə, xidmətçi tuturlar və elə bilirlər ki, bununla borclarını yerinə yetirmiş olurlar. Ona görə də, günümüzün mühüm tələblərindən biri məhz ailə müəssisəsinin möhkəmlənməsinə, ən əsası isə doğmalıq tellərinin inkişafına çalışmaqdır. Valideyn – övladın təmənnasız dostudur. Övlad bu həqiqətə inanandan sonra onun valideyninə qarşı soyuq davranması az qala cinayətdir.

***

Bir nəfər danışır ki, Zaqatalada çoxuşaqlı bir ailənin kirayəçisi olub. O ailənin səliqəsinə, səmimiyyətinə heyran qalıb. Diqqətini cəlb edən ən mühüm amil isə o olub ki, ailənin başçısı axşam işdən evə qayıdanda uşaqların hamısı gün ərzində nə etdikləri barədə ona hesabat vermək üçün növbəyə durublar. Ata kolxozda traktorçu işləyirmiş. Axşam yorğun-arğın evə gəlib mütəkkəyə dirsəklənər, çay içə-içə övladlarının işləri ilə tanış olarmış. O ailədə heç kim işsiz deyilmiş. Ailənin 3 yaşlı sonbeşik qızı da anbardan kiçik odunları ətəyinə yığıb samovarın yanına daşıyarmış. İşini qurtarandan sonra anasının növbəti tapşırıqlarını gözləyərmiş. Ailənin nə az-nə çox, düz 10 uşağı var imiş. Hər biri də gün boyu nə edəcəyini axşamdan öyrənirmiş. Yəni, valideynlər sabahkı işləri planlaşdırıb onları yaşına, gücünə görə uşaqlar arasında bölərlərmiş. Kirayəçinin dediyinə görə, sonralar o ailədəki uşaqlar hamısı böyüyüb ədəbli, ərkanlı (həm də zəhmətkeş) adamlar oldular.

***

Məsələ təkcə problemlərin həllində deyil. Çünki kiçik problemlərin düzgün həlli böyük problemlərin də düzgün həllinə qapı açır. Belə ki, ailənin qarşısında duran ən böyük vəzifə ədəbli, ərkanlı övladlar yetişdirməkdir. Bunun da yolu qayğıdan, hörmətdən keçir. Yəni, böyük kiçiyə qayğı göstərdiyi kimi, kiçik də böyüyə ehtiram bəsləməlidir. “Sevginin qidası sevgidir” deyiblər. Yəni, valideyn övladı sevdikcə övlad da o sevgiyə layiq olmağa, sevildiyi qədər sevməyə can atar.

***

Kənddə tənha bir qarı var idi. Yaşı doxsanı keçsə də, beli bükülsə də, hər işinə özü əl atar, heç kimə ağız açmazdı. Qarı üç övlad doğub böyütmüşdü. Üçü də uzaq bir şəhərdə yaşayırdı. İllərlə ata evinin qapısını açmazdılar. Cavan yaşından həyat yoldaşını itirmiş, evinin həm kişisi, həm də xanımı olmuşdu. Ancaq övladlarının gözünə kədər buludu qondurmayan ana yaşının doxsanında tək-tənha qalmışdı. Bir dəfə qonum-qonşu yığışdılar və qarını o ki var töhmət elədilər. Sonra da: “Sən zəhmət çəkib bala böyütmüsən, iki oğlan, bir qız yetişdirmisən. Bu kənddə ər-arvadın övlada verə bilmədiyini sən təkbaşına vermisən. Üstəlik, hər birini ev-eşik sahibi eləmisən. İndi çağır onları və de ki, südüm sizə haram olsun”. Ana da deyilənlərə sakitcə qulaq asdı və onlara belə dedi: “Mənim onlara verdiyim südü mənə Allah vermişdi. Mən Allahın mənə verdiyini onlardan əsirgəyə bilməzdim. Bir də ki, mən heç kimi özümə borclu bilmirəm. Özüm də hər işdə bircə Allahıma borcluyam. Allah mənə övlad verəndə boynuma analıq borcu da qoydu. Mən də Allahım qarşısında öz borcumu yerinə yetirməyə çalışdım. Nə qədər yerinə yetirə bildim, onu bir Allah bilir. Mən heç kimdən bir şey ummuram. Umduğum bircə odur ki, Allahım məndən razı olsun. O ki qaldı övladlarıma, əlbəttə ki, ürəyim sızlayır. Ancaq ona görə yox ki, bu yaşımda məni itirib-axtarmırlar. Ona görə ki, mən südümü halal etsəm belə, onlar sabah Allah qarşısında cavab verəcəklər”…

***

Ailə bir komandadır, bir-birini sevənlərin, bir-biri üçün hər cür məhrumiyyətə, hər cür ağrı-acıya hazır olanların komandası. Ailə üzvlərini bir-birinə bağlayan sevgi telləri o ailənin xoşbəxtliyinin ən mühüm faktorudur. Evdən çıxanda arxasınca çıxıb əl eləmək, evə gələndə qabağına yüyürüb “Xoş gəldin” demək, bir-biri üçün darıxmaq, bir-biri üçün burnunun ucu göynəmək… hansını sayaq, hansını deyək, hamısı bir-birindən həyəcanlı, hamısı bir-birindən şirin. Birinin başı ağrıyanda o birilərin dörd tərəfini kəsdirdiyi komanda, biri yıxılanda o birilərin hər iki qolundan yapışdığı komanda, təmənna ummadan hər cür zəhmətə qatlaşanların komandası, əvəz gözləmədən hər cür fədakarlığa dözənlərin komandası. Ailəniz sevgi yuvasına dönsün, Allah sevgisini üzərinizdən əskik etməsin…




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir