Nermine  Abbasova

“Bunlar əzələ ağrısını daha da ağırlaşdırır”

Baxış sayı: 450

Əzələ ağrılarından şikayətlənən insanlar adətən ilk vaxtlar təsadüfi ağrıkəsicilər və əzələyumşaldıcı dərmanlar qəbul edərlər. Halbuki müxtəlif xəstəliklərin səbəb olduğu əzələ ağrılarında yanlışlıqla əzələ yumuşaldıcı dərmanların istifadəsi problemin artmasına səbəb ola bilər.

Mövzuyla bağlı oxucularımızı məlumatlandıran MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, ailə həkimi, terapevt Nərminə Abbasova bildirdi ki, burada ən vacibi əzələ ağrılarının səbəbini müəyyən etməkdir. Müalicə də buna görə təyin edilməlidir:

“Əzələ ağrısı əzələdə ağırlıq hissi, həssaslıq, sərtlik, hərəkətsizlik, spazma, ağrı ilə müşahidə olunan tutulmalar, göynəmə olaraq özünü güstərir. Əzələ ağrıları xəstənin yuxusunu pozmaz. Çünki bu ağrılar hərəkət zamanı başlayır və artır. İnfeksiya və maye toplanması zamanı isə bu ağrılar istirahət zamanı da davam edir”.

 

Həkim-terapevt qeyd etdi ki, əzələ ağrısının ən sıx bilinən səbəbləri əzələnin gücə salınması və gərilməsi, onurğa problemləri (bel və boyun yırtıqları, sürüşmə, kirəcləşmə səbəbi ilə olan sinir sıxılmaları), fibromiyalji, influenza (qrip), lyme xəstəliyi (gənə dişləməsi), dərmanlar, xüsusilə statinlər, kolestreol salıcı dərmanlar, miyofasiyal ağrı sindromu və revmatik xəstəliklərdir:

“Rabdomiyoliz, əzələ liflərinin qoparaq qan dövranına girişi ilə xarakterizə olaraq həyati təhlükə yaradan bir vəziyyətdir. Bəzən statin dərmanlarından istifadənın əks-təsiri olaraq da ortaya çıxa bilir.

Əzələ spazması qəfil başlayan ağrılı əzələ sıxılmalarıdır. Daha çox baldır əzələlərində izlənir. Bu spazmalar əzələiçi maye və elektrolit itkisi, əzələlərdə toksik maddə toplanması nəticəsində və ya qan dövranı pozuqluqlarında meydana gələ bilər.

Əzələ spazmaları daha çox bel və boyun yırtıqları zamanı müşahidə olunur. Xəstələr ağrının yerini müəyyən etməkdə çətinlik çəkirlər. Bu səbəbdən digər toxumalardan qaynaqlanan ağrıları da təsbit etməyə bilərlər. Məsələn, omba ağrısı bud sümüyü əzələlərinə yayıla bilər”.

Əzələ ağrısından əziyyət çəkənləri bir sual maraqlandırır – nə zaman mütləq həkim müayinəsindən keçmək lazımdır?

Nərminə xanım deyir ki, stress, gücəsalma, yanlış idman hərəkətləri və ya məşqlərdən qaynaqlanan əzələ ağrıları ümumiyyətlə evdə tətbiq oluna müalicələrlə aradan qaldırıla bilir:

“Ağır zədə və ya başqa xəstəlik səbəbi ilə yaranan əzələ ağrıları isə ümumiyyətlə ciddi müalicə tələb edir. Uzun müddət edilən məşqlər əzələ ağrılarına yol aça bilir. Özəlliklə müəyyən yaşdan sonra başlanılan, xüsusi təyin edilməyən məşqlərdən sonra əzələ ağrıları meydana gələ bilər. Pilates kimi əzələləri gərən məşqlər adamda onurğa və ya oynaq problemi varsa və ya əzələ quruluşuna görə edilməmişsə, əzələ və oynaq problemləri meydana gətirə, əzələ ağrısı meydana gəlincə edilən masaj isə əzələ içində şiş yarandığı təqdirdə zərər verə bilər”.

 

Həkim deyir ki, erkən dövrdə səhv edilən müdaxilələr ciddi əzələ problemləri meydana gətirə bilər, hansı ki, yaxşılaşması aylarla uzanar:

“Əzələ zorlanması zamanı ilk 48 saat həkimin məsləhəti ilə müəyyən hərəkətlər tətbiq edilməlidir. Məsələn, istirahət lazımdır, gündə üç dəfə 15, 20 dəqiqə ağrılı sahəyə buz qoyulmalıdır, meydana gələ biləcək şişi azaltmaq üçün ayaq və ya qolda zorlama olmuşsa, yüksək bir yerdə saxlamaq lazımdır. Əzələ ağrısı getdikcə artırsa, bir həftədən daha uzun müddətə davam edir və ağrılı əzələ ətrafında qızartı, şişkinlik kimi infeksiya əlamətləri varsa, mütləq həkimə müraciət etmək lazımdır”.

Nərminə xanım bildirdi ki, əzələ ağrıları ilə birlikdə nəfəsalma çətinliyi, ya da baş gicəllənməsi, əzələ gücsüzlüyü, yüksək atəş və boyun sərtliyi varsa, həmən təcili yardıma müraciət edilməlidir.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir