Kubra Meherremova

Bütün kənd bilməlidir ki, sənin qızını bu gecə əri… – KUBRA MƏHƏRRƏMOVA YAZIR

Baxış sayı: 264

Ötən ayın sonuncu günü Zaqatalada 17 yaşlı qız intihar etdi. Rəsmi olaraq intiharın səbəblərinin məlum olmadığı deyilsə də, səbəb sevgi imiş. Sevdiyi var imiş, valideynləri deyib ki, ali məktəbi bitirsin, evlənərsiniz. Amma sonra başqası ilə nişanlayıblar. Qızcığaz da çıxış yolunu intiharda görüb, asıb özünü. Meyitini tövlədə tapıblar. Düşünəndə ki, balaca qızcığaz özünü necə asıb, kəndiri boynuna necə keçirib, necə son gücünü toplayaraq ayağının altındakını kənara itələyib, məni dəhşət bürüyür…

Son anda bəlkə də peşman olub, xilas olmaq istəyib. Bəlkə anasını-atasını köməyə çağırıb, bəlkə də beynindəki son kəlmə sevgilisinin adı olub. Bilmirəm… Amma daha bir can axmaq və gic cəmiyyətin qurbanı oldu.

Yəqin indi valideynləri rahatdır. Niyə belə düşünürəm, çünki bizim mentallitet üçün əsas odur ki, qız övladı qız uşağı kimi ər evinə getsin, vəssalam. Sevir, sevmir dəxili yoxdur. Əsas odur ki, gecə güllə açılmalıdır. Bütün kənd də xəbəri bilməlidir. Hə, bütün kənd bilməlidir ki, sənin qızını bu gecə əri, ardını özünüz bildiniz. Bu nə düşüncədir? Bu nə biabırçılıqdır? İntim münasibətləri xonçaya qoyub hamıya göstərmək hansı parlaq zəkanın məhsuludur, bilmirəm. Hələ də bundan qurtula bilmirik. Ya da istəmirik. Qız övladının valideynə bəxş edə biləcəyi yeganə fəxarət hissi ancaq budur bəyəm? Ərə getsin, uşaq doğsun? Niyə, fəxr etməyə başqa səbələr yoxdur?

Gülərin videosuna baxdım. Balaca qız, sarışın və gözəl. Mahnı oxuyur, ağlaya-ağlaya. A kişi, bu fani dünyada dəyərmi övladının qəlbini belə məhv etməyə? Uşaqdır axı. İlk sevgisidir. Kordur, şikəstdir, axmaqdır, hər nədir, sevir axı… Bəlkə də üç aya, beş günə unudacaqdı sevdiyini. Bir az səbirli davranmaq olmazdımı?

intihar

Gülər kimi nə qədər qız özünü asır, kəsir, yandırır bizə dərs olmur ki, olmur. Hamı da Allahdan qorxur, pir-məscid gəzir, beş dəfə namaz qılır. Amma heç kim düşünmür ki, 17 yaşlı uşağı belə sındırmaq olmaz. 124 min peyğəmbər bizi adam edə bilmədi, Gülər də edə bilməz. Nə deyim, gözəl qız, yəqin ki, gəlinlik sənə çox yaraşaqdı. Gözlərin də işıldayardı sevdiyinin yanında olsaydın. Ürəyin də gülərdi. Nə xəyallar qurmuşdunsa, bağışla. Çünki ən azı bir cəmiyyət olaraq o qədər cılız və murdarıq ki, səninkimiləri müdafiə edə bilmirik. Bir yerimiz çatmır ki, dost kimi, rəfiqə kimi valideynlərin qarşısına keçib yetkinlik yaşına çatmamış qızlarımıza yiyə duraq. Nə hüquqi müstəvidə, nə də mənəvi. Çünki kənd-kəsək qalxıb deyəcək ki, get, rədd ol, xalxın uşağını pis yola çəkmə. Qız onundur, özü bilər. Axı qız övladı əşyadır. Ailə özü bilər kimin evinə bəxşiş göndərər.

İndi, qoy, doyunca ağlasınlar. Hamımız ağlayaq günümüzə. Gör övladlarımızı nəyə görə itiririk. Öz şəxsi ambisiyalarımıza görə… Kül bizim başımıza!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir