valideyn

Cəzanın insan tərbiyəsindəki fəsadları

Baxış sayı: 341

Bir çox valideynlər uşaqlarının davranış pozuntularının qarşısını almaq üçün ən çox istifadə etdikləri üsullardan biri də cəzadır. Ancaq onlar cəzanın uşaqlarda iz qoyduğu təsirlərdən xəbərsizdirlər… Çünki cəza insan tərbiyəsində deyil, heyvan tərbiyəsində aparılan bir vasitədir. Cəza insan tərbiyəsində istifadə olunmazdı, insan vicdanı ilə tərbiyə olunmalıdır. Deməli, vicdan insan tərbiyəsinin bir ünsürüdür. İnsan tərbiyə edərkən onu döyə-döyə çarəsizləşdirmək əvəzinə onun buzlaşmış qəlbinə sevgi yanaşaraq o buzu əritmək lazım gəlir… Döyərək, söyərək kim tərbiyə oluna bilərki? Əgər o insandırsa… Əgər o insan sizin uşağınızdırsa… Əgər o uşaqla bərabər öz “kiçik dünyanızı” quracaqsınızsa…

valideyn

Cəzanın yalnız heyvan tərbiyəsində istifadə olunmasına aid bir kiçik hekayəyə nəzər salaq: Bir qadın yol ilə gedərkən görür ki, bir kişi ayıya tütək çalan kimi ayı oynamağa başlayır. Qadın buna təəccüblənib ayı tərbiyəçisinə yaxınlaşıb soruşur ki, mən bir uşağı tərbiyə etməkdə aciz imişkən sən bir ayıya bunu necə öyrədirsən. Ayı tərbiyəçisi deyir ki, sən iki həftə uşağını mənim yanıma gətir mən onu düzəltmiş halda sənə təhvil verəcəm. Qadın uşağını ayı tərbiyəçisindən təhvil aldıqdan sonra görür ki, həqiqətən də uşağı tamamilə dəyişib. Otur deyən kimi oturur, dur deyən kimi durur, bir sözlə, əmrlərə tabe olan bir uşaq olur. Qadın buna çox sevinir. Ancaq bir neçə il keçəndən sonra məktəbdəki müəllimlərdən şikayətlər gəlir ki, bu uşaq sinifdəki digər uşaqların əşyalarını oğurlayır, onlara şiddət göstərir, uşağın ruhunda heyvani hisslər formalaşıb. Qadın müəllimlərə deyir ki, mən bu uşağı tərbiyə etmək üçün nələr etdim, hətta ayı tərbiyəçisinin yanına göndərdim. Ayı tərbiyəçisinin adını eşidən kimi müəllimin gözləri bərəlir və deyir: Heyvanı tərbiyə edən şəxsə uşağını necə əmanət etmisən? Sən heç bilirsən onlar ayını necə tərbiyə edirlər? Ayını tərbiyə edərkən o, əvvəlcə ayını qəfəsin içinə salır, sonra qəfəsin altından od yandırır. Ayının ayaqları yanan vəziyyətdə o tütək çalır. Əvvəlcə ayının ön ayaqları yanır deyə o, arxa ayaqları üstə dayanır, arxa ayaqları da yandığı üçün ayı fəryad ilə hoppanmağa başlayır. Bu tütək səsi də ayıda refleks halını alır. Nə vaxt tütək səsi eşitsə, ayaqları yanar qorxusu ilə o, əvvəlcə arxa ayağı üstdə dayanır sonra isə hoppanmağa başlayar. Ey qadın, sənin küçədə gördüyün ayı zöqlə oynayan bir ayı deyildir. Acı ilə fəryad, qorxu ilə oynayan bir ayıdır…

valideyn

Bəzi valideynlər də ayı tərbiyəçisinin istifadə etdiyi üsulla uşaqlarını tərbiyə edirlər. İncidərək, istəmədiyi bir işi ona məcbur gördürərək, qorxudaraq, vuraraq, hədəliyərək…. Əziz valideynlər, bunlar insan tərbiyəsində istifadə olunan bir metod deyildir…

Uşağınız fiziki və mənəvi cəzalar ala-ala ruhları elə korlanır ki, başqalarına da cəza verməyi öyrənirlər. Və ilk cəza verəcəyi şəxs valideynləridirsə… İnanın sizin ona verdiyiniz cəza onun sizə verəcəyi cəzadan daha çox ağır olacaqdır. Hələ ki 18-20 yaşlarına gəlsin… Sizi cəzalandırmağı ağlına qoyubsa… Sizin güclü, qüvvətli olduğunuz vaxtda uşağınıza nə münasibət göstərmisinizsə uşağınız da güc, qüvvəsini əldə etdiyində sizə onun bənzərini göstərəcəkdir… Sizin illərlə ona öyrətdiyiniz cəza üsulları sizə geri qayıdanda bunun əzabını artıqlaması ilə çəkəcəksiniz…

Deməli, əziz valideynlərimiz, nə əkiriksə, onu da biçmiş oluruq…

 

Əminə İsrafilzadə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir