SANTAJ

Çılpaq şəkillərlə şantaj edilən qadınlar – OLMUŞ ƏHVALATLAR

Baxış sayı: 246

“İlk daşı günahı olmayan atsın”. Çılpaq qızların videosunu sosial şəbəkələrdə yayan adamın qardaşı baş verənlərə belə münasibət bildirib. Deyəsən, bu adam nə baş verdiyinin fərqində deyil. Görünür o elə hesab edir ki, belə videolar çəkib yayanların sayı kifayət qədərdir.

Fərqində deyil ki, bu adi bir səhv deyil, onun və onun kimilərin düşünmədən atdığı addımlar neçə-neçə ailəni məhv edib, insanları intihara sürükləyib.

Belə adamların mövcudluğuna, ümumiyyətlə, inanmaq istəməzdim.

Amma təəssüf ki tək-tək hallarda da olsa qarşımıza çıxır, ürək bulandırır, mənəvi zərbə vururlar.

Psixikası zəif insanlara belə görüntülər daha ağır təsir edir, uzun müddət həzm etmək olmur.

Tutaq ki, əylənmək hər bir insanın təbii haqqıdır. Hesab edək ki, bir neçə adam bir yerə yığışıb əyləniblər. Oyun oynayıblar.

Adamların şəxsi əyləncəsi üçün etdiyi işləri onların öz ixtiyarına buraxırıq.

Amma ta o vaxtacan ki, bu videolar bir neçə adamın özgürlük dairəsindən çıxıb ətrafa sızmasın. Əgər bu oyunlar ətraf əraziləri öz ağuşuna alırsa, məsələ ictimailəşirsə, onda ictimaiyyətin reaksiyasına dözümlü olmaq lazımdır.

“Hamının günahı var”, deyib məsuliyyətdən yaxa qurtarmaq mümkün deyil.

Bu cür oyunlar qanunla qadağan edilməyib, amma mənəvi qanunların cəzası daha ağırdır. Cəmiyyət dışlayır, ata infarkt olur, ana dərdə düşür, qardaş gözükölgəli gəzir, bacının üzünə elin qapıları bağlanır. Qohumlar kənar gəzir, qonşular üz çevirir.

Bir ailə üçün bundan böyük faciə ola bilərmi?

Bizim cəmiyyətdə bu, az qala ölüm hökmünə bərabərdir.

Hərə öz ədalət çərçivəsində mühakimə yürüdür. Kimi suçlayır, kimi ittiham edir, kimi sadəcə əylənir.

Əslində pərdə arxasında çox şeylər gizli qalıb. Kadrda qalansa başlarına gələcəklərdən xəbərsiz üç qızın donub qalmış gülüşləridir. Və heç nəyə baxmayaraq, bu, çox kədərlidir.

Çılpaq videosu yayılan həmin qızlardan birinin bu günlərdə qadınlar haqqında yazdığı statusu oxudum. Doğrusu, statusun yazılma səbəbini və məramını anlaya bilmədim. Qalmaqallı videonun qəhrəmanı təxminən qadınların azadlığını məhdudlaşdıran nəsnələrdən və s. yazıb. Son cümlələrdə isə qadın üçün sədaqətin və ailənin önəmli olduğunu qeyd edib. Yəqin ki qadın olmağın əslində nə demək olduğunu az yaşda böyük təcrübəyə baxmayaraq, indi öyrənib.

Əsas olan həyatdan dərs çıxara bilməkdir.

Həmin videonu yayanlar isə heç nə olmamış kimi normal həyata davam edir, toylarda əylənir, selfi çəkərək şənlənirlər. Demək ki ictimai qınaq bu adamlara yetərincə təsir etməyib. Ya da bu adamlar bütün insani hisslərini unudublar. Əgər bu adamlarda insani hisslər mövcud deyilsə, onda başqa məsələ. Hər kəs öz mahiyyətinə görə əylənir.

İnternet asan yolla pul qazanmaq istəyənlər üçün vasitəyə çevrilib. Xüsusilə hakerlər üçün bu su içmək qədər asandır. Çılpaq videoları yayılan qızlar ilk və son qurbanlar deyil.

Qəhrəmanımızı şərti olaraq Səbinə adlandıraq. Xarici şirkətlərin birində işləyir. İşinə yetərincə məsuliyyətli olan qadındır. Gərgin iş günündən sonra stressini çıxarmaq üçün internet çatlarının birində tanımadığı bir adamla söhbətləşir. Əyləncə niyyətilə bir-birlərinə çılpaq fotolarını göndərirlər. Səbinə arxayın idi ki, adam onsuz da onu tanımır, koordinatlarını bilmir, həm də göndərdiyi fotolarda üzü düşməmişdi. Kontakt bununla bitir.

Bir neçə gündən sonra həmin adam Səbinəyə  bütün şəbəkələrdən yazır. İstədiyi məbləği Səbinənin verməyəcəyi təqdirdə əlindəki fotoları onun işlədiyi şirkətin saytına yerləşdirəcəyini deyir.

Səbinə bunu hansısa psixopatın sayıqlaması hesab edir. Amma sabahısı gün müdir onu otağına çağıranda məsələnin ciddiliyini anlayır. Fotolar hansısa haker tərəfindən şirkətin saytına yerləşdirilmişdi. Fotoların birində isə Səbinənin üzü aydın görünürdü.

Səbinə təəccüblənir. Axı haker onu hansı vasitə ilə tapa bilərdi? Çoxumuz xəbərsizik ki, koordinatlarını bilmədiyimiz adamları aşkara çıxaran proqramlar var. Fotoyla belə hər hansı bir adamı milyonların arasından tapıb ortaya çıxarmaq mümkündür.

Səbinə işdən qovulmasa da, şirkətdəki imicinə xələl gəlir. Yəqin ki, karyerasında irəliləyiş də yaxın vaxtlara təsadüf etməyəcək.

Başqa bir şantaj qurbanı yeniyetmə bir qızdır. O isə elektron çatda kişiylə deyil, qadınla danışdığını güman edibmiş. “Qadın” hansı psixoloji vasitələrdən istifadə edibsə, yeniyetmə qızı açıq-saçıq fotolarını ona göndərməyə razı salıb. Sonra isə bu fotoları onun ailəsinə göstərəcəyi ilə qorxudub. Bu əhvalat mənə “Qırmızıpapaq” nağılını xatırlatdı. Təəssüf ki, gerçəkdə yaşanan nağıllar çox idbardır.

Başqa bir şantaj qurbanı (şərtil olaraq adı Gülnar olsun) parolunu öz əliylə təslim edib. Belə ki, haker gənc qızın rəfiqəsinin profilini ələ keçirib, amma maraqlı materiallar tapmadığından qızın rəfiqələrinin profillərinə nəzər salıb. Gülnar gözəgəlimliliyi ilə diqqətini cəlb edib.

“Rəfiqəmdən mesaj gəldi ki, öz profilimin parolunu verim. Dedi ki, onu bloka salmış bir nəfəri mənim profilimdən təqib edəcək. Ağlıma pis fikir gəlmədi. Belə ki, daha əvvəllər hakerlərlə bağlı belə bir hadisə ilə qarşılaşmamışdım”.

Gülnarın paroluyla onun profilinə daxil olan haker külli-ixtiyar sahibinə çevrilir. Qızın başqa adamlarla gizli yazışmalarını ana səhifədə yayımlayıb onu rüsvay edəcəyi ilə hədələyir. Pul tələb edir.

“Biz adətən bu işi 5 minə görürük. Sənin üçün 3 minə edərik”.

Belə çıxır, şantajçıların “stavkaları” da var.

Gülnar heç bir halda şantajçıya pul verilməməsini tövsiyə edir. “Bir dəfə pul ödəyəndən sonra artıq onlardan qurtulmaq mümkün deyil. Çünki harda balıq ovlayacaqlarını artıq yaxşı bilirlər”.

Gülnar ən doğru variantı seçib – hüquq-mühafizə orqanlarına müraciət edib. Rəfiqələriylə danışanda isə ümumi paroldan istifadə daha yaxşıdır. Artıq Gülnarın ünvanına gələn məktublara etibarı yoxdur.

Başqa bir qəhrəmanımız kompüterini təmir etdirərkən belə bir situasiya ilə üzləşib. Kompüterini servis xidmətinə aparan Aynura təmirin bir gün çəkəcəyini deyiblər. Səhərisi gün kompüterini təmirdən götürən qız heç bir şübhəli situasiya ilə üzləşməyib. Amma evdə kompüteri işə salan kimi bir adam hansısa şəbəkə üzərindən onunla əlaqə saxlayaraq gizli faylların onun əlində olduğunu, tələbləri ödənməyəcəyi təqdirdə onları üzə çıxaracağını deyib.

Məlum olub ki, haker Aynurun kompüter saxlancında olan ən məxfi faylları da ələ keçirib. Bütün sirli yazışmalar və s. də ona məlumdur. Həmin yazışmaların üzə çıxma ehtimalı qızı dəhşətə gətirir:

“Əmin idim ki, bu yazışmalar mənim nəzarətim altındadır və məndən qeyri heç kim bu fayllara toxuna bilməz. Ona görə o faylları silməyib saxlayırdım”.

Aynur servisə gedib məsələyə aydınlıq gətirməyə cəhd edir, amma proqramçılar qəti şəkildə bu məsələnin onlarla heç bir əlaqəsinin olmadığını bildirirlər. “Çox güman ki, kompüterə yenidən virus düşüb, istəyirsiniz gətirin bir də baxaq, ancaq belə kömək edə bilərik”.

Aynur kompüterini ikinci dəfə servis xidmətinə aparmağa risk etmir. Axşam kompüterinə gizli faylların surəti gəlir. Şantajçı işin ciddiyyətini xatırlatmaq istəyirdi. Bir neçə günlük gərginlikdən sonra Aynur pulu verməkdən başqa çıxış yolunun olmadığını düşünür.

“Əsəblərim son həddə idi və artıq gücüm qalmamışdı”.

Amma şantajçı ortadan qeyb olur. Mesajlar da kəsilir. Aynur elə zənn edir ki, bu da şantajçının bir planıdır, amma aradan uzun müddət keçəndən sonra təhlükənin sovuşduğuna əmin olur.

Çox güman ki, kompüter servis xidmətində araşdırma aparıb hakeri ifşa etmişdilər. Heç bir servis dələduzlarla çalışmaq istəməz.

Başına gələn başmaqçı olar. Hakerlə üzləşən qız indi kompüterindəki fayllara ehtiyatla yanaşır. Öz yaddaşına daha çox güvənir.

Bədbəxtlikdən, ya xoşbəxtlikdən yaddaş heç nəyi, o cümlədən kiçikli-böyüklü günahları unutmur.

Amma insan yaddaşından fərqli olaraq texnikaya həmişə müdaxilə etmək olar… (“Kulis.az”)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir