" /> Cinayət törətmiş uşaqları həbsxanada tərbiyə etməli, yoxsa? | Gənc Ailə
hebsxana

Cinayət törətmiş uşaqları həbsxanada tərbiyə etməli, yoxsa?

Baxış sayı: 187

BMT-nin araşdırmalarına görə, dünyada azadlıqdan məhrum edilən uşaqların sayı 7 milyona yaxındır. “Azadlıqdan məhrum edilmiş uşaqlara dair qlobal BMT araşdırması” adlı hesabatda dünyada hər il 410 min həddi-buluğa çatmamış şəxsin həbs olunduğu, bir milyon uşağın isə polis tərəfindən saxlandığı qeyd edilib. Avstriyalı insan haqları eksperti Manfred Novakın rəhbərliyi ilə hazırlanmış hesabat Dünya Uşaq Hüquqları və Konvensiyası Günü münasibətilə dərc olunub. Hesabatın təqdimatı zamanı bildirilib ki, dünyada həbsxana və istintaq təcridxanalarında saxlanılan ən çox uşaq və yeniyetmə ABŞ-da qeydə alınıb. Bu ölkədə hər yüz min sakinə 60 həbsdə yatan uşaq düşür. Eləcə də, Cənubi Amerika ölkələrində bu göstərici yuxarıdır. Qərbi Avropa ölkələrində isə həmin göstərici beş uşağa bərabərdir. Manfred Novak bildirib ki, uşaqların azadlıqdan məhrum edilməsi onların gələcək həyatları üçün ciddi fəsadlara yol açır. Belə ki, həbsdəki uşaqlar arasında psixi xəstəliklər, azadlıqda olan uşaqlardan on dəfə çoxdur. Həmçinin dəmir barmaqlıqlar arxasına düşmüş uşaqların ömrü də qısa olur. Hesabatın müəllifləri uşaqların saxlanma şəraiti ilə bağlı dünya ölkələrinə tövsiyələr də veriblər. Bildirilib ki, cinayət məsuliyyətinə cəlbedilmə üçün yaş həddi ən aşağısı 14 olmalıdır. Lakin dünyanın bəzi ölkələrində bu hədd hətta 7-dən başlayır. Bundan başqa, valideynlərinin yanında həbsxanada böyüyən uşaqlar üçün alternativ saxlanma müəssisələri yaradılmalı, qeyri-qanuni miqrasiya çərçivəsində uşaqların readmissiya üçün həbsi aradan qaldırılmalı, silahlı münaqişələrə cəlb olunmuş uşaqlar cinayətkar deyil, qurban kimi dəyərləndirilməlidir.

M.Novak, həmçinin bildirib ki, uşaqlar şəxsi azadlığa dair fundamental hüquqa malikdirlər. Ona görə də, dünya ölkələri həbsə aparıb çıxarmayan alternativlər və yeni çıxış yolları axtarmalıdırlar.

Uşaqlarla bağlı qeyd edilən bu faktlar üzücüdür. Dünyanın ən məsumları sayılan uşaqların cinayətkar qismində həbs olunmaları, müxtəlif səbəblər ucbatından azadlıqdan mərhum edilmələri insanın ürəyini ağrıdır. Maraqlıdır, ölkəmizdə vəziyyət necədir, hansı yaşlarda törədilən cinayətlərə görə uşaqlar həbs edilir? Uşağın yaşı azdırsa, bu zaman hansı tədbirlər görülür? Ümumiyyətlə, cinayət törətmiş uşaqlarla hansı işlər görülür?

 

Vəkil Ceyhun Cəfərlinin sözlərinə görə, uşaqların azadlıqdan məhrum edilməsi konkret olaraq cinayətin ağırlıq dərəcəsindən asılıdır: “Çünki qanunda da göstərilir ki, cinayət törətmiş subyekt müəyyən yaş həddinə çatmış olmalıdır. Azərbaycan Respublikası Cinayət məcəlləsinin 19-cu maddəsi ilə göstərilən yaş həddinə çatmış və cinayət törətmiş şəxs cinayət məsuliyyətinə cəlb edilir. Bu zaman sual olunur ki, yaş həddi nə qədərdir? Cinayət məcəlləsinin 20-ci maddəsinə görə, cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddi 16-dır.  Amma 14 yaşı tamam olmuş şəxs yalnız qəsdən adamöldürməyə, qəsdən sağlamlığa az ağır və ya ağır zərər vurmağa, adam oğurlamağa, terrorçuluğa, insanları girov götürməyə, ağırlaşdırıcı hallarda xuliqanlığa, odlu silahdan istifadəyə və s. bu kimi hallara görə cinayət məsuliyyətinə cəlb oluna bilər. Lakin sadalananları törədən şəxs 14 yaşını tamamlamayıbsa, bu halda onun barəsində qanunvericiliklə nəzərdə tutulmuş müəyyən tədbirlər görülür. Bu da cinayət məcəlləsinin 20-ci maddəsinin 3-cü bəndində göstərilir. Ən ağır cəza ömürlük azadlıqdan məhrumetmədir ki, bu, yetkinlik yaşına çatmayanlara tətbiq edilmir”.

Həmsöhbətimiz bildirdi ki, cinayət törətmiş şəxsin yaşı 14-dən aşağıdırsa, bu zaman ona məcburi tərbiyəvi xarakterli tədbirlər görülür: “Məsələn, xüsusi tərbiyə müəssisələrinə yerləşdirilir. Amma bir məsələ də var ki, cinayət məcəlləsində azyaşlıların azadlıqdan məhrum edilməməyi ilə bağlı xüsusi göstəriş var. Yəni uşaqları müəyyən islahedici müəssisələrə yerləşdirirlər. Cinayət məcəlləmiz uşaqlara münasibətdə humanist mövqedədir. Əlbəttə, bu, gələcəkdə daha da təkmilləşdiriləcək”.

 

“Ümidli gələcək” sosial təşəbbüslər ictimai birliyinin icraçı direktoru Kəmalə Aşımova qeyd edir ki, ölkəmizdə uşaqların azadlıqda mərhumedilmə müddəti maksimum 10 ildir, bu isə dünya ölkələri ilə müqayisədə çoxdur: “Hazırda biz bu qanunun dəyişməsi üçün cəhd edirik, Milli Məclisə də dəfələrlə təkliflər vermişik ki, müddət azaldılsın. Çünki digər ölkələrlə müqayisədə bizdə daha yüksəkdir. Həmin ölkələrdə bu müddət 5 ildir.  Uşaq hüquqları konvensiyasından, uşaq hüquqları haqqında qanundan irəli gələrək  azadlıqdan məhrumetmə müddəti azaldılmalıdır. Həmçinin uşağın hansı şəraitdə, nədən irəli gələrək bu cinayəti işləməsi detallı araşdırılmalıdır və müddət təyin edilərkən bunlar nəzərə alınmalıdır”.

İcraçı direktor bu sahədə görülən işlərdən də danışdı: “Bir müddət əvvəl ölkəmizdə UNİCEF ilə birlikdə yuvenal ədliyyə proqramının icrasına başlamışdıq. Bu proqram çərçivəsində geniş əhatəli işlər görüldü, iki mərkəz yaradıldı, hansı ki, cinayət törətmiş və cinayət törətmə riski olan uşaqların sosial psixoloji reabilitasiyası və cəmiyyətə inteqrasiyası ilə bağlı işlər görülürdü. Bununla yanaşı respublika üzrə bütün polis idarələrində Daxili İşlər Nazirliyinin və UNİCEF-in dəstəyi ilə uşaq polis otaqları yaradılmışdı. Həmin otaqlarda polis əməkdaşları rəsmi yox, mülki formada əyləşirdilər. Bundan başqa polislərin uşaqlarla görüşündə sosial işçilər və psixoloqlar da iştirak edirdi. Yəni uşaqlar cinayət törədiblərsə belə, polislə ünsiyyətdən çəkinməsin, rahat danışsınlar deyə, bu cür şərait yaradılmışdı. Proqramı UNİCEF maliyyələşdirirdi və qısamüddətli idi. Hazırda isə həmin layihə həyata keçirilmir və heç bir dövlət qurumu da bunda maraqlı deyil. Ona görə, bu sahədə fəaliyyət göstərən mərkəzlərin işi dayanıb”.

K.Aşımova 2017-ci ildə UNİCEF-in dəstəyi ilə Ağır Cinayətlər Məhkəməsində uşaq otaqlarının yaradıldığını və yuvenal hakimlərin təyin olunduğunu qeyd etdi: “Həmin otaqda uşaq qorxmadan, çəkinmədən dindirilir və onun işinə baxan hakimlər yuvenal ədliyyə sahəsini bildikləri üçün məhkəmə zalında uşağa yanaşma fərqli olur. Lakin işin mənfi tərəfi odur ki, bu sistem, sadəcə ağır cinayətlər məhkəməsində həyata keçirilir. Biz tövsiyə etmişik, hətta bəzi təkliflərimizi də irəli sürmüşük ki, ölkəmizin digər bölgələrində də yuvenal hakimlər, məhkəmələr olsun. Çünki digər iri şəhərlərimizdə də cinayət törədən uşaq öz yaşadığı ərazi üzrə tutulub məhkəməyə cəlb edildikdə, ixtisaslaşmış kadrla münasibətdə olsun”.

Müsahibimiz azadlıqdan məhrum edilmiş uşaqlarla necə davranılmalı, onlarla hansı işlərin görülməli olduğundan da söhbət açdı: “Hazırda penitensiar xidmətin nəzdində olan uşaq tərbiyə mərkəzlərində 40-dan çox uşaq saxlanılır. Uşaqlar ora məhkəmədən yönləndirilir və əsasən ağır və orta ağır cinayətlər törətmiş azyaşlılar olur. Bu mərkəzlərə yerləşdirilən uşaqlarla individual psixoloji reabilitasiya işləri aparılmalıdır. Elə cinayət törətmiş uşaqlar var ki, onları ailələri qəbul etmir. Əsas da, onların ailə ilə əlaqələrinin qurulması istiqamətində işlər görülməlidir. Həmçinin azadlığa çıxdıqdan sonra cəmiyyətə inteqrasiya olması üçün dəstək olmalıdır. Bunun üçün isə kadrlar hazırlanmalıdır. Təəssüf ki, hazırda bu sahədə müəyyən işlər görmək üçün lazımı kadr yoxdur”.

 

Günel Azadə 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir