menzil

Dələduzların kirayə mənzil fırıldağı

Baxış sayı: 399

Son dövrlər sosial şəbəkələr üzərindən dələduzluq halları olduqca artıb.  Virtual oğruların əsas aktiv olduğu sahələrdən biri də kirayə mənzil bazarıdır.

Yeni tədris ilinin başlaması səbəbindən tələbələrin bölgələrdən geri dönüşü və tələbə adı qazananların çoxu kirayə mənzil axtarışındadır. Bu vəziyyətlə əlaqəli olaraq dələduzlar bundan sui-istifadə edirlər.

Dələduzlar müxtəlif elan saytlarında kirayə mənzil elanları yerləşdirirlər.

Süjet xətti belə gerçəkləşir: Siz elan saytından ev bəyənirsiniz və elanı qoyan şəxslə əlaqə saxlayırsınız, evi bəyəndiyinizi bildirirsiniz və elanın sahibi, yəni dələduz sizdən beh və ya bütöv kirayə haqqını istəyir ki, evi istəyən çoxdur.

Sizi inandırmaq üçün də şəxsiyyət vəsiqəsini göndərir. Əslində, təqdim etdiyi şəxsiyyət vəsiqəsi hansısa qurbanına məxsusdur. Bu və ya buna bənzər üsullarla insanlar aldadılır. Vətəndaşlardan xahiş olunur ki, ehtiyatlı olsunlar, evi görməmiş, kirayə mənzil verəni tanımamış pulu onlayn yolla ödəməsinlər.

kiraye

Qeyd edək ki, bu üsul sosial mühəndislik hücumu adlanır. Sosial mühəndislik ssenari hazırlamaq kimidir. Hazırlanacaq bu ssenarinin yalnız bir məqsədi var; sistemə daxil ola bilmək üçün kifayət qədər məlumat əldə etmək. Sosial mühəndislik hücumlarında insanların zəiflikləri, qorxuları və diqqətsizliyi çox vaxt ən böyük silah olaraq istifadə edilir. Lazımi məlumatı əldə etmək, etibarınızı qazanmaq üçün dost ola bilər və hətta görüşə bilərlər.

Mütəxəssislər bildirir ki, qanunvericilikdəki bəzi boşluqlar dələduzluğun rahat və təhlükəsiz hala gəlməsinə səbəb olur. Bu cür hallarla mübarizə aparmağın yeganə yolu isə əməliyyatları tam rəsmi və hüquqi əsaslar üzərində aparmaqdır.

Son vaxtlar belə dələduzluq hallarının geniş vüsət aldığını xatırladan əmlak eksperti Ramil Osmanlı deyir ki, mənzil kirayələmək istəyən hər bir vətəndaş mülkiyyət sahibi ilə real şəraitdə görüşməli, mütləq şəkildə mülkiyyət hüququnu təsdiq edən sənədlərlə tanış olmalı, icarəyə verən şəxslə hüquqi müstəvidə razılaşma imzalamalı, yalnız bundan sonra ödəniş etməlidir:

Ramil osmanli

“Sonradan bir problem yaşanmasın deyə mənzilə yerində baxış keçirmək lazımdır. Daha sonra isə əldə olunan bütün müqavilələrin notarial qaydada bağlanması şərtdir. Notarial qaydada bağlanan bütün müqavilələrdə mənzil sahiblərinin və kirayə götürən şəxslərin hüquqları qorunur”.

Başa düşülən haldır ki, kirayə mənzil bazarında təklif aşağıdır və insanlar ev tapmaqda çətinlik çəkirlər. Amma bu əsas vermir ki, insan görmədiyi evə görə tanımadığı bir şəxsin hansısa hesabına aylıq kirayə haqqının 25-30, bəzi hallarda hətta 50 faizini əvvəlcədən ödəsin, bu behləşməyə görə heç bir hüquqi təminat almasın. Dəfələrlə demişik ki, kirayə mənzil axtaranlar tanımadıqları, üzünü görmədikləri şəxslərin kart hesablarına əvvəlcədən hər hansı ödəniş etməsinlər. Vətəndaşlar belə məsələlərdə maksimum səviyyədə diqqətli olmalıdırlar. Əks halda, ayrı-ayrı şəxslərin dələduzluğunun qurbanı olacaqlar. Belə hallarla rastlaşan vətəndaşlar vaxtilə bizə də müraciət ediblər. Fikrimcə, bu hadisələrin araşdırılması, dələduzların ifşa olunması üçün hüquq-mühafizə orqanlarının üzərinə böyük iş düşür. Bununla belə, vətəndaşlar da belə məsələlərdə öz mənəvi-hüquqi məsuliyyətlərini anlamalıdırlar”.

 

Şeymən Bayramova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir